Amerikalı ekspert: Regionun infrastrukturunun yenidənqurulmasında iştirak möhkəm sülhün bərqərar olmasına töhfə verə bilər

A- A A+

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşü beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışını və ədalətli, dəyişməz siyasətini növbəti dəfə nümayiş etdirdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz bildirib.

P.Teyz konfrans iştirakçılarına qoşularaq, Azərbaycan rəhbərliyini və xalqını ölkənin ərazi bütövlüyünün bərpası və Ermənistanın işğalçı qüvvələri üzərində qələbə münasibətilə təbrik edib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev işğal edilmiş ərazilərdə dağıntıların dərəcəsindən danışarkən haqlı olaraq bəyan edib ki, Ermənistan Madrid prinsipləri haqqında razılaşma çərçivəsində heç vaxt güzəştə getmək, yaxud keçmiş DQMV-nin ətrafında olan yeddi rayonu qaytarmaq istəməyib, əksinə, status-kvonu mümkün qədər uzatmaq üçün hər vasitə ilə sülh danışıqları prosesini imitasiya etməyə çalışıb. P.Teyz vurğulayıb ki, Ermənistan konstruktiv danışıqlar əvəzinə hərbi tikililər və istehkamların inşası ilə məşğul olub, yəni ermənilər əslində yeni müharibəyə hazırlaşıb və prinsipcə, buna nail olublar.

Amerikalı ekspert bildirib ki, konfransda Prezident Əliyevin çox maraqlı bəyanatlarından biri də Qərb şirkətlərini Azərbaycanın Qarabağ regionunun bərpasında iştiraka dəvət etməsi idi. P.Teyz deyib: “Müəyyən mənada bütün beynəlxalq birliyə ünvanlanan bu müraciət möhkəm sülhün təkcə Azərbaycan vasitəsilə deyil, bütün maraqlı tərəflərin birgə töhfəsi vasitəsilə bərqərar olması barədədir. Müxtəlif ölkələrin şirkətləri sülhün qurulmasına və kommunikasiyaların yenilənməsinə öz töhfələrini verə bilərlər. Bu, öz növbəsində, Azərbaycanın azad edilmiş regionunda multikulturalizm, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün məkan yaradacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: