Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası keçiriləcək

A- A A+

Aprelin 15-16-da Sankt-Peterburqdakı Tavriya Sarayında Birlik ölkələri parlamentarilərinin iştirakı ilə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) yaz sessiyası keçiriləcək.

MDB PA-nın mətbuat xidmətində NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbir çərçivəsində daimi komissiyaların iclası, rəhbər orqanın – MDB PA Şurasının iclası və Assambleyanın plenar iclası olacaq.

Parlamentarilər “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında da iştirak edəcəklər.

Konfransın plenar iclasını MDB-nin Parlamentlərarası Assambleyasının sədri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko keçirəcək. Tədbirə Birlik ölkələrinin parlamentlərinin rəhbərləri, alimlər və ekspertlər, ictimai və müvafiq təşkilatların nümayəndələri qatılacaqlar.

MDB PA Şurasının iclasında Assambleyada parlament nümayəndələrinin rəhbərləri, ekspertlər, MDB PA Şurası Katibliyinin təmsilçiləri iştirak edəcəklər. İclas iştirakçıları MDB PA-nın aprelin 16-da keçiriləcək 52-ci plenar iclasının gündəliyinin layihəsini müzakirə edəcək və təsdiqləyəcək, MDB Hökumət Başçıları Şurasının 6 noyabr 2020-ci il tarixli və MDB Dövlət Başçıları Şurasının 18 dekabr 2020-ci il tarixli qərarları barədə MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevin məlumatını dinləyəcək.

Daha sonra parlamentarilər 2021-ci il yanvarın 10-da keçirilən Qırğız Respublikası Prezidentinin növbədənkənar seçkiləri, Qırğız Respublikasının idarəetmə formasının müəyyənləşdirilməsi üzrə referendum və Qazaxıstan Respublikası Parlamentinin Məclisinə seçkilər üzrə müşahidələrin yekunlarını müzakirə edəcəklər.

Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu MDB PA-nın 52-ci plenar iclasının əsas məsələsi olacaq. Parlamentarilər MDB-nin iştirakçısı olan dövlətlər üçün Assambleya tərəfindən işlənib hazırlanan model Miqrasiya Kodeksini nəzərdən keçirəcəklər.

İclasın gedişində “MDB-nin iştirakçısı olan dövlətlərdə uşaqların sağlamlığının qorunması hüquqlarının təmin edilməsi haqqında”, “Psixiatriya yardımı və onun göstərilməsi zamanı vətəndaşların hüquqlarının təminatı haqqında”, “MDB-nin iştirakçısı olan dövlətlərdə tibbi yardım zamanı kliniki tövsiyələr haqqında”, “Regional İnvestisiya layihələri haqqında” model qanunları və “Məlumat əldə etmək barədə vətəndaşların hüquqi statusu haqqında” model tövsiyələr müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: