Məğlub olacağını bilən Robert Koçaryan isə qiyama hazırlaşır
Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam ziddiyyətli xarakter almaqdadır.
Tərəflərin bir-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır. Hadisələrin inkişafı iyunda baş tutacaq növbədənkənar parlament seçkilərində mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında sərt mübarizənin gedəcəyini göstərir. Sabiq prezident Robert Koçaryan artıq seçkidə mövcud hakimiyyəti devirmək üçün ciddi hazırlıqlara start verib. Hakimiyyət isə sabiq prezidentin neytrallaşdırılması üçün inzibati metodlardan istifadə etməyi düşünür.
Müxalifət lazımi dəstəyi ala bilmir
44 gün davam edən İkinci Qarabağ müharibəsinin nəticələrini əsas götürən müxalifət hələ də etiraz aksiyaları təşkil edərək Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşdırmağa vadar edəcəyini düşünsə də, reallıq bunun əksini göstərir. Müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı” çoxsaylı etiraz aksiyaları təşkil etsə də, cəmiyyətdən lazımi dəstək ala bilmir. Etiraz aksiyaları ilə müxalifət tərəfindən hakimiyyətdən devrilməsinin mümkünsüzlüyünü görən Nikol Paşinyan cəmiyyətin hələ də onu dəstəklədiyini siyasi opponentlərinə nümayiş etdirmək məqsədilə müxtəlif addımlar atır. Onun iyunun 20-də növbədənkənar parlament seçkilərində qalib gələ biləcək əsas qüvvə obrazını yaratması, bu xüsusda nəzarətində olan media orqanlarına çoxsaylı göstərişlər verməsi də qeyd edilənlərin təsdiqidir.
Hazırda mövcud şərtlər daxilində müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı”nda yer alan siyasi qüvvələrin bir çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsinə qarşıdır. Lakin Ermənistanın keçmiş prezidenti Robert Koçaryan fərqli mövqe sərgiləyir. Artıq Koçaryan növbədənkənar parlament seçkilərində partiyalar blokuna liderlik edəcəyini açıqlayıb. O, Rusiya telekanalında yayımlanan “Pozner” proqramının efirində müvafiq açıqlamalar verib.
Qeyd edək ki, keçmiş prezident seçkilərin keçiriləcəyi təqdirdə iştirak edəcəyini dəfələrlə bildirsə də, iştirak formatını açıqlamamışdı. İndi isə partiyalar blokuna liderlik edəcəyini bildirir. Koçaryan 10 il Ermənistana rəhbərlik etdiyini, bununla belə tərəfsiz olduğunu xatırladıb. O, həmin blokun hansı partiyalardan ibarət olacağını dəqiqləşdirməyib. Amma ehtimal edilir ki, bunlardan biri “Daşnaksütyun” olacaq. Digər partiya qismində Respublika Partiyasının çıxış edəcəyi gözlənilir.
Güc yolu ilə hakimiyyəti devirmək planı
Təhlillər göstərir ki, Koçaryanın növbədənkənar parlament seçkilərində iştirakı təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, növbədənkənar parlament seçkilərində seçiləcəyi təqdirdə Paşinyanın daha bir neçə il hakimiyyətdə qalacağı qaçılmazdır. Bu da Koçaryanın siyasi karyerasının sonu olmaqla yanaşı, onun Paşinyandan qisas almaq niyyətinin həyata keçməsinə imkan verməyəcək.
Bununla belə, R.Koçaryan növbədənkənar parlament seçkilərində cəmiyyətdən lazımi dəstək ala bilməyəcəyini yaxşı başa düşür. Amma belə olacağı halda o, bunu Paşinyanın seçki saxtakarlığı ilə əlaqələndirərək, hakimiyyətə qarşı radikal qüvvələrin iştirakı ilə yeni aksiyalar keçirməyi, mümkün olarsa, qiyama başlamağı mümkün sayır.
Artıq Koçaryanın güc yolu ilə hakimiyyəti devirmək niyyəti haqda erməni politoloqları xəbərdarlıqlar edib. Həm Koçaryanın, həm də “Vətənin qurtuluşu hərəkatı”nın qiyama meyillənməsi Ermənistanda yaxın tezlikdə siyasi müstəvidə hadisələrin yenidən dramatik şəkildə inkişafını istisna etmir. Xüsusən də hakimiyyətin növbədənkənar parlament seçkilərində qalib gəlmə ehtimalının yüksək olması fonunda müxalifət Paşinyanı qiyamla devirməkdən başqa yolun olmadığını düşünür.
Koçaryan yenidən həbs oluna bilər
Amma bu qiyama Ermənistan cəmiyyəti tərəfindən dəstək ifadə olunmur. Bu səbəbdən Paşinyanın qiyama meyil edən siyasi rəqiblərini güc yolu ilə əzməyə çalışacağı, bunun da yenə Ermənsitanda siyasi gərginliyə yol açacağı gözlənilir. Belə görünür ki, seçkilər ərəfəsində Robert Koçaryan yenidən məhkəməyə cəlb edilə və həbs oluna bilər.
Bununla belə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı əsasında Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamları geri götürülüb. Belə ki, iki həftə əvvəl Konstitusiya Məhkəməsi ölkə Cinayət Məcəlləsinin konstitusiya quruluşunu devirmək ittihamını nəzərdə tutan 300.1-ci maddəsinin Konstitusiyaya uyğunsuzluğu barədə qərar çıxarıb. Bundan sonra Koçaryanın vəkilləri məhkəməyə vəsatət verərək onun barəsində cinayət işinin bağlanmasını tələb ediblər.
Xatırladaq ki, R.Koçaryan 2008-ci il, 1 mart hadisələrini törətməkdə ittiham olunurdu. Yerevanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) Konstitusiyaya zidd elan etdiyi üçün “1 mart” işi üzrə cinayət işinə xitam verilməsi barədə qərar verib. Qərar sabiq baş qərargah rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddə ilə ittiham olunurdu.
Koçaryan və keçmiş baş nazir müavini Armen Gevorkyan başqa cinayətlərdə də ittiham olunduqlarından onlarla bağlı cinayət təqibi isə davam edəcək. Ermənistanın ikinci prezidenti külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur. “Azatutyun” radiosu bildirir ki, beləliklə, R.Koçaryan artıq “1 mart” işi üzrə təqsirləndirilən şəxs sayılmır. Həmin tarixdə polislə etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 10 nəfər həlak olmuşdu. Zərərçəkənlərdən 9-nun maraqlarını təmsil edən vəkil Tiqran Yeqoryan etiraf edib ki, yaranmış vəziyyətdə o da cinayət işinin bağlanmasından başqa çıxış yolu görmürdü.
Buna baxmayaraq, vəkil belə bir qərar verdiyinə görə Konstitusiya Məhkəməsini tənqid edib. Yeqoryan bildirib ki, bu, hüquqi yox, siyasi qərar olub. Vəkil deyib ki, qərar konkret qrupların maraqlarına xidmət edir. Onun fikrincə, Konstitusiya Məhkəməsinin qərarı qanunsuzdur, çünki konstitusiya ilə ziddiyyət təşkil edir. Yeqoryan təəssüflə qeyd edib ki, artıq 2 il yarımdır müttəhim statusunda olan keçmiş prezidentin məsuliyyətdən azad edilməsində Konstitusiya Məhkəməsinə Nikol Paşinyanın baş nazirliyi dövründə təyin olunmuş hakimlər də iştirak ediblər.
Vəkil vurğulayıb ki, buna səbəb ölkədə yaranmış siyasi vəziyyət və hüquq siyasətinin olmamasıdır. Yeqoryan onu da bildirib ki, 300.1-ci maddəsi Avropa İnsan Haqları Məhkəməsinin bir neçə ay əvvəl dərc etdiyi hesabata və Venesiya Komissiyasının tövsiyələrinə görə də Konstitusiyaya uyğun sayılır.
“Azatutyun” yazır ki, “1 mart” işindən xilas olsa da, R.Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur. Prokuror Petros Petrosyan deyib ki, baş prokuror Cinayət Prosessual Məcəlləsinin iki maddəsinin konstitusiyaya uyğunluğu məsələsinə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Cinayət Prosessual Məcəlləsinin bu maddələri Koçaryana qarşı ittiham maddəsinin dəyişdirilməsinə imkan vermir. Petrosyanın sözlərinə görə, Konstitusiya Məhkəməsi sözügedən maddələri də ləğv etsə, Koçaryan və başqa müttəhimlərə qarşı yeni ittiham irəli sürüləcək. Gələn həftə məhkəmədə Koçaryana qarşı rüşvət ittihamına baxılacaq.
Görünən odur ki, seçkilər fonunda bu ittiham üzrə Koçaryanın yenidən həbsi gözlənilir. Bu halda Nikol Paşinyan keçmiş hərbi xuntanı sıradan çıxarmaq imkanı qazanacaq. Bununla da, hakimiyyətdə qalmasını təmin edəcək, təhlükəli rəqiblərini inzibati yollarla mübarizədən kənarlaşdıracaq.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti