Ermənistan müxalifətinin parçalanması Paşinyanın imkanlarını artırır

A- A A+

Ermənistanda növbədənkənar parlament seçkilərinin yaxınlaşdığı bir vaxtda müxalif düşərgədə parçalanmaların baş verdiyi  müşahidə edilir. Bu, əsasən, keçmiş hərbi xuntaya aiddir. Sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının seçkilərə qatılmayacağı barədə xəbərlər yayıldıqdan sonra  Robert Koçaryanın  seçkilərə ciddi hazırlaşdığı məlum olub.

“Hraparak” qəzetinin xəbərinə görə, Robert Koçaryanın komandasına daxil olanlar arasında VivaCell-MTS mobil operatorunun baş direktoru Ralf Yirikyan, eks-müdafiə naziri Seyran Ohanyan, eks-baş qərargah rəisi Yura Xaçaturov, eks-baş nazir müavini Arman Qevorkyan daxildir. Sabiq prezidentin başçılıq etdiyi siyasi qüvvənin seçki siyahısında 3-cü şəxs eks-ədliyyə naziri Arpine Ovannisyan olacaq. Keçmiş baş nazir Karen Karapetyan seçkiyə qatılmasa da, Koçaryana hər cür dəstək verməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Ermənistanda parlamentdə təmsil olunan müxalif partiyalar növbədənkənar seçkilərə qatılmağa hazırdır. Lakin parlamentdən kənar müxalifət partiyalarının bu məsələdə mövqeyi haçalanıb. Məsələn, artıq məlumdur ki, Ermənistan müxalifətinin birləşdiyi “Vətənin qurtuluşu hərəkatı”nda yer alan partiyaların heç də hamısı növbədənkənar parlament seçkilərində iştirak etmək fikrində deyil. Hərəkatın lideri Vazgen Manukyan bu xüsusda bildirib: “Nikol Paşinyanın dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Mən bu seçkidə iştirak etməyəcəyəm”.

Yalnız “Vətənin qurtuluşu hərəkatı”nda yer alan “Vətən” partiyası seçkilərdə iştiraka hazır olduğunu bildirib. Bütün bunlar artıq növbədənkənar parlament seçkiləri məsələsində Ermənistan müxalifətinin parçalandığını göstərir. Bu isə Paşinyanın qələbə şansını artırır.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da rəhbərlik etdiyi Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılmayacağını elan edib. O, indiki reallıqda erkən seçkidən imtina etdiklərini vurğulayıb. Digər müxalifət təmsilçiləri də erkən seçkilərlə razılaşmayıblar. Baş nazirə qarşı çıxan müxalif fəallar Paşinyanın maksimum aprelin sonlarına qədər istefa verməsi tələbini irəli sürüblər.

Ümumiyyətlə, növbədənkənar parlament seçkilərində digər siyasi qüvvələrlə müqayisədə Paşinyanın və rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının (parlamentdə onu “Mənim addımım” fraksiyası təmsil edir) qalib gəlmək şansları daha yüksək qiymətləndirilir. Bunu Ermənistanda Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi son sorğunun nəticələri də təsdiqləyir. Sorğuya əsasən, əhalinin 33 faizi Paşinyanı dəstəkləyir. Bu göstəriciyə görə, Paşinyan rəqiblərini dəfələrlə üstələyir. Əhali tərəfindən hələ də dəstəklənən əsas siyasi qüvvə olduğunu bildiyindən Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verdiyi ehtimal edilir. Xalqdan yenidən mandat aldıqdan sonra Paşinyanın rəqiblərini sıradan çıxarmaq üçün daha radikal addımlar atacağı proqnozlaşdırılır.

Ermənistan parlamenti Seçki Məcəlləsinə təklif olunan dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, ölkədə parlament seçkiləri proporsional seçki sistemi üzrə keçiriləcək. Müvafiq dəyişikliyin lehinə 82 deputat səs verib. Partiyalar üçün 5 faiz, seçki blokları üçün 7 faiz seçki baryeri isə dəyişməyib. Baxmayaraq ki, daha əvvəl partiyalar üçün baryeri 4 faizə endirmək, ikipartiyalı blok üçün 8 faiz, üçpartiyalı blok üçün 9 faiz, dördpartiyalı blok üçün isə 10 faizədək qaldırmaq təklif olunurdu.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: