Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Cəlal Hüseynov təşkilat adından bu ölkənin parlamentinə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına dair müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna Ali Radasının müvafiq komitəsinə ünvanlanan müraciətdə parlamentdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının müzakirə edilməsi və siyasi qiymətin verilməsi təklif olunub.
Ukrayna Ali Radasından müraciətə cavab məktubu gəlib. Məktubda vurğulanıb ki, Ukrayna dözümsüzlük və ayrı-seçkiliyə əsaslanan bütün fəaliyyəti qətiyyətlə pisləyir. Ukrayna çoxmillətli dövlət olaraq, milliyyətindən asılı olmayaraq hər bir insanın həyatına və ləyaqətinə yüksək dəyər verir. Tolerantlıq, xalqın bütün etnik qruplarının bərabərliyi prinsipinin təsdiqi Ukrayna dövlət orqanlarının əsas vəzifələrindən biridir.
Cavab məktubunda Ukrayna Azərbaycanlıları Radasının Ukrayna parlamentində Xocalı soyqırımına siyasi qiymətin verilməsinə dair müraciətə baxıldığı da qeyd edilib.