Ermənistanda siyasi böhran seçkiöncəsi daha da güclənir

A- A A+

Növbədənkənar parlament seçkiləri ilə bağlı Ermənistanda hadisələrin inkişafı daha ziddiyyətli xarakter almağa başlayır. Bunlardan birincisi Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalamasıdır.

Qeyd edək ki, qanun layihəsi aprelin 1-də Ermənistan parlamenti tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün prezident Armen Sarkisyana göndərilib. O, ölkədə parlament seçkilərinin proporsional qaydada keçirilməsini nəzərdə tutan qanunu imzalamayacağını bildirib, lakin Konstitusiya Məhkəməsinə də müraciət etməyib. Nəticədə dövlət başçısının əvəzinə qanunu parlamentin spikeri imzalamalı olub. Beləliklə, seçkilər Ermənistanın baş naziri Nikol Paşinyanın istədiyi qanun əsasında keçiriləcək.

Xatırladaq ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün prosedur qaydalarına uyğun olaraq aprelin 25-də istefa verib. Prezident Armen Sarkisyan Paşinyanın istefasını qəbul edib. Bununla belə Nikol Paşinyan seçkilərə qədər Nazirlər Kabineti rəhbərinin vəzifələrinin icrasını davam etdirəcək. Paşinyanın ardından ölkə hökuməti də istefaya gedib.

Paşinyan bildirib ki, rəhbərlik etdiyi “Vətəndaş razılığı” partiyası seçkilərdə iştirak edəcək: “Xalq mənim baş nazir vəzifəsindən getməyimə qərar verərsə, mən onun iradəsini yerinə yetirəcəyəm. İnsanlar mənim baş nazir vəzifəsində qalmağıma qərar versələr, o zaman bu qərarı yerinə yetirəcəyəm”.

Ekspertlər seçkilərdə Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarlarını Nikol Paşinyan blokunun əsas rəqibi hesab edirlər.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin bütün siyasi qüvvələrini Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryanın arqumentlərinə tam ciddiliyi ilə yanaşmağa çağırıb. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri bildirib ki, konstitusiyaya görə, baş nazir istefadan sonra bu vəzifəni tuta bilməz. Bu fonda  Ter-Petrosyanın çağırışında deyilir ki, onun sözü ilk növbədə faktiki olaraq Nikol Paşinyanla qeyri-konstitusion sövdələşməyə getmiş müxalif “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” parlament fraksiyalarına aiddir.

Ter-Petrosyan bildirir ki, bu məqam nəzərə alınmasa, adıçəkilən partiyalar qanunsuz seçkinin keçirilməsinə görə məsuliyyət daşıyacaqlar. Sabiq prezident hesab edir ki, xalqın ruh yüksəkliyi şəraitində keçirilmiş və Paşinyanı hakimiyyətə gətirmiş 9 dekabr 2018-ci il seçkisi də qanunsuz olub.

Xatırladaq  ki, Robert Koçaryan  və Serj Sarkisyanın prezidentlikləri dövründə müxalifət sıralarında yaxın müttəfiq olmuş Paşinyan və Ter-Petrosyanın arası ötən həftə baş nazirin parlamentdə etdiyi çıxışından sonra dəyib. Həmin çıxışında Paşinyan iddia etmişdi ki, Ter-Petrosyan 2018-ci ildə onunla görüşəndə ərazilərin Azərbaycana qaytarılmasını məsləhət görüb. Levon Ter-Petrosyanın ofisi isə bu iddianı rədd edib və baş naziri yalançı adlandırıb.

Digər  müxalifət partiyaları isə Paşinyanı hakimiyyəti təhvil verməyə çağırırlar. Lakin Rusiyanın “Valday” klubunun eksperti Stanislav Pritçin bildirir ki, müxalifətin mövqeyinə baxmayaraq, Nikol Paşinyan Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərdə qalib gələcək. Onun sözlərinə görə, sorğulara əsasən, ölkədə Paşinyana dəstək qalıb və onu müəyyən siyasi güc qoruyur: “Əgər fövqəladə bir şey baş verməzsə, Paşinyan qalib gələcək. Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, özündən əvvəlki liderlərinin reytinqinin olmaması da onun lehinə işləyir. Üçüncü qüvvə yoxdur, buna görə də o, böyük ölçüdə mübahisəsiz lider olaraq qalır”.

Hadisələrin inkişaf axarı da hazırda Paşinyanın mövqeyinin digər siyasətçilərdən daha üstün olduğunu göstərir. Belə bir şəraitlə Paşinyanın növbədənkənar seçkilərdə qələbəsi qaçılmaz hesab olunur.

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: