Ermənistanda yoxsulluğun səviyyəsi kəskin artır

A- A A+

Ermənistanda iyun ayında keçiriləcək növbədənkənar parlament seçkiləri ölkədə həm siyasi aktivliyi, həm də gərginliyi artırıb.

Növbəti böyük mitinqə hazırlaşan müxalifət diqqəti hakimiyyətin sosial-iqtisadi siyasətinə yönəldib. “Vətənin qurtuluşu hərəkatı”nda yer alan qüvvələr açıq bəyan edirlər ki, hakimiyyətin səriştəsiz, şəxsi maraqlar üzərində qurulan iqtisadi siyasəti bu gün ölkəni uçurumun kənarına gətirib və tezliklə dəyişikliklər baş verməsə, Ermənistanın bir dövlət kimi məhvi qaçılmazdır.

Ağır sosial durumda olan bir qrup əhali bu məsələdə müxaliflərin mövqeyini birmənalı şəkildə dəstəkləyir. Bir qrup da var ki, yaranmış mövcud problemlərin kökündə keçmiş hərbi xuntanın yarıtmaz siyasətini görür. “4rd.am” saytının Yerevanda hazırladığı reportajda qeyd olunur ki, müharibədəki məğlubiyyət və pandemiya ölkəni dalana dirəyib.

Sakinlərdən Edqar Minosyan bildirir ki, ölkəsinin yaşadığı problemlərin kökündə keçmiş hakimiyyət təmsilçilərinin böyük rolu var. Qeyd edir ki, sabiq prezident Serj Sarkisyan 2018-ci ilə kimi hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib: “Doqquz ildə hərbi xunta Ermənistanı səfillərin ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilməyib. Əhalinin yaşayış səviyyəsi həddindən artıq ağırdır. Ermənistanın dövlət borcu 8 milyard dolları ötüb. Durmadan artan bu rəqəm ölkəni iflic vəziyyətinə gətirib çıxaracaq. Son 13 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 30 faizi ötüb. Amma bunlar rəsmi rəqəmlərdir, əslində, yoxsulluğun real səviyyəsi 40 faizi keçir”.

Hazırda sosial şəbəkələrin ermənidilli seqmentində yayılan və olduqca böyük marağa səbəb olan videokadrlardan biri də ermənilərin Rusiyadan olan bloggerə verdiyi açıqlamalardır.  Ermənistana səfər edərkən orada yerli vətəndaşları danışdıran bloggerə sadə ermənilərdən biri deyir: “Burada iş yoxdur, pis yaşayırıq, hər kəs qaçıb gedir Rusiyada və digər ölkələrdə bazarlarda, küçələrdə işləyir. Hər kəs müharibədən sonrakı şəraitsizlikdən, işsizlikdən bezib. Sovet dövründə yaşamaq olurdu, pul, iş var idi, insanlar burada yaşayırdılar, qaçmırdılar. Heç olmasa ət, kolbasa yeyə bilirdik, indi onlara da həsrət qalmışıq”.

Bütün bunlar müasir Ermənistanın reallığı sayılır və əvvəlki kimi vəziyyətdən çıxış yolu olaraq sadə insanlar imkan düşdükcə ölkəni birdəfəlik tərk edirlər. Əsasən də ermənilər daha çox Rusiyaya üz tuturlar.

Ermənistanda miqyası sürətlə genişlənən əsas problemlərdən biri də korrupsiyadır. Ölkədə açıq etiraf edilir ki, korrupsiya və rüşvətxorluq bir dövlət olaraq Ermənistanın tənəzzülünü daha da sürətləndirir. Hətta rəsmi dairələr belə dövlətin bütün strukturlarında dərin kök salmış korrupsiyanın miqyasının təhlükəli həddə qədər yüksəlməsini gizlətməkdə acizlik çəkirlər.

Sosial şəbəkə hesablarında açdığı canlı yayımlarda da Nikol Paşinyan korrupsiya və rüşvətxorluğun ölkəsi üçün kifayət qədər ciddi problem yaratdığını diqqətə çatdırıb, buna qarşı mübarizə aparıldığını bildirib. Lakin ölkə müxalifəti Ermənistan baş nazirinin açıqlamalarının gülməli xarakter daşıdığını və yalnız kütləyə hesablanmış fikirlər olduğunu bəyan edib. Ermənistan müxalifətinin nümayəndələri hakimiyyətə gəlməsindən 3 il keçməsinə baxmayaraq, artıq ölkənin baş nazirinin korrupsiyaya qarşı mübarizə aparılacağı haqqında söylədiklərinin xalqı ələ salmaqdan başqa heç bir məna daşımadığını bildirirlər.

Bu gün Ermənistanda  baş verənlər ölkə daxilindəki proseslərə təsirsiz ötüşmür və cəmiyyətlə hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirir. Bu  isə Ermənistan cəmiyyətində parçalanmanı daha da sürətləndirir. Belə vəziyyətdə isə erməni politoloqlar ölkənin müstəqilliyinin də təhlükə altına düşməsi barədə həyəcan təbili çalırlar.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: