Almaniya portalında dərc olunan məqalədə ABŞ Prezidenti Co Baydenin qondarma “soyqırımı” ilə bağlı bəyanatı pislənilib

A- A A+

Almaniyanın “nex24.news” portalında “Azərbaycan: Türk qurbanlar bilərəkdən gözardı edilir” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın partiyanın yaydığı birgə bəyanatda Osmanlı dövründə baş vermiş hadisələrin ABŞ Prezidenti Co Bayden tərəfindən “soyqırımı” olaraq adlandırılmasını qəti şəkildə pislədiyi qeyd olunub. Bildirilib ki, Ermənistan tarixi faktları saxtalaşdırmaq yolu ilə dəfələrlə müxtəlif təxribatlara əl atıb. Erməni təbliğat maşını və onun dəstəkçiləri on illərdir ki, Osmanlı dövründə ermənilərə qarşı "soyqırımı" törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa çalışırlar.

Vurğulanır ki, əsl həqiqət odur ki, bir çox erməni çətin müharibə şəraiti, daxili çəkişmələr, aclıq və xəstəliklər üzündən həlak olub. Bəyanatda, həmçinin bildirilir ki, əgər məqsəd tarixi həqiqətlərin obyektiv öyrənilməsidirsə, o zaman bu məsələnin araşdırılması tanınmış tarixçilərə, eləcə də bu sahə üzrə ixtisaslaşmış beynəlxalq tədqiqat mərkəzlərinə həvalə olunmalı, eləcə də məsələnin siyasiləşdirilməsinə yol verilməməlidir. Türkiyə arxivlərini tarixçilərin üzünə açmağa hazır olduğunu dəfələrlə bəyan edib, habelə sözügedən məsələnin araşdırılması ilə bağlı ortaq tədqiqat komissiyasının yaradılmasını təklif edib.

Eyni zamanda, məqalədə Xocalı soyqırımı da xatırladılır və erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında çoxsaylı qadın, uşaq və yaşlı olmaqla, 613-dən çox mülki şəxsi ağlasığmaz vəhşiliklə qətlə yetirdiyi, şəhəri tamamilə dağıtdıqları bildirilir. Həmçinin Almaniyada yaşayan azərbaycanlıların da ABŞ Prezidentinin qondarma “soyqırımı” ilə bağlı açıqlamasını pislədikləri vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: