Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana niyə təhvil verməlidir?

A- A A+

“Karabakhspace.eu” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçisi Vasif Hüseynovun “Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana niyə təhvil verməlidir” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müəllif məqaləsində ötən ilin payızında baş verən 44 günlük müharibədən sonra ərazilərin minalardan və partlamamış digər sursatlardan təmizlənməsinin ən vacib məsələlərdən biri olaraq qaldığını vurğulayıb. Bildirib ki, Qarabağ müharibəsinin başlanmasından artıq 6 ay keçib. Bu müharibə Ermənistan ilə Azərbaycan arasında Qarabağ uğrunda 30 ildir davam edən münaqişəyə son qoydu. Nəticədə döyüş meydanında Ermənistan üzərində Qələbə qazanan Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı itirdiyi torpaqlarını işğaldan azad etdi.

Vurğulanıb ki, işğalın başa çatması bu ölkələr arasında barışıq və sülh əldə etmək üçün xüsusi əhəmiyyətə malikdir. Bir çox regional və beynəlxalq aktorlar yaranmış yeni vəziyyəti bölgədə uzunmüddətli sülh və əlverişli əməkdaşlığa şəraitə yol açacaq amil kimi qarşılayıb. Lakin bu istiqamətdə bəzi çağırışlar da var və bu çağırışların həlli hər iki ölkə üçün əhəmiyyətlidir. Qeyd olunub ki, Ermənistan və Azərbaycan hökumətlərinin regional nəqliyyat və infrastruktur layihələrində əməkdaşlığın əlverişli olmasını qəbul etməsi bu iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açmaq üçün yaxşı baza rolunu oynaya bilər.

Bildirilir ki, ilk növbədə, Ermənistanın işğal olunmuş ərazilərin minalarının xəritələrini Azərbaycana qaytarması sülh prosesinə güclü təkan verə və qarşılıqlı kompromisi təşviq edə bilər. Minalanmış ərazilərin xəritələrinin verilməməsi təkcə tərəflər arasındakı gərginliyin hələ də davam etməsinə xidmət etmir, eyni zamanda, beynəlxalq humanitar hüquqa da ziddir.

Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə indiyədək 20-yə yaxın mülki azərbaycanlı mina partlaması nəticəsində həyatını itirib, 70-dən çox insan isə yaralanıb.

Mina qurbanlarının sayının getdikcə artmasına baxmayaraq, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması və bu həssas məsələdə Azərbaycanla əməkdaşlıqdan yayınması regionda vəziyyəti daha da gərginləşdirir, iki ölkə arasında yarana biləcək əməkdaşlıq mühitinin yaranmasına da mane olur.

Müəllif qeyd edir ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən boyun qaçırır. Buna görə də Ermənistanın bu məsuliyyətsiz hərəkətləri ciddi şəkildə qınanmalıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu məsələ ilə bağlı “Twitter” hesabında etdiyi paylaşıma istinadla müəllif vurğulayır ki, Qarabağın azad edilmiş əraziləri dünyada ən çox minalanmış ərazilər arasındadır və bu, Ermənistanın Azərbaycana qarşı “mina terroru”dur.

Həmçinin bildirilib ki, minaların təmizlənməsi mürəkkəb prosesdir və bu, uzun vaxt tələb edə bilər. Bölgənin dağlıq relyefə malik olması isə prosesi daha da çətinləşdirir. Azərbaycanın aldığı beynəlxalq dəstək prosesi sürətləndirməyə kömək edir, lakin problemi lazımi müddətdə həll etmir.

Buna görə də minalanmış ərazilərin xəritələrini təhvil vermək, regional vəziyyəti daha da gərginləşdirməyi dayandırmaq, azərbaycanlılar və ermənilər arasında düşmənçilik səhifəsini çevirmək üçün misli görünməmiş tarixi şans əldə etmək Ermənistan hakimiyyəti üçün son dərəcə vacibdir. Ermənistanın Qarabağ bölgəsinin minalardan təmizlənməsi məsələsində əməkdaşlıq etməkdən başqa alternativi yoxdur. Çünki hər bir mülki şəxsin ölümü sülh təşəbbüslərinə zərbə vurur və əgər Ermənistan Azərbaycanla münasibətlərə önəm verirsə, buna diqqət yetirməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: