"Artıq oktyabrın əvvəlində müharibənin necə bitəcəyi bəlli idi" Araik Arutyunyan

A- A A+

Qondarma qurumun başçısı Araik Arutyunyan bildirib ki, müharibənin oktyabrın əvvəllərində bitirmək qərarı bir çox siyasi qüvvələr tərəfindən xəyanət hesab olunurdu. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Arutyunyan bunu qondarma qurumun əldəqayırma Şəhər İnkişafı Nazirliyində keçirilən iclasında söyləyib.

Qondarma respublika prezidenti Araik Arutyunyanın sözlərinə görə, müharibənin nəticələrinin necə olacağı onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində artıq bəlli olub. O, qeyd edib ki, ancaq Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilməyiblər. Arutyunyan əlavə edib ki, həmin o günlərdə Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin dayandırılmasını xəyanət kimi qəbul ediblər. Araik Arutyunyan ümumiyyətlə, məğlubiyyətin əsas səbəblərindən bəhs edərək vurğulayıb ki, 1994-cü il may atəşkəsindən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi dünya təcrübəsindən lazımi dərsləri almayıb.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində yenidən başlayan, 44 gün davam edən müharibə işğalçı ölkə Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnib və Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata görə, Dağlıq Qarabağda tam bir atəşkəs 10 noyabr tarixində qüvvəyə minib. Ermənistan tərəfi bəyanatın şərtlərinə əsasən bir sıra əraziləri döyüş əməliyyatları, hərbi əməliyyatlar olmadan əzəli sahibinə, Azərbaycana qaytarıb.

Atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: