Ermənilər sosial şəbəkələrdə od püskürdülər: “Əsl “erməni soyqırımı”nı ABŞ Sorosun əli ilə edir”

A- A A+

ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi gerçəkliklərdən tamamilə uzaq olmaqla yanaşı, Ermənistan üçün ciddi problemlərin növbəti başlanğıcı hesab edilir.  Qeyd edilənlər fonunda “soyqırımı” sözünün işlədilməsi heç də bütün ermənilərin ürəyincə deyil. Hətta Ermənistanda belə bir fikir hakimdir ki, ABŞ Corc Sorosun vasiəsilə burada ermənilərə qarşı siyasi, sosial, iqtisadi soyqırımı törədir.

“Paşinyanın hakimiyyəti Soros fonduna bağlıdır”

“4rd.am” saytı yazır ki, Nikol Paşinyanın hakimiyyəti dövründə Corc Sorosun təsirində olan QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başladı: “Hazırda Sorosun “Açıq Cəmiyyət İnstitutu” Ermənistanda praktiki olaraq bütün sferaları - media,  siyasi təşkilatlar, gənclər qurumları, insan hüquqlarının müdafiəsi, təhsil, elm və digər çoxsaylı qurumları maliyyələşdirir. Soros fondu Ermənistanda təkcə “medianın inkişafı” adı altında 5 milyon dollardan çox pul xərcləyib. Bu media orqanları  Paşinyanın hakimiyyətə gəlməsində və Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq, hakimiyyətdə qalmasında müstəsna rol oynayır”.

Soros fondu Ermənistanı faktiki iflasa aparıb. Erməni ekspert Ruben Artomyan bu xüsusda bildirir: “Paşinyan hakimiyyəti bütün mənalarda Soros fonduna bağlıdır. Hökumətlə vətəndaşların arasında olan qarşıdurmalar o qədər gərginliklər yaradıb ki, xalqın həyat tərzi, yaşam səviyyəsi aşağı düşüb. Paşinyan hakimiyyətə gələndə  insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması gözlənilirdi. Amma onun Soros fonduna bağlı kadrları hər şeyi əksinə etdi. Ermənistanda sosial durum çox ağırdır və bu durumun ağırlığı insanların fərqli qərarlar verməsinə səbəb olur. İnsanlar Soros hakimiyyətindən yaxa qurtarmağa can atırlar”.

“Ermənistanda xalq acından ölür”

“Facebook” sosial şəbəkə istifadəçisi Daniel Mkrtçyan qeyd edir ki, Baydenin “soyqırımını” tanıması erməni xalqına heç nə verməyəcək: “Xalqa soyqırımı yox, iş lazımdır. Bu gün ölkədə bahalaşma ilə yanaşı, işsizliyin artması problemini də nəzərə aldıqda, Ermənistandakı çıxılmaz durum bir qədər də aydınlaşır. İşsizlik və bahalaşma  Ermənistanın başlıca problemi olan demoqrafik böhranı daha da dərinləşdirir. Ermənistanı tərk edənlərin sayı ildən-ilə artmaqdadır. Nəticədə, burada demoqrafik böhran elə bir həddə çatıb ki, yaxın gələcəkdə ölkənin tamamilə boşalması təhlükəsi ilə üz-üzə qalması reallaşa bilər. Beləcə, bugünkü Ermənistanın timsalında ölkənin səriştəsiz rəhbərliyinin siyasətinin ağır nəticələrini aydın görmək mümkündür. Bu səhvlərin düzəlməsi əvəzinə soyqırımının tanınmasını bayram etmək sadəcə gülməli görünür”.

Manvel Mxıtaryan adlı istifadəçi “Facebook”da paylaşdığı statusunda yazır ki, ABŞ-ın prezidentinin soyqırımı ifadəsini işlətməsi nəyi dəyişəcək ki: “Ermənistanda xalq acından ölür, qaçıb ölkədən canını qurtarmaq üçün variantlar fikirləşir, bunun qarşısında bizim iqtidarın sevindiyi məsələyə baxın. Müharibədə uduzmuşuq, Paşinyan Ermənistanı məhv edib. Satılmayan torpaq  qalmayıb. Bunun təhlilini aparın”.

“Problem soyqırımı deyil, çörəkdir”

“Odnoklassniki” sosial şəbəkəsində paylaşılan “Bayden “erməni soyqırımı”nı tanıdı” başlıqlı xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığını yazan Qriqor Baqdasaryan adlı istifadəçi isə qeyd edir ki, Paşinyan hakimiyyəti bunu böyük uğur kimi tirajlamağa başlayıb: “Baydenin bir məsələ ilə bağlı açıqlamasını bayram edənlər nəyə və niyə sevinirlər ki? Çönüb ölkəyə bir baxın. Problem Baydenin sözləri deyil, çörəkdir. Xalq acından ölür, kreditlə bağlı müraciətlərin sayı-hesabı yoxdur. Dollar kreditlərinə görə Ermənistanda çoxları böyük problemlərlə üzləşib. Evlərini satanlar, hətta intihar edənlər də olub. Amma onların taleyi nə əvvəlki hökuməti, nə də indikini maraqlandırır”.

“Twitter” sosial şəbəkəsində  “erməni soyqırımı” ilə bağlı xəbərin paylaşıldığı səhifədə Vazgen Melukunyan adlı birinin yazdığı rəy də çox bəyənmə toplayıb: “Baydenin ağzından çıxan bir cümləyə görə bu qədər sevinənlər Paşinyan hakimiyyətinə yaltaqlıq edənlərdir. Müqayisəni ABŞ-la deyil, Azərbaycanla aparın. Düşmən dediyimiz ölkənin prezidentinin xalqa xidmətinə baxın, bir də bizimkilərin çıxartdığı hoqqalara. 15 ildir müəllim işləyirəm, bir neçə banka borcum var. Deyəsən, o dünyaya da elə borclu gedəcəyəm. Müqayisəni özünüz aparın”.

“Hakimiyyət yarıtmaz siyasətini belə ucuz piarla örtmək istəyir”

David Munakyan adlı birinin “Twitter” sosial şəbəkəsindəki paylaşımı da maraqla qarşılanıb: “Acı reallıq olsa da, qəbul edək ki, ABŞ prezidentinin “erməni soyqırımı” deməsinin bu qədər böyüdülməsinə nə ehtiyac var ki? Mediada ancaq bu mövzu ətrafında xəbərlərdir. Hakimiyyət yarıtmaz siyasətini belə ucuz piarla örtmək istəyir. Belə düşük çıxışlara, aktyorluğa yalnız Ermənistanda biz zavallı insanlar inana bilərik”.

Şamo Sasunyan adlı istifadəçinin “VKontakte” sosial şəbəkəsində Paşinyan və Baydenin şəkillərini paylaşaraq “Erməni həqiqətlərini dünyaya çatdıran şəxsiyyətlər” şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Vartan Orikyan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: “Sənin dünyadan xəbərin yoxdur. Sən Ermənistanda yaşamırsan? Mətbuatı izləmirsən? Ölkədə aclıq baş alıb gedir. Əsl “erməni soyqırımını” ABŞ Sorosun əli ilə edir.  Paşinyan hakimiyyətə gələndən ermənilər üçün nə edib? Yalançı vədlər, uydurma təkliflər”.

“Xalq yenə Sorosun diktəsi ilə səfalətə sürüklənəcək”

Bunların fonunda diqqətçəkən məqam həm də odur ki, baş nazir Nikol Paşinyanın istefası Ermənistan mediasında və sosial şəbəkələrdə bir nömrəli mövzuya çevrilib. Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib və xalqa videomüraciətində deyib: “İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vəzifəmdən istefa verirəm. Mən aydın şəkildə demişəm ki, xalqın mənə təqdim etdiyi statusdan ancaq xalqın iradə ifadəsinin dəqiq nəticələrinə əsasən tərk edə bilərəm. Belə iradə ifadəsi olmayana qədər mən baş nazir funksiyasını davam etdirəcəm”.

O vurğulayıb ki, bu gün əsas məsələ ölkədə və ətrafında vəziyyətin stabilləşdirilməsidir, onun hökuməti də getmək yox, bu məsələlərin həlli ilə məşğul olmaq niyyətindədir. Baş nazir başqa fəal yayılan şayiəyə də toxunub: “Artıq bir aya yaxındır ki, mənim övladlarımın, mənim ailə üzvlərimin Ermənistanı tərk etməsi haqda yalan şayiələr yayılır. Son aylar ərzində, xüsusən də müharibənin başladığı ilk gündən mənim ailəmin heç bir üzvü Ermənistandan çıxmayıb və bunu eləməyə də hazırlaşmır”.

“Facebook” şəbəkə istifadəçisi Armen Yeqizaryan bu fonda qeyd edir ki, Paşinyanın bu müraciəti Ermənistanın hələ onun vasitəsilə xaricdən idarəsinin davam etdiriləcəyini göstərir: “Xalq arasında nüfuzunu itirən Ermənistan hakimiyyəti indi özünə qarşı edilən bütün çıxışları güc yolu ilə susdurmağa, təşkil olunan etiraz aksiyalarını polis dəyənəyi hesabına dağıtmağa üstünlük verməyə daha çox meyillənir. Bunun nəticəsidir ki, son dövrlərdə Ermənistanda polis repressiyası daha da güclənib və müxalif qüvvələrin, onları dəstəkləyən insanların təqib edilməsi kimi halların sayı əhəmiyyətli dərəcədə artıb. Baş verənlər fonunda ölkə müxalifəti də vəziyyətdən çıxış üçün heç nə vəd etmir”.

“Facebook” sosial şəbəkə istifadəçisi Ruben Soqomonyan isə yazır ki, deməli, bu halda erməni hökuməti yenə xaricdən gələn göstərişlə idarə ediləcək: “Xalq yenə xaricilərin, indiki halda Sorosun diktəsi ilə səfalətə sürüklənəcək. Bu gün yenə ölkənin əmək bazarında da süstlük hökm sürür. Ermənistanda işsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksək olduğu halda hər il məşğulluq proqramları müəyyən olunsa da, maliyyə çatışmazlığı ucbatından onlar cəmi 25 faizədək icra oluna bilir. Biz yenə buna dözməli olacağıq. Əvəzində hansısa əhəmiyyəti olmayan Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirləri az qala bayram edirik”.

Bütün bunlar Co Baydenin açıqlamalarının Ermənistanda heç də hamı tərəfindən məmnunluqla qarşılanmadığını göstərir. Çünki ermənilərə hansısa qondarma “soyqırımının” tanınması yox, iş, çörək lazımdır.  

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: