Erməni diasporu hərbi xuntaya qarşı çıxdı

A- A A+

İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində Paşinyanın və rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının qalib gəlmək ehtimalı kifayət qədər yüksəkdir. Keçmiş hərbi xunta da seçkilərə qatılacağını bəyan edib, lakin erməni mediası bildirir ki, ictimaiyyət bundan narazıdır.

Ermənistan ictimaiyyəti ilə yanaşı, ölkədəki proseslərə böyük təsir imkanlarına malik olan diaspor da keçmiş hərbi xuntanın seçkilərdə iştirakının əleyhinədir. Lakin Sarkisyan-Koçaryan koalisiyası  hansı yolla olsa belə öz maraqlarını reallaşdırmaqda israrlıdır.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da parlament seçkilərində ikinci prezident Robert Koçaryanı dəstəkləyəcəyini bildirib. S.Ohanyan deyib ki, Robertin hakimiyyəti dövründə Ermənistan daha yaxşı mövqedə idi və onun təcrübəsi indiki məqamda vacibdir.

Bütün bunların fonunda son vaxtlar erməni diasporunun keçmiş hərbi xuntaya qarşı təbliğat kampaniyasını genişləndirməsi müşahidə edilir. “4rd.am” saytı yazır ki, xaricdə yaşayan erməni iş adamları keçmiş hərbi xuntanın yenidən hakimiyyətə qayıdacağı  təqdirdə investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıblar. Nə qədər ki yenidən hakimiyyətə qayıtmaq üçün səy göstərən Serj Sarkisyan və Robert Koçaryan var, Ermənistana getməmək məsləhətdir. “Keçmiş hakimiyyət rəhbərləri daim yalan danışıblar. Biabırçı hərəkətlərinə görə hətta Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar onlardan qaçıblar. Adının çəkilməsini istəməyən iş adamlarından biri deyib ki, bizim holdinq kifayət qədər pul xərclədi, üç dəfə Ermənistana getdik, biznes planları hazırladıq, tenderdə iştirak etdik, 10 minlərlə avro sərf etdik, 2017-ci ilin yanvarında bütün materialları tenderə təqdim etdik, lakin bizi aldatdılar. Biz artıq onlara inanmırıq və diasporda da belə fikir formalaşıb ki, seçkilərdə namizəd olsalar belə nə qədər ki Sarkisyan və Koçaryan var, Ermənistana getmək lazım deyil”.

Ermənistanda bütün nəzərlər növbədənkənar seçkilərə yönəldiyindən sosial-iqtisadi sfera tam unudulub. Faktiki olaraq iqtisadi tənəzzüldən çıxış üçün heç bir addım atılmır. Aclıq və səfalət Ermənistanın real mənzərəsidir. Əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır.

Ağır sosial-iqtisadi vəziyyət şəraitində həm də miqrasiyanın gücləndiyi müşahidə olunur. Bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu problemin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Ekspertlər bildirirlər ki, keçmiş və hazırkı ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilməyib.

Etnoqraf Qranuş Xaratyan xatırladır ki, hələ 13 il bundan əvvəl hökumət miqrasiyanın azaldılmasını nəzərdə tutan strateji proqram işləyib hazırlayıb: “Ancaq indiki mənzərəyə əsasən, görünür ki, bu proqram heç bir nəticə verməyib. İnsanlar ağır vəziyyətdən bezib ölkəni tərk edirlər. Digər tərəfdən, qanunun selektiv tətbiqi səbəbindən də onlar ölkədən çıxıb gedirlər. Yəni Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi hamiləri olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer vermələri ilə bağlı nə iradəsi, nə istəyi, nə də planı var. Bu, ölkəni tərk edənlərin sayını daha da artırır”.

Bütün bunlar Ermənistandakı böhranlı vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə göstərir.

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: