"Haber Global": Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Ermənistanın ikinci Qarabağ müharibəsində "İskəndər" raketindən istifadəsi ilə bağlı süjet hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, süjetdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir müddət öncə Şuşa şəhərində "İskəndər M" raketinin hissələrini tapdığı qeyd olunub.
"Bəs Ermənistan ixracına qadağa qoyulmuş bu silahı necə əldə edib? ANAMA bir neçə gün öncə raketin hissələrini bütün dünyaya nümayiş etdirdi. Onun üzərində də (9M723) seriya nömrəsi açıq şəkildə görünür. Yəni Şuşaya atılan raket "İskəndər M"-dir, "İskəndər E" deyil. Bu isə çox önəmli detaldır. Çünki "İskəndər M" sadəcə Rusiya üçün istehsal edilir və ixracı qadağandır. Beynəlxalq konvensiyalara görə, 300 km radiusdakı hədəfləri zərərsizləşdirmək qabiliyyətinə malik raketlərin ixracı yasaqdır. Eyni zamanda "İskəndər M" raketləri nüvə başlığı daşıya bilir. Rəsmi sənədlərə görə, 500 km və ondan çox radiusdakı hədəfləri da məhv edə bilir", - süjetdə bildirilib.
Süjetdə, həmçinin vurğulanıb ki, Ermənistana 2016-cı ildə "İskəndər E" raketi ixrac edilib: "Bəs niyə Şuşada aşkarlanan raket hissələri ixracı qadağan edilmiş "İskəndər M"ə aiddir? Bu raketi Şuşaya kim və necə atdı? Rusiya suallara hələlik cavab verməyib. Sadəcə Kremlin sözçüsü Dmitri Peskov Qarabağda "İskəndər" raketindən istifadə olunmadığını bildirib. Rusiya Ermənistana "İskəndər M" satmayıbsa və ya verməyibsə, ermənilər bu silahı necə əldə edib? Yoxsa bu sistem qaçaqmalçılıq yolu ilə əldə olunub? Əgər vəziyyət belədirsə, bütün dünya təhlükə ilə üzləşə bilər. Çünki bu, digər ölkələrdəki terrorçuların eyni silahı qeyri-leqal yollardan əldə edə biləcəyi anlamına gəlir".