Paşinyan-Koçaryan qarşıdurması kəskinləşir

A- A A+

Proseslərin gedişatı göstərir ki, Ermənistanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan  və Serj Sarkisyanın siyasi blokları olacaq. “Daşnaksütyun” partiyası seçkiyə R.Koçaryanla və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda qatılacağını təsdiq edib.

“Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan da bunu təsdiq edib. Bildirib ki, onun partiyası indiki siyasi situasiyada bu qərarı qəbul edərkən keçmiş prezidentin böhranı aradan qaldırmaq və ölkəni inkişaf yoluna çıxarmaq təcrübəsini nəzərə alıb. “Dirçələn Ermənistan” partiyası da seçkiyə “Daşnaksütyun” və Robert Koçaryanla vahid blokda gedəcəyini təsdiqləyib. Partiyanın bəyanatında deyilir: “Ermənistanda və Qarabağda fəlakətli vəziyyəti nəzərə alaraq, həmfikir olan və ideologiyamızı bölüşən siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak etməyə qərar verdik. Partiyamız erkən seçkilərdə “Daşnaksütyun”la ittifaqda və ikinci prezident Koçaryanın rəhbərlik etdiyi blokla iştirak edəcək”. 

Bunları Paşinyan da görür və ona görə mayın  9-da R.Koçaryanın seçkilərdə birgə iştirak edəcəyi “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları ilə Yerevanın Azadlıq meydanında mitinq keçirmək istəməsi hakimiyyət orqanları tərəfindən narahatlıqla qarşılanır.

Belə bir vaxtda Yerevan məhkəməsi Robert Koçaryanın Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb. Paşinyan böhtanda günahlandırılır. İddia 2020-ci ilin aprelində qaldırılıb. Sabiq prezidentin vəkillər komandasının mətbuat katibi Elina Saakova bildirib ki, iddia Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik bölgəsindəki mitinqlərdən birində verdiyi bəyanatla bağlıdır. Belə ki, Paşinyan mitinq zamanı Koçaryanın topladığı böyük məbləğdə pul vəsaitini ordunun ehtiyaclarına yönəldəcəyinə söz verib. Amma Koçaryan belə pul toplamadığını bildirir. Mətbuat katibinin sözlərinə görə, iddiaçı 2 milyon dram, təxminən 4 min dollar təzminat tələb edir. Bundan əvvəl də Robert Koçaryanın vəkilləri Paşinyana qarşı iddia qaldırıblar. İddia Paşinyanın sabiq prezidenti 2008-ci ildə müxalifətin nümayişləri zamanı qətllər təşkil etməkdə günahlandırması ilə bağlı irəli sürülüb.  Amma Paşinyan da sabiq prezidentə qarşı müəyyən addımlar atır. Belə ki, hakimiyyətə yaxın “1in.am” nəşri Koçaryanı xəyanətdə ittiham edir: “Günümüzdə, xüsusən də Qarabağ müharibəsindən sonra məlumat axınları o qədər çoxalıb ki, çox tez-tez, əslində, vaxtilə kimin nə dediyini və ya etdiyini, lakin həmin bu insanların bu gün əksini iddia etdiklərini, özləri-özlərinə qarşı çıxdıqlarını unudurlar.

1999-cu ildə İstanbulda ATƏT-in sammitində R.Koçaryanın Avropa Təhlükəsizlik Xartiyasının “İnsan hüquqları sahəsi” bölməsinin 19-cu maddəsinin lehinə səs verməsi bütün bunların parlaq nümunəsidir”.

O zaman prezident olan R.Koçaryan sənədin lehinə səs verib.  Paşinyanın tərəfdarlarının fikrincə, R.Koçaryan qəbul edib ki, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi Azərbaycan tərkibində baş verə bilər.  Ermənistanın “Mühafizəkar” partiyasının sədri Mikayel Hayrapetyan qeyd edir ki, siyasi qüvvələrin qarşılıqlı ittihamları daha da artacaq: “Bu gün siyasi qütbləşmə o qədər dərindir ki, növbədənkənar seçki odun üzərinə benzin tökəcək, fors-major olması və bu seçkinin baş tutmaması istisna edilmir: zaman hakimiyyətin ziyanına işləyir, bizim siyasi qüvvələrimiz Moskva mərkəzlərindən idarə olunurlar. Qarabağda bizim üçün faciəvi proqram həyata keçirilib, 5000 gənc ölüb, gələcəyimiz məhv edilib. İkinci mərhələ də var və Süniki itirmək təhlükəsi bizim üzərimizdə Damokl qılıncı kimi asılıb. Bu hakimiyyət Moskvanın göstərişlərinə tabedir”.

Hesab edilir ki, belə vəziyyətdə Ermənistanda siyasi qarşıdurma və qarşılıqlı ittihamlar daha kəskin xarakter alacaq. Müxaliflərin seçkilərdə uduzacağı halda təşkil edəcəkləri aksiyalar isə ölkədə yeni vətəndaş qarşıdurmasına rəvac verə bilər.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: