İordaniyalı tarixçi: Müharibədə qazanılmış Qələbə azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına şərait yaradıb

A- A A+

İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında tarixçi alim Ömər Əl-Armutinin Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər haqqında geniş məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun 44 günlük müharibədə Qələbəsinin azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmalarına şərait yaratdığı qeyd edilir. Müəllif yazır: “Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Onların arasında əsrlərboyu müasir Ermənistan ərazisində də yaşayan və ermənilərin ölüm təhdidi ilə evlərini tərk etməyə məcbur olan azərbaycanlılar da var idi. Bu insanlar uzun müddət ağır şəraitdə, çadır şəhərciklərində yaşayıblar. Hazırda 10 milyona yaxın əhalisi olan Azərbaycan çox sayda qaçqın və məcburi köçkünün problemlərini həll edib. Yeni əsrin əvvəlində sürətli iqtisadi inkişafa nail olan Azərbaycan hökuməti beynəlxalq humanitar təşkilatlarla koordinasiya şəraitində onların həyat şəraitinin yaxşılaşdırılması üzrə məsuliyyəti öz üzərinə götürüb. Bundan başqa, Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, özünün düşünülmüş iqtisadi siyasəti nəticəsində qısa müddətdə humanitar yardım qəbul edən ölkədən donor dövlətə çevrilib. Bu ölkədə məcburi köçkünlər üçün yüzlərlə qaçqın şəhərcikləri salınıb, onların sosial şəraitini yaxşılaşdırmaq istiqamətində xeyli iş görülüb. 2014-cü ildə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi də Azərbaycan dövlətinin bu sahədə uğurlarını xüsusi olaraq qeyd edib.

Məqalədə diqqətə çatdırılıb ki, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaqla paralel olaraq, işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Ermənistanla ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparan Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının qərarlarına məhəl qoymayan işğalçı ölkə əraziləri azad etməkdən boyun qaçırıb. Nəhayət ərazilərini işğaldan azad edən Azərbaycan beynəlxalq sənədlərin icrasına öz gücü ilə nail olub. Hazırda torpaqlarını ermənilərin basdırdığı minalardan təmizləyən qalib ölkənin rəhbərliyi qarşısında duran əsas vəzifə şəhər və kəndləri, infrastruktur obyektlərini bərpa etmək və gələn ildən başlayaraq məcburi köçkünləri öz yurdlarına qaytarmaqdır.

Müəllif təəssüflə qeyd edib ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir və bu, işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə əngəl yaradır, eyni zamanda, atəşkəs dövründə insanların həyatını itirməsinə səbəb olur. Beynəlxalq ictimaiyyət bu problemin həllində Ermənistana təzyiqi artırmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: