Azərbaycanı özünə qibləgah seçən dahi – Heydər Əliyev

A- A A+

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, bu xalqın ən keşməkeşli tarixi dövrlərində onu zamanın ən ağır sınaqlarından üzüağ çıxararaq mövcudluğunu təmin edən Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Tarixi təcrübə də göstərir ki, Uca Yaradan belə şəxsiyyətlərə həm də xüsusi missiya verir: bütöv bir milləti, ölkəni fırtınalardan, bəlalardan, fəlakətlərdən qorumaq, onu işıqlı gələcəyə aparmaq. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Ulu öndər Heydər Əliyev yeganə dünya şöhrətli siyasi xadimdir ki,  bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə – 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə böyük qətiyyətlə  mübarizə apararaq möhtəşəm siyasi uğurlara imza atmış, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmişdir.

Dahi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyəti tənəzzül içərisində olan Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, kənd təsərrüfatı sahələri sürətlə inkişaf etdirilmişdir. Həmçinin həmin dövrdə ölkəmizin gələcəyi üçün milli kadrların yetişdirilməsinə başlanılmış, milli özünüdərkin əsası qoyulmuşdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, milli hərbi kadrların formalaşdırılması da diqqət mərkəzində saxlanılmış, uzaqgörən dövlət xadiminin dəmir qətiyyəti sayəsində Azərbaycanın bugünkü hərbi uğurlarının təməli sayılan ilk ibtidai hərbi məktəb yaradılmışdır.

Ümummilli lider 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini hər zaman üstün tutmuşdur. Dahi şəxsiyyət SSRİ rəhbərliyində təmsil olunan zaman erməni şovinistləri respublikamıza qarşı əsassız ərazi iddiaları irəli sürməyə cəsarət edə bilməmişlər. Buna görədir ki, böyük təzyiqlər nəticəsində 1987-ci ildə ulu öndər siyasi hakimiyyətdən uzaqlaşandan iki həftə sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisinin müstəqilliyi məsələsi gündəliyə çıxarılmışdı. Erməni millətçiləri və onların Moskvadakı havadarlarının Azərbaycana qarşı təzyiqləri davamlı xarakter almış,  nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakı şəhərinə hərbi qoşun qüvvələri yeridilmişdir. Həmin vaxt böyük siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gedən ulu öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunu və şəxsən baş katib Mixail Qorbaçovu kəskin şəkildə ittiham edərək baş vermiş hadisənin hərbi cinayət olduğunu bütün dünyaya çatdırmışdır. Bundan sonra ulu öndərə qarşı böyük təzyiqlər başlanmış, dahi şəxsiyyət 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana gəlmiş, burada xalq tərəfindən böyük sevgi və coşqu ilə qarşılanmışdır.

Dahi şəxsiyyət Heydər Əliyevin Moskva həyatından sonra mənalı ömrünün 3 ili Naxçıvanla bağlı olmuşdur. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində böyük addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublika işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar milli dövlətçiliyimizin əsaslarının yaradılmasına hesablanmışdı. Sovetlər Birliyinin hələ mövcud olduğu bir dövrdə üçrəngli milli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. Digər tərəfdən, muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Bütün bunlarla bərabər, bu gün yüz minlərlə siyasi həmfikri öz ətrafında birləşdirən, iqtidar partiyası kimi liderliyini qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı qərarla dünya azərbaycanlılarının milli həmrəylik ideologiyasının təməli də həmin dövrdə Naxçıvanda qoyulmuşdur. Həmçinin, Azərbaycanın müstəqillik yolu 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başlanmışdır. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xalqımızın milli tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bu dövrü belə qiymətləndirmişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Müdrik rəhbərin özü də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi həmin illəri  çox yüksək səviyyədə qiymətləndirmişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə Bakıya qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, vətəndaş qarşıdurması Azərbaycanı dövlət müstəqilliyinin əbədilik itirilməsi faktı ilə üz-üzə qoymuşdu. Məhz belə bir dövrdə ölkəni yaranmış bu vəziyyətdən yalnız Heydər Əliyev dühası çıxara bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən ulu öndər Heydər Əliyev on il ərzində Azərbaycan üçün əsrə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi tariximizin yaddaşına əbədi həkk olunmuşdur. Məhz Heydər Əliyev şəxsiyyəti, əzmkarlığı, qətiyyəti  Azərbaycan xalqını və dövlətçiliyini, o cümlədən iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir. Görkəmli dövlət xadiminin apardığı uğurlu siyasət nəticəsində 1994-cü ildə imzalamış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi imkanlarını, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya isə ölkəmizin  hüquqi, demokratik dövlət quruculuğu yolunu müəyyənləşdirmişdir. Görülən işlərin sayəsində Azərbaycan qısa müddətdə dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilmiş, ölkəyə xarici investisiyanın cəlb edilməsi yolu ilə iqtisadi tərəqqiyə, əhalinin rifah halının yüksəldilməsinə nail olunmuşdur.

Bu gün Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclü, siyasi cəhətdən tam müstəqil dövlətə çevrilmişdir. Regional və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, həm də 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycanın gündən-günə artan nüfuzu, iqtisadi və siyasi imkanları uzun illərdir, işğal altında saxlanılan torpaqlarımızın azad olunmasına da imkan vermişdir. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu tamamilə məhv edən Azərbaycan Silahlı Qüvvələri düşməni kapitulyasiya aktını imzalamağa məcbur edərək tarixi ədalətin bərpasına nail olmuşdur. Həyata keçirdiyi əməliyyatlarla bütün dünya ölkələrini heyran edən Azərbaycan regionda yeni reallıqlar yaradaraq 30 ilə yaxındır blokadaya salınan Naxçıvan Muxtar Respublikasının da Ana Vətənlə kommunikasiya əlaqələrinin bərpasının yolunu açmışdır.

Azərbaycanımızın ayrılmaz hissəsi olan, Heydər Əliyev ideyalarının sarsılmaz sədaqətlə davam etdirildiyi Naxçıvan Muxtar Respublikası bu gün özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Qədim diyarımız uzun illərin blokada şəraitinə baxmayaraq, iqtisadiyyatın dinamik inkişafı, sabitlik, əhalinin həyat səviyyəsinin yüksəlməsi və digər istiqamətlər üzrə böyük nümunə ortaya qoymuşdur. Ölkə başçısının qətiyyəti və şəxsi təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanata salınmış xüsusi bənd isə bu qədim diyarı Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq tranzit qovşağına çevirir. Əgər bu günədək Naxçıvan blokada şəraitində sürətli inkişaf və tərəqqinin əsl nümunəsi kimi misal çəkilirdisə, bundan sonra həm də Avropa və Asiya arasındaki əlaqələrə verdiyi töhfələrlə yadda qalacaq.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın bu qədər böyük nailiyyətlər əldə etməsinin yeganə səbəbi atılan hər bir addımın Heydər Əliyev ideyaları ilə bilavasitə bağlı olmasıdır. Məhz bu ideyaların qətiyyətlə, həm də layiqincə davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının nüfuzu, strateji çəkisi hər keçən gün daha da artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: