Azərbaycan Prezidentinin bəyanatı Ermənistanda təşvişi daha da artırıb: “Bitdi, İlham Əliyev Zəngəzuru da bizdən alır”
Dövlətimizin başçısının tarixi torpaqlara qayıdışla bağlı verdiyi son mesajdan sonra ermənilər Paşinyanı səfər etdiyi bölgələrdən qovurlar
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatmaqla yanaşı, regionda yeni reallıqlar yaradıb.
Bu reallığın əsas cəhətlərindən biri azərbaycanlıların Ermənistan ərazisində tarixi torpaqlarına qayıtmaq şansının yaranmasıdır.
Bu istiqamətdə ən mühüm məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu ölkədə bəzi qüvvələrin etirazlarına baxmayaraq, Zəngəzur dəhlizi yaxın tezlikdə yaranacaq. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Böyük xof
Ermənilər bütün bunları ciddi faciə kimi qarşılayırlar. Erməni ekspert Hayk Manasyan bu xüsusda bildirir: “Erməni xalqının əmin olması üçün 44 günlük müharibə səhnələşdirildi, burada biz məğlub olduq, torpaqlar verildi, məcburən sülhməramlı daxil oldu və bizi xilas etdi, məcburən Zəngəzurdan yol vəd etdik, bu yol bizim yox, rus FTX-sinin, yəni Rusiyanın olacaq. Bu versiya barədə həm təsdiq edən, həm də şübhə altına götürən arqumentlər səsləndirmək olar”.
Ölkənin keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyan isə qeyd edir: “Əminəm ki, əsasən Zəngəzuru, Mehrini, Sisianı əhatə edən yolların blokadadan çıxarılması gələcəkdə Ermənistanın və Qarabağın dərin blokadasına gətirib çıxaracaq”. Onun sözlərinə görə, Ermənistana iqtisadi cəhətdən təzyiq göstəriləcək: “İqtisadi cəhətdən bizə təzyiq göstərəcəklər, bu ərazinin demoqrafik mənzərəsi də dəyişəcək, sadə desək, türklər Zəngəzuru doldurmağa gələcəklər və ölkəmiz üçün çox pis vəziyyət yaranacaq”.
Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorqyan özünün “Telegram” kanalında yazıb ki, İlham Əliyevin Nikolun Sünikə gizli səfəri fonunda Zəngəzurla bağlı son açıqlamaları geridönməz bir prosesin başlanğıcıdır. Söhbət milli suverenliyin itirilməsinin başlanğıcından gedir. O daha sonra bunları qeyd edib: “Suverenlik yalnız ərazi cəhətdən deyil, həm də Ermənistanın düşmənlərinin təcavüzkar bəyanatlarına mütənasib reaksiya vermədiyi zaman pozula bilər. Əminəm ki, Ermənistan xarici işlər nazirliyinin dünənki açıqlamasından sonra özümüzü daha inamlı hiss etmədik və Sünik sakinlərinin həyatı daha təhlükəsiz hala gəlmədi”.
“4rd.am” saytı yazır ki, İlham Əliyevin Zəngəzurla bağlı son bəyanatından sonra Paşinyanla yanaşı, ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə olub: “Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır. Maraqlıdır ki, “təsadüf” nəticəsində prezident Armen Sarkisyan da artıq bir neçə gündür Sünikdədir. Dünəndən bəri ABŞ səfiri Linn Treysi də Sünikə gəlib. O, dünən Sisianın meri ilə görüşüb və müharibədən sonrakı dövrdə buradakı insanların durumu ilə maraqlanıb. Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır”.
Paşinyan canını güclə qurtardı
Bu yanaşmalar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzura səfəri qalamaqallı olub. Belə ki, sakinlər baş nazirin vilayətə səfərinə etiraz ediblər. Onlar “Nikol satqındır!” şüarını söyləyərək, Paşinyanın Zəngəzuru tərk etməsini tələb ediblər. Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb. Etirazçılar Paşinyanı müşayiət edənlərə və baş nazirin avtomobilinə hücum ediblər. Nikol Paşinyanın təhlükəsizliyini təmin edən Milli Təhlükəsizlik Xidməti və polisin 500 maskalı xüsusi təyinatlıları hücuma müqavimət göstərməyərək avtomobilə minib, Paşinyanla birlikdə şəhəri tərk ediblər. Bildirilib ki, hadisə nəticəsində dövlət mühafizə xidmətinin başçısı Sarkis Ohanesyanın paltarı cırılıb. Beləliklə, baş nazirin regiona planlaşdırdığı səfəri baş tutmayıb.
Qeyd edək ki, Nikol Paşinyan aprelin 20-də Zəngəzur vilayətinin polis rəisini, Gorus və Qafanın polis rəisi müavinlərini gözlənilmədən işdən azad edib. Erməni siyasi ekspert Armine Adibekyan isə bu fonda bildirir ki, Azərbaycan Zəngəzura, həmçinin Göyçə gölü hövzəsinə, İrəvanə, Tavuşun Ermənistanla Gürcüstanı bağlayan hissəsinə də qayıdacaq: “Azərbaycanlılar Ermənistanı “Lesoto”ya (4 tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuş dövlət) çevirmək istəyirlər. Bu, Ermənistanın bədbəxt gələcəyidir, Nikol Paşinyan öz komandası ilə bizi buna aparır”.
Qeyd edək ki, Azərbaycan Ermənistan da daxil olmaqla heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür və Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun çəkilişi, ümumiyyətlə, Naxçıvan dəhlizinin yaradılması 10 noyabr Bəyanatında xüsusi müddəa ilə təsbit edilib.
“Əliyevin dünənki bəyanatından sonra Paşinyan qorxuya düşüb”
Sünik rayon Şurnux icmasının rəhbəri Akob Arsakyan deyir ki, baş nazir bu bölgəyə səfər zamanı iki evi gəzdi, maşına mindi və uzaqlaşdı. Bildirib ki, sakinlərlə görüşməyə ehtiyac olsaydı, iki gün öncədən gəlişi barədə məlumat verərdi: “Azərbaycan Prezidenti Əliyevin dünənki bəyanatından sonra qorxuya düşüb, gecə ilə bura gəlməyin mənası nədir axı? Niyə günortadan sonra gəlmədin? Mənə deyirlər: niyə gəlmirsən, cəmiyyətin başçısı deyilsən? Cavab verirəm, cəmiyyətin lideriyəm və o kimdir? Niyə məni görməzdən gələn birinin arxasınca qaçmalıyam? Mən bu kəndin inzibati rəhbəriyəm”.
“Instagram” istifadəçilərindən Artur Qasparyan yazır ki, artıq Bakıda belə fikir formalaşdırılır ki, Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb: “İlham Əliyevin son bəyanatlarında açıq bildirilir ki, xalq Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır. Bu istiqamətdə işlər aparılır. Bu gün artıq hədəf Zəngəzurdur. Bitdi, İlham Əliyev Zəngəzuru da bizdən alır. Azərbaycanlıları bu mənada tezliklə Ermənistanda görməkdən təəccüblənmək lazım deyil”.
“Əliyev Zəngəzura da qayıdır”
“Facebook” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Əliyev Zəngəzura da qayıdır” xəbərini paylaşaraq “Azərbaycanın getdikcə güclənməsi Ermənistan üçün təhlükəli sayıla bilərmi” sualını ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq qorxmadan, çəkinmədən müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, usta, idmançı rəylərinə belə rast gəlmək mümkündür.
İxtisasca iqtisadçı olan Stepan Qriqoryan yazır: “Acı həqiqət olsa da, demək lazımdır ki, İlham Əliyev yenə Paşinyanı qorxuya salıb. Hər zaman bizim rəhbərdən çox öndə olduğunu göstərə bilib. Azərbaycan Prezidenti hər gün müxtəlif bəyanatlar verir, bizimki də qorxudan qaçmağa yer axtarır. Hələ üstəlik getdiyi şəhərlərdən, təzəlikcə Sünikdən də qovublar. Acı mənzərədir”.
Robert Mkrtçyan adlı biri isə xəbər agentliyinin “Facebook” sosial şəbəkəsində “İlham Əliyev Zəngəzura qayıdışın anonsunu verdi” sorğusunda maraqlı rəyi ilə çoxlu bəyənmələrə səbəb olub: “İlham Əliyev xalqın bütün arzularını gerçəkləşdirir. Dünən Qarabağı aldı, bu gün Zəngəzuru istəyir. Əlvida, Zəngəzur!”
“Paşinyanın Sünikdə tamaşası anşlaqsız keçdi”
Səhifəsində stomatoloq olduğu görünən Henrixin paylaşımı bəzilərinin etirazına səbəb olsa da, bir çoxlarının bəyənmələri ilə nəticələnib: “Biz özümüzə sual verməliyik: Qarabağ biz ermənilərin nəyinə lazım idi? Bir xeyir belə görmədik. Bu gün o torpaqlar yoxdur, nəsə dəyişib? Əksinə, həmişə ziyanını çəkmişik. Paşinyanın siyasəti bu gün Ermənistanı hər şeydən məhrum edib. Düşmən olsa da, düzünü demək lazımdır. Azərbaycan inkişafda, biz isə geriləməkdəyik. Lənət olsun belə rəhbərə, bu cür yaşayışa...”.
Lali Petorysna adlı birinin “Twitter” sosial şəbəkəsindəki paylaşımı da maraqla qarşılanıb: “Acı reallıq olsa da, qəbul edək ki, Paşinyanın Sünikdə, Qafanda tamaşası anşlaqsız keçdi. Döyülməkdən canını güclə qurtardı. Onun aktyorluğuna yalnız Ermənistanda biz zavallı insanlar inana bilərik. Gələcəyi olmayan ölkədə ümidlə yaşamaq... Heç bir ölkəyə belə rəhbər arzulamıram”.
Seyran Orikyan adlı biri isə “Facebook”da paylaşılan xəbərlərə yazdığı maraqlı rəyi ilə diqqət çəkib: “Bizim nə vaxt normal bir prezidentimiz olub ki, indi də ola. Danışanda dilləri topuq vurur. Paşinyan Sünkə hansı üzlə gedib axı? Əliyevin Zəngəzurla bağlı çıxışından sonra gedib orada nədən danışacaq? Gündən-günə “inkişaf edən” Ermənistandan? Yalan danışmaq üzrə dünya birincisi olan Paşinyan bilməli idi ki, İlham Əliyev son bəyanatı ilə “möhür” vurub. Düşmən olsa da, düzünü deyək. Axı, o, bunu bacarır. Bunu mən adi mebel ustası bilirəm, Nikol bilmir?”
Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda səslənən fikirlərə və nümayiş etdirilən fərqli mövqelərə baxmayaraq, onun reallaşması mütləqdir. Bunu şərtləndirən əsas səbəblər Azərbaycanın iradəsi, Ermənistanın müvafiq öhdəlikləridir. Dəhlizin reallaşması bütün bölgə ölkələrinə mənfəət gətirəcəyindən regionda davamlı sülhə töhfə hesab edilir.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti