Naxçıvan ata yurduna bütöv Azərbaycanın Prezidenti kimi səfər edən cənab İlham Əliyevi qarşıladı

A- A A+

Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günündə ölkəmizin Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfərini ötən il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanından xalqa müraciətində ata nəsihətinin həyata keçirilməsi ilə bağlı söylədiyi fikirlərin davamı kimi dəyərləndirmək olar. Prezidentimizin Naxçıvana - ata yurduna məhz mayın 10-da səfər etməsi, həm də bütöv Azərbaycanın ilk rəhbəri kimi ilk dəfə səfər etməsi həmin gün ərazi bütövlüyümüzün təminatı ilə bağlı bir daha burada ulu öndərimizin ruhunu müjdələmək, ata vəsiyyətinin yerinə yetirilməsi, ata ocağına alnıaçıq bir sərkərdə kimi qayıtmaq kimi qüruru xarakterizə edir.

Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə qürur duyuruq. Bu ata yurdu Sizi Naxçıvanda görməkdən çox məmnundur. Bura ulu öndərimizin doğulduğu diyar, 30 il əvvəl - blokadanın ən ağır illərində Moskvadan gələrək naxçıvanlılarla birlikdə çətinliklərə sinə gərdiyi, Naxçıvanın ən dözülməz anlarında bizimlə birlikdə çıraq işığında, soyuq evdə yaşadığı, soyuq iş otağında çalışdığı bir diyardır, blokada Naxçıvanıdır. Naxçıvan cənab Prezidentimiz, Ali Baş Komandanımızın ötən ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata  blokadadan çıxması üçün saldırdığı 9-cu maddə ilə həmin günü gözləyir. Naxçıvan da Qarabağ kimi Vətənə qovuşmaq istəyir. Ölkəmizdə 44 günlük müharibə nəyə qadir oldusa, Naxçıvanın da bu Bəyanatla yaxın gələcəkdə anası Azərbaycana  aparan yolların  açılması bir o qədər real olacaqdır. Buna hər kəs əmindir.

Cənab Prezidentimiz Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində Naxçıvana dəfələrlə səfər etmişdir. Lakin bugünkü səfəri o səfərlərdən çox fərqlənir. Bu gün Prezidentimiz Naxçıvana bütöv Azərbaycanın Prezidenti kimi səfər etdi. Vaxtilə torpaqlarımızı satıb, insanları qaçqınlıq, köçkünlük həyatına sürükləyən, yurdsuz-yuvasız edən, doğmalarımızın məzarlarını düşmənin işğal etdiyi torpaqlarda qərib edən, insanların ürəyində yurd həsrətini dağa çevirənlərin, gözlərini ağlamaqdan kor edənlərin  30 illik səhvini  fəaliyyətinin 17-ci ilində düzəltdi. Ölkəmizin rəhbəri düz 17 il bir gün torpaqların işğaldan azad olunması üçün tədbirlər gördü. Hər il yeni ildə, digər bayramlarda xalqa müraciətlərində, beynəlxalq təşkilatlardakı çıxışlarında Qarabağın bir gün geri qaytarılmasını, onun əzəli Azərbaycan torpağı olduğunu, düşmənin cəzasını alacağını vurğuladı. 17 il ərzində Azərbaycan vətəndaşını  o günün gələcəyinə inandırdı. 17 ilin əvvəlində 3-4 yaşlarında olan uşaqlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı istiqamətləri çərçivəsində böyüyərək vətənpərvər gənclərə çevrildilər. Onların hər biri ölkə başçısına arxa, dayaq oldu, onun əmrini gözlədilər. Ulu öndərimizin təməlini qoyduğu dövlət-xalq birliyini xalqının bütün dərd-səri ilə anbaan bir yerdə olan ölkə başçımız daha da möhkəmləndirdi. Prezident cənab İlham Əliyevin  fəaliyyəti dövründə ölkəmizin dünya dövlətləri ilə beynəlxalq siyasi, iqtisadi əlaqələri, düzgün dövlət idarəetmə strategiyası 2020-ci ilin noyabrında Qələbəmiz ilə nəticələndi.  Ötən payızın 44 gününü möcüzə adlandırsaq, əsla yanılmarıq. Dünyanın diqqətini özünə çəkən möcüzə. Çox dövlətin bəlkə də kiçik ölkə adlandırdığı Azərbaycandan gözləmədiyi nəticələrdən yaranan möcüzə. Bütün dünya Azərbaycan Prezidentinin dünyanın ən məşhur televiziya və informasiya agentliklərinə dörd dildə verdiyi onlarla müsahibəni heyrətlə qarşıladı. Bütün dünya Azərbaycan xalqının göstərdiyi vətənpərvərlik, ordumuzun cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq, evləri bombardman olmuş insanların bunu heç olmayıbmış kimi qarşılaması, Qələbə üçün canlarından keçməyə hazır olmaları, ümumilikdə, xalqımızın əzmi, milli dəyərləri, bir də dövlət başçısına inamları, etibarları, arxalanmaları qarşısında heyran qaldılar. Bütün bunları ötən 17 ildə cənab Prezidentimiz yaratmışdı ölkəmizdə. Bütün bunlar ulu öndərin düzgün siyasətinin ağıllı şəkildə davam etdirilməsinin nəticəsi idi.

Bu gün biz artıq dünyaya döyüş rəşadətini bəyan edən, torpaqlarını göz bəbəyi kimi qoruyan, müasir silah-sursata, texnikaya, hərtərəfli inkişafa malik olduğumuzu sərgiləyən bir dövlətik. Cənab İlham Əliyev isə bu şanlı dövlətin Prezidenti, Ali Baş Komandanıdır. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə, o biri il Ağdamda, o biri il Füzulidə, o biri il Cəbrayılda, Zəngilanda, Qubadlıda qeyd edəcəyik, Əminəm ki, belə olacaq”,- deyən atanın övladı, ata nəsihətini reallaşdıran oğul, builki Novruzda yurd yerlərində bayram tonqallarını yandıran, yurddaşını dədə-baba ocağına qovuşduran şəxsiyyətdir. Torpaqların işğaldan azad olunması ölkə Prezidentinin fəaliyyətinin əsas istiqaməti idisə, həmin torpaqlarda quruculuq işlərinin aparılması isə növbəti istiqamətdir ki, artıq buna başlanılıb. Vətən müharibəsində 3 mindən artıq övladımızı itirsək də, minlərlə insanların evi, minlərlə sosial obyekt dağılsa da, ölkəmizə milyonlarla manat ziyan dəysə də, 30 ilin ağrı-acısına, torpaq nisgilinə son qoyduq. İtkisiz qələbə, zəfər olmaz ki... Bu xalq öz liderinə inanır. İnanır ki, dövlətimiz dünənkindən də böyük inkişafla gələcəyə addımlayacaqdır.    

Bu gün Azərbaycanın Naxçıvanı da inkişafın ən yüksək mərhələsindədir. Baxmayaraq ki, hələ də blokada şəraitində yaşayır, lakin burada da ümummilli liderimizin arzu və ideyalarının ardıcıl şəkildə həyata keçirilməsi blokada şəraitində bir möcüzənin baş verməsi ilə nəticələnib. 30 il əvvəlki - qaranlıq, soyuq məktəblərdən, uşaq bağçalarından, xəstəxanalardan, evlərdən, uçuq-sökük binalardan, çala-çuxur yollardan, ağacları çarəsizlikdən kəsilib sobalara qoyulan meşələrdən, parklardan, yol kənarlarından, işləmək üçün qonşu dövlətlərə üz tutan insanlardan, aclıqdan, səfalətdən əsər - əlamət qalmayıb. Naxçıvan bu gün blokada ilə inkişafı birgə tarixin səhifələrinə yazan bir diyardır. Ölkəmizin başçısı cənab İlham Əliyevin bu gün Naxçıvana səfəri çərçivəsində təqdimatı və açılışları olan Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromu, “Asan Xidmət” Mərkəzi, “Azərxalça” ASC-nin Naxçıvan filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayanlanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi, tikintisinə baxılan Ordubad Su Elektrik Stansiyası və Ordubad dəmir yolu stansiyası ilə tanışlıq isə Naxçıvanın inkişafı haqqında  “özləri söhbət açır”.

Ulu öndər, bu gün ruhunuz daha da şaddır.  Bütöv Azərbaycanın ilk Prezidenti, siyasi və mənəvi varisiniz Naxçıvana qalib sərkərdə kimi ilk səfərini etdi, Naxçıvanda ucaldılan abidənizi ziyarət etdi.  Naxçıvan öz liderini, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan son 200 ilin böyük sərkərdəsini böyük qürurla qarşıladı. Ata ocağında rəhbərini görməkdən məmnun oldu. Bu səfər Naxçıvanın - bu qədim tarixi diyarın müasir inkişafına dəyərli töhfədir. Bu töhfənin bəhrələri isə yaxın gələcəkdə haqqında qürurla danışacaqlarımız olacaq.

Mətanət Məmmədova

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: