Bəhreyn qəzeti: Azərbaycan Ermənistanı müharibədən sonra törətdiyi dağıntılara görə məhkəməyə verəcək

A- A A+

Bəhreynin “The Daily Tribune – News of Bahrain” qəzetində “Azərbaycan Ermənistanı müharibədən sonra törətdiyi dağıntılara görə məhkəməyə verəcək” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında bu dağıntıların sənədləşdirildiyi və Ermənistana qarşı məhkəmə iddiası qaldırılacağını söylədiyi vurğulanıb.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı ötən ilin sentyabrında başlamış müharibəyədək olan dövrdə Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini və işğal olunmuş ərazilərdə böyük mədənçilik potensialından istifadə etdiyini bildirib. Vurğulanıb ki, Azərbaycan öz ərazisində qanunsuz istismar olunmuş bütün resursları qiymətləndirir, mis və qızıl resurslarını qanunsuz şəkildə istismar etmiş bəzi dırnaqarası iş adamlarına qarşı artıq qanuni prosedurlara başlayıb. Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesini də aparır. Məlumat verilib ki, ermənilər 15 gün ərzində 12 su elektrik stansiyasını dağıdıblar.

Sonra qeyd olunub ki, Azərbaycan Prezidenti regionda münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanların, o cümlədən vətəndaş cəmiyyətinin daha fəal iştirak edəcəyi imkanlarının mövcudluğunu söyləyərək, bu işdə QHT-lərin böyük rol oynaya biləcəyini və Azərbaycanın bu məsələdə QHT-lərlə çalışmağa hazır olduğunu vurğulayıb.

Məqalədə bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri üzrə böyük potensialın olduğunu, xüsusən Laçın və Kəlbəcərdə külək, Cəbrayıl və Zəngilanda isə günəş və su enerjisi imkanlarının mövcudluğunu qeyd edib. Diqqətə çatdırılıb ki, artıq “ağıllı kənd” və “ağıllı şəhər” pilot layihələrinin həyata keçirilməsinə başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: