Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı yeni ziddiyyətlər yaranıb. Budəfəki ziddiyyət də hökumətlə prezident arasında özünü göstərir. Davam edən siyasi xaos, baş nazir-prezident qarşıdurması və digər səviyyələrdə ciddi gərginliklərlə müşayiət olunur.
Ermənistan Respublikasının Seçki Məcəlləsinə dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında parlamentin qəbul etdiyi sənədi Armen Sarkisyan imzalamaqdan imtina edib. Halbuki qanun parlamentdə səs çoxluğu ilə qəbul edilmişdi.
Hazırda Ermənistanda qarışıq seçki sistemi mövcuddur. Yeni dəyişikliklərin təşəbbüskarı baş nazir Paşinyanın lideri olduğu “Mənim addımım” blokudur. Bu dəyişikliklərə əsasən, 20 iyuna təyin edilmiş növbədənkənar parlament seçkiləri ancaq partiya siyahıları, yəni proporsional seçki sistemi üzrə keçiriləcək, reytinq siyahıları artıq olmayacaq. Dəyişikliklərin qəbul edilməsinin lehinə 82 deputat səs verib, əleyhinə səs verən və bitərəf qalan olmayıb. Sadəcə, parlamentdə təmsil olunan “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” qrupları dəyişiklikləri boykot edib. “Maariflənmiş Ermənistan” qrupundan bildirilib ki, bu məqamdan artıq seçkilərin legitimliyi şübhə altına düşür.
Seçki sonrası koalisiyaların formalaşdırılmasında iştirak edən partiyaların sayına qoyulmuş məhdudiyyətin aradan qaldırılması və koalisiyanın formalaşdırılması üçün nəzərdə tutulan müddətin uzadılması da qəbul edilən dəyişikliklər sırasındadır. Parlamentdə təqdim olunan qüvvələrin sayını üçdən dördə qədər artırmaq da əsas dəyişikliklərdən biridir.
Hakimiyyət nümayəndələri bildiriblər ki, seçkilərə qədər Seçki Məcəlləsinə dəyişikliklər etmək zəruri idi. Ən əsas dəyişiklik də əvvəlcədən elan olunmuşdu: seçki yalnız proporsional seçki sistemi üzrə, yəni partiya siyahıları üzrə keçirilməlidir.
“Mənim addımım” fraksiyasından olan deputat Vaqan Ovakimyan qeyd edir ki, reytinqli seçki sistemi Ermənistanda tətbiq olunan andan bütün müxalifət partiyaları tərəfindən tənqid edilib: “Vurğulamaq istəyirəm ki, seçkilərin təmiz proporsional sistem üzrə keçirilməsi məsələsi ilə bağlı siyasi qüvvələr arasında ən başından geniş konsensus olub. 2018-ci il seçkilərində reytinqli sistemdən imtina olunması hazırkı parlament partiyalarının hamısının proqramında təqdim olunub”.
“Maariflənmiş Ermənistan”ın fraksiya lideri Edmok Marukyan isə bildirib: “Əziz vətəndaşlar, sizin adınızdan spekulyasiya edərək növbəti yanlış addım atmağa cəhd edirlər. Rəsmən bildirirəm ki, oyun qaydaları dəyişdirilirsə, seçkilərin legitimliyi şübrə altına düşəcək”. Onun sözlərinə görə, Ermənistan vətəndaşları onsuz da prezidenti və böyük şəhərlərin merini seçmək hüququndan məhrumdurlar: “Hakimiyyətin fikrincə, əgər xalqa seçmək hüququ verilsə, o zaman insanlar canilərə səs verəcək. Buna görə də onların fikrincə, hakimiyyət özü seçki siyahılarını müəyyən edir. Sizdə 44 nəfər reytinqli sistem üzrə seçilib. Sizlərdən kim canidir? Problem seçki qaydasında deyildi, seçkiqabağı rüşvətlərin paylanması idi. Siz problemi heç doğru müəyyən edə də bilmirsiz”.
Politoloq Qarik Keryan da hesab edir ki, reytinqli sistem bütün dünyada ən biabırçı seçki sistemlərindən biridir: “Mən hətta bundan istifadə olunan ölkə tanımıram, deyirlər, bir-ikisi var. Əvvəlki hakimiyyət bunu haradan tapıb, tapmaca kimi qalır. Bu, o qədər gülünc seçki sistemidir ki, hətta ekspertlər də onu anlamırlar. 2017-ci il seçkilərində 2300 nəfər deputatlığa namizəd idi, seçkilərdən sonra isə hər bir partiyanın neçə mandat qazandığının hesablanması üçün 8-9 qətnamə tətbiq edilirdi. Obrazlı olaraq mən bunu “sol qulağın sağ ayaqla qaşınması seçki sistemi” adlandırardım. Bu seçki sistemi ilə heç bir şəraitdə seçkiyə getmək olmazdı. Britaniya sistemi var - 100 faiz majoritar, yaxud İtaliya sistemi - 100 faiz proporsional, seçici partiyaya səs verir və partiya qazandığı səs qədər yer alır. Bu cür mürəkkəb cəfəngiyyatı uydurmaq nəyə lazım idi?”
İndi parlamentin Seçki Məcəlləsinə qəbul etdiyi dəyişiklikləri imzalamaqdan imtina etməklə Ermənistan prezidenti Armen Sarkisyan da müxaliflərin yanında yer aldığını göstərir. Bu da Ermənistanda yeni seçki qalmaqalı yaradır.
Seçkilərlə bağlı proqnozlar hansısa sürprizin olmayacağı və hakim “Mənim addımım” siyasi alyansının qələbə qazanacağı istiqamətindədir. Ermənistandakı hazırkı siyasi vəziyyət və baş verən proseslər də Paşinyanın qalib gələcəyi ehtimalının daha yüksək olduğunu göstərir. Bununla yanaşı, Paşinyanın komandasının qələbə üçün qanunsuz addımlar atacağı da istisna olunmur.
Ermənistanda keçirilmiş rəy sorğularının nəticələri də Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun seçkilərdə qalib gələcəyini düşünməyə əsas verir. Xatırladaq ki, ötən ay “Gallup International Association” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, “Mənim addımım” populyarlığına görə digər siyasi qüvvələri kəskin üstələyir. Müharibədə məğlubiyyətə baxmayaraq, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hələ də Ermənistanda yüksək populyarlığını saxlayır, əsas rəqibləri olan Koçaryan-Sarkisyan cütlüyü üzərində də üstünlüyə malikdir.
Seçkidən sonra ölkədə baş verəcək siyasi hadisələr də maraqlıdır. Paşinyanın qalib gəldiyi halda onun prezident Armen Sarkisyanla münasibətlərə aydınlıq gətirməyə çalışacağı gözlənilir. Çünki müharibədən sonrakı dövrdə, xüsusilə baş nazirin ordu rəhbərliyi ilə olan qarşıdurması zamanı prezident baş naziri birbaşa dəstəkləmədi. Ona görə də Paşinyan ölkədə mütləq hakimiyyətini bərqərar etmək istəyirsə, həlledici məqamlarda onun yanında deyil, qarşısında duran prezidentdən xilas olmalıdır. Bunun üçün də böyük ehtimal ki, prezidentin növbədənkənar seçilməsi variantı gündəmə gələ bilər.
Ermənistanın seçki sisteminə görə prezidenti xalq deyil, deputatlar seçir. Bu baxımdan parlamentdə mütləq çoxluğa malik olacaq partiyası vasitəsilə istəyini reallaşdırmaq Paşinyan üçün çətin olmayacaq. Ən mühüm proses Paşinyanın qatı və qəddar düşməni olan keçmiş hərbi xuntaya qarşı atacağı addımlar hesab olunur. Paşinyan bununla ölkədə yeganə siyasi güc olmağa çalışacaq.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti