Gürcüstan portalı Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməsindən yazıb - FOTOLAR

A- A A+

Gürcüstanda nüfuzlu adjaraps.com informasiya portalında Azərbaycanın Batumidəki Baş konsulluğu tərəfindən 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününə həsr olunmuş məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən bəhs olunur. Ermənistan tərəfinin bu məkrli siyasətindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlıq ictimaiyyətin diqqətinə çatdırılır.

Bildirilir ki, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşib və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar basdırması Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub.
Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar basdırıb.

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin xəritəsi barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu ehtiva edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfər mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Bu ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Təxminən otuz ildir ki, evlərindən didərgin düşmüş ailələr ərazilər minalardan təmizlənmədiyi üçün hələ də təhlükəsiz şəkildə öz evlərinə geri dönə bilmirlər.
Azərbaycan torpaqlarının qanunsuz şəkildə işğalı dövründə, habelə bu torpaqlardan çıxmağa məcbur edilən zaman həmin ərazilərdə məqsədli şəkildə minalar yerləşdirilməsi etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına, bu insanların fundamental hüquqlarının həyata keçirilməsinə maneə olmaq və mümkün qədər çox insanın əzab çəkməsinə nail olmaq istəyən Ermənistanın niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Məqalədə vurğulanır ki, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Azərbaycan Mina Xəbərdarlığı Günündə müraciətini bir daha təkrar edib və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırıb.

“Biz Ermənistandan beynəlxalq hüquq qarşısında tutduğu öhdəlikləri və insan həyatını qorumaqla bağlı mənəvi borcunu yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və cavabdehliyi təmin etmək üçün bütün mövcud və lazımi hüquqi tədbirləri görəcəkdir”, - deyə məqalədə vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: