Küveytin “Bobiannews.net” xəbərlər portalında “Azərbaycanda məcburi köçkünlər” başlıqlı məqalə dərc olunub

A- A A+

Küveytin “Bobiannews.net” xəbərlər portalının əməkdaşı Adil Əl-Əzminin müəllifliyi ilə sözügedən saytda qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına, Azərbaycan Respublikasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə həsr edilmiş “Azərbaycanda məcburi köçkünlər” başlıqlı geniş məqalə dərc olunub.

Azərbaycanın Küveytdəki Səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının erməni işğalından azad edilməsinin uzunmüddətli münaqişənin və köçkünlər probleminin həllinə əlverişli şərait yaratdığı qeyd olunur.

Münaqişə haqqında məlumatda deyilir ki, 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində, vaqonlarda, düşərgələrdə, digər müvəqqəti yaşayış məskənlərində çox çətin şəraitdə yaşamağa məcbur olublar.

Yeddi milyon əhalisi olan (I Qarabağ müharibəsi zamanı) Azərbaycanın əhalisinin 1/7-i qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və bu ağır humanitar göstəriciyə görə ölkəmiz dünya üzrə birinci yerdə qərarlaşmışdır.

Lakin, buna baxmayaraq Azərbaycan Hökuməti 1998-ci ildən başlayaraq qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması strategiyasını qəbul etmiş, onların daha yaxşı şəraitdə yaşamasını təmin etmək məqsədilə müvəqqəti kompakt yaşayış binaları tikməyə başlamışdır.

Azərbaycanın köçkün əhalisinin öz evlərinə qeyd-şərtsiz və təhlükəsiz qayıtmaq hüququ BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, İƏT, AŞPA, ATƏT, Avropa İnsan Hüquqları Məhkəməsinin və sair onlarla qətnamə və qərarında təsdiq edilmişdir. 2014-cü ildə BMT-nin məcburi köçkünlərin hüquqları üzrə Xüsusi Məruzəçisi bildirib: “Azərbaycanda məcburi köçkünlər üçün davamlı həll yollarının axtarılmasında əsas əngəllərdən biri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafında yaranmış münaqişənin siyasi həllinin olmamasıdır”. O, beynəlxalq ictimaiyyəti və bütün tərəfləri Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının, xüsusən təhlükəsizlik və ləyaqətlə könüllü qayıtmaq hüquqlarının tam bərpası məqsədilə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərməyə çağırmışdır.

2016-cı ilin aprelində strateji yüksəkliklərin işğaldan azad edilməsindən sonra təhlükəsizliyi təmin edilmiş Cocuq Mərcanlı kəndinə qayıtma ilə bağlı uğurlu təcrübə ilk dəfə tətbiq edilmişdir. Bu layihə 23 ildən sonra 150 ailənin öz doğma yurdlarına qayıtması üçün əlverişli mühitin yaradıldığı misilsiz qayıdış layihəsi olmuşdur.

2020-ci ildə ərazilərinin otuz illik işğaldan azad edilməsindən sonra Azərbaycan Hökumətinin əsas prioritetləri bu əraziləri minalardan və digər partlamamış hərbi sursatlardan təmizləmək, münaqişə zamanı tamamilə dağılmış şəhərləri və digər yaşayış məntəqələrini bərpa etmək və lazımi şərait yaratmaq, məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etməkdir. Təəssüf ki, Ermənistanın bu yaxınlarda azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən imtina etməsi bu prosesə hələ də mane olur.

Keçən ilin noyabrında Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə yüzdən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.

Müəllif qeyd edir ki, Ermənistanın minalardan təmizləməyə dair anti-humanist mövqeyinə baxmayaraq, 30 illik qanunsuz işğalı nəticəsində tamamilə dağılmış ərazilərin bərpasına, məcburi köçkünlərə etibarlı və ləyaqətlə qayıtmaq imkanı vermək üçün həmin ərazilərdə minalardan təmizləmə və yenidənqurma işlərinə artıq başlanılıb. Azərbaycan Hökuməti əməkdaşlıq üçün beynəlxalq ictimaiyyətdən Ermənistana lazımi təzyiq göstəriləcəyini gözləyir. Azad edilmiş torpaqlara Böyük Qayıdışın nəhəng miqyasını nəzərə alaraq, hazırda bir neçə pilot layihə həyata keçirilir. Ağdam rayonunun 10 kəndinə qayıdış və inteqrasiyanı təmin etmək üçün lazımi məlumatların toplanması yolu ilə “ilk addım” təcrübə layihəsi həyata keçirilir. Hazırda əvvəlki yaşayış yerlərinə qayıtmaq istəyənlərin sayını təxmin etmək üçün ilkin sorğular da aparılır.

Sonda bildirilir ki, Azərbaycanla Ermənistan arasındakı 30 illik müharibə nəhayət ki, başa çatıb. Azərbaycan xalqı bölgədə uzunmüddətli sülh və firavanlıq istəyir. Qarşıdurmanın səbəb olduğu insan əzablarını azaltmaq üçün bütün lazımi humanitar tədbirlər görülməli və müharibədən zərər çəkmiş insanlar layiqli yaşamağa başlamalıdırlar. Azərbaycan xalqı davamlı sülh və bölgədəki firavan gələcəyə dair səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəyinə ümid edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: