“Erməni soyqırımı” olubmu: tarix nə deyir? - FOTOLAR
Ermənistan və dünya erməniləri tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 106 illiyini keçirirlər. Bu barədə tarixi gerçəklikləri bilməyən və ya bilsələr də, susan bəzi ölkələr siyasi məqsədləri naminə onlara dəstək verirlər.
Soruşulur: “erməni soyqırımı” gerçəkdən olubmu? Əslində, qırğınları kim törədib? “Erməni məsələsi” və sözdə “erməni soyqırımı”nın təkamülü Birinci Dünya müharibəsi illərində necə olub? Böyük dövlətlər ermənilərdən öz məqsədləri üçün necə istifadə edib sonradan onları atıblar? “Ermənilərin fəlakəti” beynəlxalq gündəliyə necə çıxarılıb? Rusiya ermənilərə muxtariyyət verilməsinə nə üçün razı olmayıb? Bu barədə mənbələr nə deyir?
Böyük müharibənin başlanması. İlk kütləvi qırğınlar və sürgünlər
1914-cü il iyulun 28-də Böyük müharibə - Birinci Dünya müharibəsi başladı. Almaniya avqustun 1-də Rusiyaya müharibə elan etdi. Müharibənin başlanması haqqında manifest verən imperator II Nikolay slavyan xalqlarını müdafiə edəcəyini bildirdi. Az sonra Fransa və Böyük Britaniya da müharibəyə qatıldılar. Rusiya ilə Almaniya arasında müharibə başlayan kimi Moskvada almanlara qarşı qırğınlar törədildi. Daxili işlər naziri N.A.Maklakovun əmrinə əsasən, Rusiya ordusunda xidmət edən alman və Avstriya-macar təbəələri hərbi əsirlər elan edildilər. Onlar dərhal həbs edilməli, Rusiyanın Avropa hissəsindən və Qafqazdan Vyatka, Voloqda, Orenburq quberniyasına, Sibirdən Yakutiyaya sürgün edilməli, casusluqda şübhəli bilinənlər isə məhkəməyə verilməli idilər.
Böyük Britaniya da müharibəyə qatılan kimi Londonda və ölkənin digər yaşayış məntəqələrində almanlara qarşı qırğınlar törədildi.
Osmanlı dövləti müharibəyə qatılana qədər erməni silahlı bandalarının hazırlanması planları
Almanlara qarşı bu kütləvi qırğınlar və sürgünlər törədilən zaman dünyanın böyük dövlətlərindən biri olan Osmanlı hələ müharibəyə qatılmamışdı. Bununla belə, həm Osmanlı, həm də Rusiya ərazisində yaşayan ermənilərin türk düşmənçiliyinin hədd-hüdudu yox idi. Onlar Osmanlıya arxadan zərbə vurmaq üçün əlverişli şəraitin yaranmasını gözləyirdilər.
Müharibə başladıqdan az sonra ermənilərin katolikosu V Gevork Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova göndərdiyi 1914-cü il 18/5 avqust tarixli 1131 nömrəli məktubunda bütün erməni əhalisinin Osmanlı əleyhinə müharibəyə susadığını bildirərək onların silahlandırılması və təşkilatlandırılmasına dair təkliflərini yazdı. Bunun müqabilində ermənilər üçün islahatlar aparılmasını xahiş etdi.
V Gevorkun təkliflərini öyrənən Vorontsov-Daşkov onların yerinə yetirilməsini arzuedilən hesab edərək 1914-cü il 22/9 avqust tarixli 1955 nömrəli məxfi məktubu ilə Nazirlər Şurasının sədri İ. Qoremikinə göndərdi. Bununla bağlı olaraq Vorontsov-Daşkov yazırdı: “Mənə elə gəlir ki, Avropa müharibəsi başa çatdıqdan sonra Türkiyə ermənilərinə dair Rusiyanın öz proqramını həyata keçirəcəyi barədə hökumətin vədlərini vermək lazımdır. Hazırda isə general-inspektor haqqında ermənilərin istəklərini yerinə yetirmək çox məqsədəuyğundur”.
Qafqaz canişinliyinin mülki işlər üzrə köməkçisi N.Peterson isə 1914-cü il 9 avqust tarixli 1457 nömrəli tam məxfi və şəxsən məktubunda Bakı qubernatoru V.V.Alışevskiyə yazırdı: “Ermənilər türk-erməni məsələsini növbəyə qoymaq üçün imkan qazanmaq istəyirlər”.
İ. Qoremikin həmin məktubu xarici işlər naziri S. D. Sazonova yolladı. S. D. Sazonov 1914-cü il 30/17 avqust tarixli 587 nömrəli məxfi məktubunda İ. Qoremikə Qafqaz canişininin 1914-cü il 22/9 avqust tarixli 1955 nömrəli məxfi məktubu ilə əlaqədar olaraq yazırdı: “Mövcud siyasi şəraitdə və imkanlar səbəbindən yaxın vaxtlarda Türkiyə ilə münasibətləri kəsmək və Kiçik Asiyanın erməni vilayətlərində indi islahatlar keçirmək tamamilə yersiz və yolverilməzdir. Bununla əlaqədar olaraq general-adyutant qraf Vorontsov-Daşkova müraciət etmiş erməni ictimai xadimlərinə onun verdiyi cavaba mən yalnız qoşula bilərəm.
Canişinin dediyi kimi, Qafqazın erməni əhalisinin ayağa qaldırılmasının və bu iş üçün cəlb edilməsinin tamamilə başa düşüldüyünü nəzərə alaraq hökumətin Türkiyəyə münasibətdə siyasəti və erməni xalqının gələcəyinə dair baxışları ilə bu xalqın nümayəndələrini daha ətraflı tanış etmək məqsədəuyğun olardı.
Mövcud vəziyyətin gərginliyinə baxmayaraq, Türkiyə ilə münasibətləri kəsmək hələ gerçəkləşməyib, diplomatik yolla onu aradan qaldırmaq imkanı itirilməyib. Bu məsələdə müttəfiqimiz Fransa və İngiltərə bizə lazımi yardımı göstərir.
Əksinə, hərbi əməliyyatlar meydanında başlıca gediş, şübhəsiz, tərəddüd edilən bütün məsələlərə həlledici təsir edə bilər. Hər halda müttəfiqlərimizin də tamamilə razılaşdıqları kimi ümumi siyasi nöqteyi-nəzərdən Türkiyə ilə müharibəni onun özü törədib, bizim tərəfimizdən edilən hər hansı hərəkətlərlə törədilməyib. Ona görə də siyasi vəziyyəti tam aydınlaşdırmadan ermənilər arasında hər hansı üsyan yaratmaq tamamilə arzuolunmazdır və hətta təhlükəlidir. Sonuncu (yəni üsyan, qiyam - M.Q.) bu xalq üçün xeyli kədərli nəticələrə gətirə bilər. Türkiyə ilə sülhü qoruya bilməsək, ona silahlı qüvvə ilə kömək edərik. Lakin məncə, ermənilərə belə bir məsələdə ən müsbət vədlər vermək lazımdır ki, Türkiyə ilə bu saziş əldə edilərsə, bu, erməni məsələsi zəminində heç cür güzəştə getmək olmasın. Bununla belə, həm ermənilərlə, həm də kürdlərlə ən sıx münasibətlər saxlamaq lazımdır ki, Türkiyə ilə münasibətlər kəsilərsə, mövcud halda onlardan istifadə etmək mümkün olsun. Bu baxımdan sərhəddən silah və sursat keçirmək və münasibətlər kəsildikdə və ya kəsilməsi qaçılmaz olduqda onların xaricdəki əhaliyə paylanması üçün hər cür hazırlıq işlərini görmək lazımdır”.
Bundan bir neçə gün əvvəl, 19/6 avqust tarixli 768 nömrəli teleqramında İstanbuldakı Rusiya səfiri M.N.Girs Vandakı konsula yazırdı: “Bizimlə əvvəlcədən razılaşmadan ermənilərin hər hansı çıxışları bizim üçün arzuedilən deyildir. Yaxın gələcəkdə mümkün ola biləcək belə işlərə qatılmaq indi hələ tezdir, çünki biz hələ Türkiyə ilə sülh şəraitindəyik. Biz onunla münasibətləri heç cür kəsmək istəmirik”.
Bu müraciətlərə təqribən eyni vaxtda erməni xadimləri və kürd başçıları Vorontsov-Daşkova müraciət edərək kürdləri və assuriyalıları Türkiyəyə qarşı çıxışlara qaldırmaq barədə öhdəlik götürdülər. O isə 24/11 avqust tarixli 455 nömrəli teleqramında xarici işlər naziri S.D. Sazonova göstərilən təkliflərə ehtiyatla yanaşmağın vacibliyini qeyd edərək, bu sahədə bir sıra hazırlıq tədbirləri görməyi, türklərə düşmən olan elementlərin üzə çıxmasına imkan yaratmağı və onlardan qüvvə hazırlamağı, hərbi əməliyyatlar başladıqda həmin anda istifadə etməyi məqsədəuyğun və mümkün sayırdı. Ona görə də xarici işlər nazirindən xahiş etdi ki, onun sərəncamına 25 min üçlülə tüfəngin və 12 milyon patronun verilməsi üçün hərbi nazirliklə əlaqəyə girsin. Bu silahlar hazırlanmış plana uyğun olaraq bölüşdürülməli idi.
Vorontsov-Daşkov 20/7 sentyabr 760 nömrəli teleqramında Türkiyə ermənilərinin hazırladığı qiyam planı barədə müfəssəl məlumat verdi. Plana görə, Olt, Sarıqamış, Kağızman və İqdırda yerli hərbi hissənin başçılığı altında silahlı bandalar yaradılmalı idi. İran hüdudlarında Voropanovun və Xoydakı konsulun nəzarəti altında Xoyda və Dilmanda kiçik olmayan dəstələr hazırlanmalı idi. Makunun yaxınlığında konsul S.Olferovun vasitəsi və Əbdülrəzzaqın iştirakı ilə kürdlər təşkil edilməli idi.
Urmiyada assuriyalılardan və ermənilərdən ibarət dəstə yaratmaq konsullar Vvedenskiyə və Andreyevskiyə həvalə edildi. Vorontsov-Daşkov birmənalı olaraq yazırdı: “Hamının rəhbər tutmalı əsas göstəriş ondan ibarətdir ki, dəstələr yalnız bizim razılığımızla fəal hərəkətə başlamalıdırlar. Bütün hazırlıq işlərini gizli, yalnız konsullar və hərbi rəislər vasitəsilə, fars mülkü və jandarma administrasiyasının iştirakı olmadan aparmağı təklif edirəm”.
S.D.Sazonov bu təklifləri 23/10 sentyabr tarixli teleqramı ilə baş qərargah rəisi N.N.Yanuşkeviçə göndərdi. Həmin tarixdə N.N.Yanuşkeviç S.D.Sazonova 4180 nömrəli teleqramında belə bir cavab verdi: “Vorontsov-Daşkovun layihələşdirdiyi tədbirləri Ali Baş Romandan tamamilə bəyənir və onları müdafiə edir”.
Müzakirələrdən dərhal sonra, 23/10 sentyabr tarixli 2851 nömrəli teleqramına Rusiya Xarici İşlər Nazirliyinin III siyasi şöbəsinin məsləhətçisi Klemm İstanbuldakı səfir M.N.Girsə yazırdı: “Ali Baş komandan və Qafqaz canişini ilə razılığa əsasən, Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, assuriyalıların və kürdlərin üsyanını vaxtında hazırlamaq qəbul edilib. Dəstələr Azərbaycandakı (Cənubi Azərbaycan nəzərdə tutulur - M.Q.) bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti altında fars administrasiyasından tamamilə gizli hazırlanacaqdır. Tüfənglər hazırlanıb, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirmək üçün kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlayacaqlar. Sizin admiral Edqarda olan teleqramınıza istinad edən nazir bu gün baş qərargah rəisinə teleqram göndərib. O, belə hesab edir ki, vəziyyət mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərəcəsinə çatdırmamağı məqsədəuyğun hesab edir”.
Beləliklə, çarizm, erməni kilsəsi və erməni terrorçu-siyasi təşkilatları bərabər hərəkət etməyə başladılar. Müharibəyə qədər Daşnaksütyunu təqib edən hakimiyyət orqanları hərbi əməliyyatlar başlayan kimi onun üzvlərini sürgünlərdən geri gətirdi və həbsxanalardan azad etdi. Bu addıma müsbət münasibət bildirən canişin Vorontsov-Daşkov imperator II Nikolaya yazdığı məktubunda daşnaklar üzərində məhkəmə proseslərini pisləyərək, çarizmin erməniləri himayə etməklə həm Rusiyada, həm də Türkiyədə özünə etibarlı təbəə əldə edəcəyini bildirdi.
Tiflis quberniya jandarma idarəsinin rəisi 1914-cü il avqustun 25-də 4272 nömrəli tamamilə məxfi məktubunda Daxili İşlər Nazirliyinin Polis Departamentinə yazırdı: “Türkiyə də Rusiyaya müharibə elan edəcəkdir. Türkiyə erməniləri Qafqaz erməniləri ilə əlaqə qururlar. Türkiyə erməniləri güclü silahlanırlar və Rusiyaya kömək edəcəklər. Qələbədən sonra Türkiyə Ermənistanının (Türkiyənin Şərq vilayətləri nəzərdə tutulur - M.Q.) muxtariyyəti məsələsini qoyacaqlar”.
Qafqaz daşnaklarının sentyabr ayında Tiflisdə keçirilən rayon toplantısında Türkiyə ilə mübarizə aparmaq üçün ermənilərdən ibarət milis dəstələri hazırlanması haqqında məsələ müzakirə edildi. Qafqaz rayon mühafizə bölməsinin rəisinin 1914-cü ilin sentyabrındakı məlumatında yazılırdı: “Artıq sentyabr ayında Türkiyə ilə sərhədə zinvorlar göndərildi”. Bu zaman hələ Osmanlı dövləti müharibəyə girməmişdi.
Sentyabrın 20-də Bakı Erməni Mədəniyyət İttifaqının Baş Komitəsi orduya çağırılanların ailələrinə yardım üçün müraciət etdi. İanələr Bakıdakı Torqovı küçəsinin (indiki Nizami küçəsi -M.Q.) tinində Milyon küçəsində Mədəniyyət İttifaqının binasında komitənin katibi Aleksandr Bahaduryansa verilirdi. Bakıda neft sənayesində olan erməni sahibkarlar da Şərqi Anadoludakı ermənilərə yardım göstərirdilər. Erməni təşkilatları müharibənin yekununda “erməni məsələsi”nin həllinə ümid edirdilər.
Ermənilərin “Mşak” (Zəhmətkeş) qəzeti 1914-cü il 1 oktyabr tarixli sayında “Biz nəyi xahiş etməliyik?” adlı məqaləsində yazırdı: “Erməni məsələsini İsrail Ori başladı. Erməni məsələsinin müəllifi Rusiyadır. Müharibənin yekununda biz bu məsələnin həllinə nail olmalıyıq”.
Daşnaksütyunun Tiflisdə nəşr edilən “Orizon” (Üfüq) qəzetinin 1914-cü il 7 oktyabr tarixli sayında çap edilmiş “Ermənilər və cari vəziyyət” adlı məqalədə isə vurğulanırdı: “Rus-türk fəlakətində rus silahına böyük köməyimiz sadəcə vətəndaş vəzifəsi ilə bağlı deyildir, bizim yüksək siyasi məqsədlərimizə xidmət edir”.
Daşnaksütyunun yaradıcılarından biri və daşnak Ermənistanın baş naziri olmuş Ov.Kaçaznuni sonralar etiraf edirdi ki, 1914-cü ilin payızında hələ Türkiyə müharibə aparan dövlətlər ailəsinə qatılmamış və buna hazırlaşmamış Cənubi Qafqazda erməni “könüllü dəstələri” böyük hay-küy, enerji ilə təşkil edilməyə başlandı və türklərə qarşı çıxış etdilər. Daşnaklar inanırdılar ki, ermənilərə muxtariyyət veriləcək, bu muxtariyyət Türkiyənin Şərq vilayətlərindən və Cənubi Qafqaz Ermənistanından ibarət olacaqdır.
Osmanlı dövləti müharibəyə qatıldıqdan sonra erməni silahlı bandalarının hazırlanması
Belə bir şəraitdə Rusiya ilə Osmanlı arasında müharibənin başlanması yalnız bir an məsələsi idi. Həmin an gəlib çatdı. Oktyabrın 17-də türk donanması Novorossiyskini bombardman etdi. II Nikolay bütün Rusiya təbəələrinə müraciət edərək Türkiyə ilə müharibənin başlandığını bildirdi.
Müharibə başlayan kimi Vorontsov-Daşkov Rusiya imperatorluğu Xarici İşlər Nazirliyinin razılığı ilə Tiflis şəhər başçısı, erməni A.İ.Xatisovu və daşnak lideri, yepiskop Mesropu yanına çağıraraq “könüllü erməni dəstələri”nin təşkil edilməsi arzusunu bildirdi. Hərbi əməliyyatlar meydanında erməni bandaları dövlət vəsaiti hesabına təmin olunacaqdılar. Müharibənin başlanğıcından çarizm bandaların təşkil edilməsi üçün ilkin olaraq 242 min 900 rubl vəsait ayırdı.
Bolqarıstandan gələn terrorçu Andranik Ozanyan Tiflisdə Qafqaz canişini ilə görüşdü, daha sonra Qafqaz Hərbi Dairəsinin Qərargahına getdi. Onun bandasına bir neçə min tüfəng verildi. Birinci erməni drujinasına Andranik, ikincinə Dro, üçüncünə Keri, dördüncünə Amazasp başçılıq edirdilər. Beşinci dəstə də quruldu. Bunlar Ararat dəstəsi adlanırdı. Onların hamısının ümumi rəhbəri Vardan idi. Dəstələri çarizm təchiz edirdi. Daha sonra yeni bir dəstə İşxanın komandirliyi altında yaradıldı. Ona “Tapon dəstəsi” deyilirdi. Banda başçılarının hamısı məşhur terrorçular idi.
Rusiyanın müxtəlif quberniyalarından ermənilər dəstələrlə Cənubi Qafqaza axışırdılar.
Noyabrın 1-də çar Rusiyasının ordusu Türkiyə sərhədini keçdi. Ermənilərin ümidləri artırdı. Daşnaklar səfərbər edildilər. Silahlı bandaların təşkili üçün Erməni Mərkəzi Komitəsi və erməni drujinalarının bölüşdürüməsi komitəsi quruldu. İki üzvündən birinin daşnak olduğu komitə erməniləri toplayır, təlim keçir və cəbhəyə göndərirdi. Komitənin bölmələri Tiflis, İrəvan, İqdır və Vanda fəaliyyət göstərirdi.
Qısa müddət ərzində Qafqazda 18 yaşından 40 yaşadək olan ermənilərin səfərbərliyi keçirildi. Bakıda Erməni Mədəniyyət İttifaqının Mərkəzi Komitəsi müharibədə “vətənpərvərlik işinə yardım” kampaniyasına başladı. Bütövlükdə, ermənilər Bakıda yalnız bir ay müddətində 18.804 rubl 81 qəpik pul topladılar. Bununla da kifayətlənməyərək Cənubi Qafqazda yeni cəmiyyətlər yaratdılar. Aparılan təbliğat nəticəsində Osmanlı ordusundakı erməni əsgərləri silahları ilə birlikdə kütləvi şəkildə çar Rusiyası tərəfə keçməyə başladılar. Bir neçə cəbhədə hərbi əməliyyatlar aparan Osmanlı dövləti həm silahlı ermənilərin qiyamı, mülki müsəlman əhalini kütləvi şəkildə öldürməsi, həm də ordudan erməni əsgərlərin fərariliyi ilə üzbəüz qaldı.
Bomba, sursat və top anbarı yaradılan Vanda daşnaksütyun kürdləri və türkləri məhv etmək və soyub-talamaq əmrini verdi.
Erməni silahlı bandaları dinc türk, müsəlman əhalinin yaşadıqları kəndlərə girərək kütləvi surətdə onları qırır, ərzaqlarını qarət edir və evlərini talayır, bundan sonra isə həmin kəndlərə çar ordusu daxil olurdu.
Erməni silahlı bandalarının türk, müsəlman əhalini kütləvi şəkildə qırması və muxtariyyət istəkləri
Erməni bandaları türk və müsəlmanları qarət edir, çar ordusu isə dəstələrin ələ keçirdikləri qəniməti onlardan alırdı. Ona görə də daşnaklar rus komandanlığına nifrət edirdilər. Ermənilər 5 min nəfərlik jandarma dəstələri qurub yerli hakimiyyəti əllərinə keçirmək istəyir, silahlıların sayını 40 min nəfərə çatdırmağa çalışırdılar. Bu xəbər general Nikolayevə çatdırıldıqda, o, belə fəaliyyətlərə etiraz etdi.
Rusiya komandanlığının mövqeyi daşnaksütyunu şübhələndirdiyi üçün daşnak Rostomu Fransa və İngiltərə dairələrinin “erməni məsələsi”nə münasibətini öyrənmək üçün Avropaya göndərildi. Ermənilər sülh müqaviləsi bağlanarkən erməni muxtariyyətinin qurulacağına ümid edirdilər. Rostom Londonda İngiltərənin xarici işlər naziri Edvard Qrey ilə görüşdü. O, müharibənin yekununda ermənilərə muxtariyyət verilməsi üçün çalışacağına söz verdi.
1914-cü ilin noyabr ayında 700 nəfər qnçakçı dağları keçərək dinc türk, müsəlman əhalini qırmağa başladı. Terrorçu Drastamat Kanayanın rəhbərlik etdiyi 500 nəfərlik banda isə noyabr ayının əvvəllərində İqdırdan Bəyazidə keçdi.
Noyabrda Suxumidən 300 nəfər erməni Arşak, Artun, Bazar və Sarkisin rəhbərliyi ilə yerli silahlı ermənilərə qoşulmaq üçün Cənubi Azərbaycana getdi. “Mşak” qəzeti “könüllülər”in daha 100 nəfərinin Cənubi Azərbaycana gedəcəyini yazırdı. Noyabr ayında Andranikin dəstələri Cənubi Azərbaycan tərəfdən keçərək türklərə qarşı qırğınlara başladı. Andranikin dəstəsinin fəaliyyəti çarizm qərargahı tərəfindən yüksək qiymətləndirildi. O, ən yüksək mükafata və qızıl silaha, bandasının 121 üzvü isə Georgi xaçına layiq görüldü.
Döyüşlərə silahlı bandalar göndərən erməni mərkəzləri çarizm hakimiyyət orqanları ilə birlikdə gələcək Ermənistan barədə layihələr hazırlamağa başladılar. 1914-cü ilin noyabr ayında ermənilərin Tiflisdəki Mərkəzi Bürosu Ermənistanda özünü idarəetmənin layihəsini belə əsas çərçivədə formalaşdırdı: “Türkiyənin erməni vilayətləri bir yerdə Rusiyanın ali prorektoratlığında birləşdirilir. Mərkəzi inzibati şəxs xristian dininə itaət edən yüksək rütbəli general-qubernator olur. Geniş yerli islahatlar keçirilir. Sərhədləri dəyişdirilən erməni vilayətləri belə təşkil edilir: şimalda rus hüdudları; cənubda Aralıq dənizi. Onların tərkibinə beləliklə, Kilikuya daxil olur”.
Bununla bağlı olaraq Bakıda dərc edilən “Kaspiy” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 nömrəli sayında yazılırdı ki, 6 vilayətdə - Ərzurum, Van, Bitlis, Harbert, Diyarbəkir və Sivasda ermənilər yığcam halda yaşayırlar. Digər iki vilayətdə - Adananın cənubunda və Trapezundun şimalında onlar 40-50 faizə qədərdir. Bütün 6 vilayətdə 1.018.000 erməni yaşayır. 1.082.000 erməni isə pərakəndə halda bütün Türkiyə ərazisində yaşayır, heç yerdə Adanada və Trapezunda olduğu kimi çoxluq təşkil etmirlər. Beləliklə, Türkiyədəki bütün ermənilərin sayı 2.100.000 nəfərə çatır. Hələ 1882-ci ildə İstanbuldakı erməni patriarxının dərc etdirdiyi statistik məlumata görə, Türkiyədəki ermənilərin sayı 2.600.000 nəfərədək idi.
İmperator II Nikolay 1914-cü il noyabrın 26-da Tiflisə gəldi. Onunla görüşən katolikos V Gevork Osmanlının məğlub edilməsinin və erməni istəkləri məsələsinin həllinin vacibliyini bildirdi. Könüllü adlandırılan erməni silahlı bandalarının vahid mərkəzdə təşkilinə icazə alındı. İmperatorun Tiflisə gəlişi ilə erməni silahlı bandalarının döyüş meydanlarına göndərilməsi daha da sürətləndi. Dekabrın 5-də Aramın rəhbərliyi altında erməni silahlı bandalarının bir hissəsi Xoya, oradan da Dilmana keçdi.
Dekabr ayında “Priaz. Kr” qəzetində erməni kilsə xadimləri Gevorqun və Q.X.Çalkumyanın erməni komitələrinə aşağıdakı məzmunda müraciəti dərc olundu: “Bununla, bütün erməni komitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra erməni könüllülərinin təlimi, ekipajlaşdırılması və zəruri olan bütün hər şeylə təchiz edilməsi yalnız Tiflisdə keçiriləcəkdir. Burada hökumət bizim könüllülərin ehtiyaclarına geniş kömək edir. Buna görə də Tiflis bürosunun sərəncamına uyğun olaraq bütün erməni komitələrindən yerli xərclərdən imtina etmələrini xahiş edirik. Çünki vəsaitə kəskin ehtiyac vardır və ianələri təcili olaraq Tiflis bürosunun sədri Samson Stepanoviç Arutunovun adına göndərməyi xahiş edirik” (Qriboyedov küçəsi, Tiflis).
Tehran erməniləri də silahlı bandalara yardım etdilər. Bolqarıstan, Rumıniya və digər ölkələrdən gələn ermənilər 1000 nəfərlik dəstə ilə dekabrın 19-da cəbhəyə yollandılar. Sonralar erməni tarixçisi A.Lalayan yazırdı: “1914-cü ilin əvvəlindən 1915-ci ilin sonunadək daşnaksütyun 10.000 könüllü yaradaraq Türkiyəyə qarşı döyüşə göndərdi”.
Erməni silahlı bandaları əslində Rusiya üçün deyil, muxtariyyət naminə döyüşürdülər. 1914-cü il dekabrın 7-də rus tarixçisi, professor P. N. Milyukov (sonralar xarici işlər naziri - M.Q.) “Kavkazskiy teleqraf” qəzetinin 61-ci sayında dərc olunmuş “Türkiyə Ermənistanının taleyi” adlı məqaləsində yazırdı: “Etnoqrafik Ermənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1.183.000 nəfər və ya 45,2 faizdir. Onlardan ermənilər 1.018.000 nəfər və ya 45,1 faiz, digər dinlərin nümayəndələri 254.000 nəfər və ya 0,1 faizdir. Deməli, burada yaşayan əhalinin 54,8 faizi müsəlmandır. Cəmi 2 milyon 615 min nəfər əhali yaşayır”.
P.Milyukov daha sonra qeyd edirdi: “Mən ermənilərin milli məsələlərini onlardan yaxşı başa düşməyə iddia edə bilmərəm. Ancaq burada məsələnin başqa tərəfi vardır, məsələ dövlət və millətlərin ümumi münasibətləri baxımından qiymətləndirilməlidir. Türkiyə Ermənistanında muxtariyyət qurulması və Qafqazda mövcud vəziyyətin saxlanılması ilə müxtəlif rejimlərdə yaşayan bir xalqdan ibarət olan iki vilayət yaranacaqdır. Bunun fərqliliyi bütün erməni milləti üçün Qafqazda hələ unudulmayan münasibətlərin qəmli pisləşməsi olar. Erməni xalqının birləşməməsi ermənilik üçün arzuedilməz hala gətirər”.
“Qolos Kavkaza” qəzetinin 1914-cü il 30 dekabr tarixli 2404 nömrəli sayında V.Ars-ov soyadlı müəllif sual edirdi: “Rus Qafqazının yanında Türkiyə Ermənistanının muxtariyyəti necə ola bilər?” Cavabında da özü yazırdı: “Cavab birdir: Rusiya Ermənistanı özünə tərəf Türkiyə Ermənistanını çəkməyəcəkdir, əksinə özü ona tərəf meyil edəcəkdir. Türkiyə Ermənistanında muxtariyyətin qurulması Rusiyanın öz əli ilə ucqarlarında mərkəzdənqaçma cəhdlərini yaratmaq demək idi. Bundan Rusiyanın çoxsaylı düşmənləri istifadə edə bilər, Rusiyaya loyal olan erməni xalqı içərisində çoxlu gözlənilməz və qəmli çətinliklər yarada bilərik”.
Çarizm belə hesab edirdi ki, Rusiya Ermənistanı Türkiyə Ermənistanını özünə tərəf çəkməyəcək, əksinə, özü ona tərəf meyil edəcəkdir. Azərbaycanlılar və gürcülər də eyni iddialara düşə bilərdilər.
Məsələyə çar Rusiyasının yanaşması daşnakları qane etmədi. Rusiya daxili işlər nazirinin müavini Cunkovskiy qərargah rəisi N.N.Yanuşkeviçə bununla bağlı yazırdı: “...erməniçiliyin sol elementləri yalnız Rusiyaya münasibətdə zahiri loyallıqları ilə maskalanmışlar, ilk münasib anda bu maskanı atmağa və böyük dünya müharibəsinin başa çatmasını gözləmədən, bu silahı elə özlərinin yeganə dayaqları və müdafiəçisi olan həmin Rusiyaya yönəltməyə hazırdırlar. Yaxın zamanlardakı hadisələr bunu tamamilə təsdiq etdi”.
Bu zaman erməni silahlı bandaları türk və müsəlman əhalini kütləvi surətdə qırmaqda davam edirdi. Kars vilayətinin müvəqqəti general-qubernatoru, general-leytenant Zubov vilayətin əhalisinə 1915-ci ilin yanvar ayında etdiyi müraciətində deyirdi: “Türkiyə ilə müharibə başladıqdan sonra azmədəniyyətli xristian əhalinin bir hissəsinin vilayətin yerli müsəlmanlara münasibətdə müşahidə edilən düşmənçiliyi son vaxtlar açıq hücumlara çevrilib, bunun nəticəsində bir neçə dinc müsəlman öldürülüb. Belə xeyli qəmli olan təzahür rus təbəələrinə xas deyildir, bizim vətənimizdə belə hallara yol verilməməlidir. Rusiya türk hökuməti və orduları ilə döyüşür, yerli dinc əhali ilə döyüşmür. Hətta türk təbəəsi olan dinc müsəlmanlar rus qanunları ilə qorunmaq və himayə olunmaq haqlarına sahibdirlər, hələ rus təbəəsi olan müsəlmanları demirik, onlar da xristianlar kimi bərabər hüquqlara malikdirlər. Mövcud qanunlardan kənarda Rusiya hüdudlarında hətta Rusiyaya və onun hərəkətlərinə düşmən münasibətdə olan ayrı-ayrı şəxslər və qruplar üzərində hər hansı zorakılığa və özbaşına mühakiməyə yol verilmir. Bunun üçün hakimiyyət və məhkəmə vardır. Günahkarlar mövcud qanunlar əsasında cəzalandırılmaq üçün məhkəmələrə verilməlidir. Əhali yalnız təqsirkar şəxslərin hakimiyyətə verilməsinə yardım etməli, öz istədikləri kimi onların üzərində mühakimə qurmamalıdır. Belə zorakılıq və mühakimə edən şəxslər cinayətkarlardır və qanun qarşısında məsuliyyət daşıyırlar. Yaxın vaxtlarda dinc müsəlman əhalisinin öldürülməsi idarəçilik qaydalarına qarşı cinayətdir və günahkarlar müharibə dövrünün qanunlarına uyğun olaraq hərbi məhkəmələr tərəfindən mühakimə ediləcəklər. Sağlam düşüncəli xristian əhaliyə müraciət edərək azmədəniyyətli xristian əhaliyə hərbi əməliyyatların yaratdığı hazırkı vəziyyət üçün tamamilə təqsirkar olmayan yerli müsəlman əhaliyə münasibətdə hər hansı düşmən hərəkət etməməyə çağırıram, istər xristian, istərsə də müsəlman olsun, cinayət törədənlər hərbi məhkəmələrə veriləcəkdir. Belə cinayəti törədənlər edam ediləcəklər”.
Kars qubernatoru Podqurski isə 1915-ci ilin yanvarında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədrinə göndərdiyi teleqramında yazırdı: “Kars vilayətinin müsəlman əhalisi müharibədən güclü zərər çəkmişdir. Ehtiyac böyükdür və təhlükə vardır. Heç yerdən yardım yoxdur. Cəmiyyətə müraciət edərək yardım istəyirəm”. O, yardım göstərilməsi üçün hökumətdən xahiş edəcəyini də yazırdı.
Türklərin və digər müsəlman xalqların kütləvi şəkildə öldürülməsini erməni ictimai xadimləri də etiraf edirdilər. Məsələn, Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti və müharibədən zərərçəkənlərə erməni yardım üzrə Mərkəzi Komitəsinin sədri S.Arutunov yanvarın 27-də Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinə yazırdı: “Mən Karsı gəzərkən əmin oldum ki, müharibədən əziyyət çəkən, evlərini itirən, din qardaşlarına pənah gətirən müsəlman qaçqınları da vardır. Onlar öz kəndlərini buraxaraq hərbi əməliyyatlardan uzaq yerlərə öz din qardaşlarına pənah aparıblar”.
S.Arutunov müsəlman qaçqınları üçün yardım toplamağı və bununla bağlı olaraq Karsın hərbi qubernatoru Podqurskiyə müraciət etməyi məsləhət görürdü.
Ermənilərin nəşr etdikləri “Baku” qəzeti 1915-ci il 30 yanvar tarixli sayında yazırdı: “Kars vilayətində Şildir dairəsində 24, Düz Ərdəhan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün yandırılıb”.
Erməni iddialarına Rusiyanın münasibəti
Katolikos 1915-ci ilin yanvarında kürd və türk əhalinin yaşadığı kəndləri ermənilərə vermək təklifini irəli sürdü. Lakin Rusiya buna etiraz etdi. Erməni silahlı bandalarının işğal edilmiş türk ərazilərində muxtariyyət qurmaq iddiaları, dinc türk və müsəlman əhalini kütləvi şəkildə öldürmələri rus ordu komandanlığını hiddətləndirdiyi üçün onların cəbhədən geri xətlərə çəkilməsi haqqında göstəriş verdi.
(ardı var)
Musa Qasımlı
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor
"Azərbaycan" qəzeti