Cıdır düzündəki festival ermənilərdə xof yaradıb: “İlham Əliyev növbəti atəşfəşanlığı Xankəndidə, Zəngəzurda edəcək”
Azərbaycan Prezidentinin Şuşadakı bəyanatları Ermənistanda məğlubiyyət hissini daha da dərinləşdirib
Şuşada Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi mədəni tədbir olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir. İki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və həmrəyliyin bayramı kimi qeyd edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada çıxışları zamanı verdiyi bəyanat isə Ermənistan rəhbərliyi daxil olmaqla, bu ölkənin cəmiyyətini böyük qorxu və təlaşa düçar edib.
“Ermənilər daha çətin Xankəndidə qalarlar”
Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, festivaldan sonra qarşı tərəfdə ciddi narahatlıq yaranıb.
Erməni ekspert Ruben Tovmasyan bildirir ki, Azərbaycan Şuşada yenidən əsl güc nümayiş etdirdi: “Ermənistanın artıq Qarabağın itkisini qəbul etməsi qaçılmazdır. Şuşada atəşfəşanlıq isə Stepanakertdə (Xankəndi - red.) yaşayan ermənilərin daha böyük qorxusuna səbəb oldu. Onlar daha çətin burada qalarlar”.
“Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan isə bildirir: “Azərbaycan Şuşada qələbəsini qeyd edir, Ermənistanda isə güc sistemi əsas öhdəliklərindən başqa hər şeylə məşğul olur”. O qeyd edib ki, nəticədə Ermənistanda daxili və xarici təhlükəsizlik sistemi demək olar ki, işləmir: “Bir sözlə, əsas öhdəliklərindən başqa hər şeylə məşğul olurlar. Nəticəsi isə budur, daxili və xarici təhlükəsizlik sistemi demək olar ki, işləmir, insersiya ilə yuvarlanırıq”.
Ermənistanın “Esse TV” “YouTube” kanalında yayımlanan “Troye v lodke” verilişində aparıcılar Arman Qriqoryan və İda Martirosyan Şuşada keçirilən festival barədə fikir mübadiləsi aparıblar. Onlar veriliş boyu hazırda Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı tənqid atəşinə tutub, onu vətənə xəyanətdə ittiham ediblər: “İlham Əliyev Şuşada bayram edir, Azərbaycan muğamı oxunur, Nikol isə hökumət iclasında sağlıq deyir. Vaxtilə Mehriban Əliyevanı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edirdilər, onlar da bu dəvəti qəbul edib və yerinə yetiriblər”.
“Biz bu gedişlə Ermənistanı da itirəcəyik”
“1in.am” nəşri yazır ki, bu il mayın 8-ni ağır hisslər və əhvali-ruhiyyə ilə salamladıq. 29 il sonra biz Şuşanın, Qarabağın, 44 günlük müharibə məğlubiyyətinə və minlərlə gənc həyatların ağır itkilərinə sahibik: “Otuz ildən sonra ermənilər Ermənistanı təhdid edən güclü problemlər qarşısında demək olar gücsüz vəziyyətə düşüblər. İndi danışmaq hədsiz dərəcədə çətindir. Və danışmaq bəlkə lazım da deyil. Gənclərimizin itkisinə sakitcə yas tutmaq, digər müharibə itkilərini güclə daşımaq və iş görmək - dövləti bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün iş görmək lazımdır. Amma görülmür. Əvəzində “Xarıbülbül” musiqi festivalı və atəşfəşanlıqla Azərbaycan yenidən ermənilərə gözdağı verir. Biz bu gedişlə Ermənistanı da itirəcəyik. Çünki insanlarda heç bir inam qalmayıb”.
“İlham Əliyev Nikolun ötən il sərxoş halda yallı getdiyi Cıdır düzündə festival təşkil edir”
Profilinə baxdıqda Xandkəndidə yaşadığı qeyd edilən Ruben Qriqoryan adlı “Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana artıq inamı tamamilə tükənib: “Stepanakertdə (Xankəndidə-red.) yaşayıram. Gecə qorxaraq eyvana qaçdım. Dedim yəqin yenidən müharibə başladı. Sosial şəbəkələrə baxdıqda öyrəndim ki, bu Şuşada təşkil edilən bayram atəşfəşanlığıdır. Paşinyan, buna nə deyəcəksən?”
“Vkontakte” şəbəkə istifadəçisi Davit Nairyanın paylaşılan xəbərə rəyi daha çox müzakirələrə səbəb olub: “Nikol öz xalqını, dövlətini müharibəyə, ölüm-itimli günlərə sürüklədi. Biri düşmən ölkənin prezidentinin Şuşada bayram keçirdiyini baş nazirə xatırlatsın. İlham Əliyev Nikolun ötən il sərxoş halda yallı getdiyi Cıdır düzündə festival təşkil edir. Çok kədərli bir vəziyyətlə qarşılaşmışıq. Bugünkü Ermənistan bədbəxtdir, təkdir”.
“Deyəsən, Paşinyan Xankəndidə də azərbaycanlıların atəşfəşanlığını görmək istəyir”
Diana Arutyunyan adlı “Facebook” istifadəçisi isə vahimə dolu status paylaşıb: “Nə vaxta qədər belə davam edəcək? Şuşada təşkil edilən atəşfəşanlıq yuxularımı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Bu gedişlə İlham Əliyev növbəti atəşfəşanlığı Stepanakertdə (Xankəndi - red.) Sünikdə (Zəngəzur-red.) edəcək”.
Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə “Twitter”də belə bir status paylaşıb: “Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Yoxsa daha ağır məğlubiyyətə düçar ola bilərik”.
Henrix Minasyan isə “Odnoklassniki”də Cıdır düzündəki festivalla bağlı paylaşımın altına belə bir şərh yazıb: “Açıq reallıq budur. Əliyev Şuşanı geri alması ilə Paşinyana əsl dərs verdi. Bizim Nikol bəs nə edəcək? Seyrçi mövqeyində qaldı. Deyəsən, Paşinyan Stepanakertdə də (Xankəndi - red.) azərbaycanlıların atəşfəşanlığını görmək istəyir”.
“Atəşfəşanlıq Xankəndini işıqlandırırdı”
Edvard Karapetyan “Instagram”da Cıdır düzündəki festivalla bağlı şərh yazaraq qeyd edib: “Dostlar, acı olsa da, Azərbaycanın bayramını, atəşfəşanlığını gördük. Belə davam etsə, İlham Əliyevin növbəti festivalı Şuşada yox, Stepanakertdə (Xankəndi - red.) olacaq”.
Vazgen Tsarukyan adlı “Facebook” istifadəçisi isə festivalla bağlı paylaşmasında daha bədbin şərh verib: “Dostlar, Paşinyan Ermənistanı satır, ayılın! Festivalı, atəşfəşanlığı izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Sünikə (Zəngəzur-red.), Yerevana doğru irəliləyir. Məni qınasanız da, yenə də deyəcəm: övladlarıma, mənə müharibə və Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Çox qorxulu bir vəziyyətdir”.
Henrix Balasyan adlı istifadəçinin “Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Əliyev Qarabağı geri qaytarıb, Şuşada festival keçirməklə Ermənistana gözdağı verdi. Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə muğam dinləyərək məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Atəşfəşanlıq Xankəndini işıqlandırırdı. Biz biabırçı məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq”.
“Dostum Henrix, Yerevanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm”
Miqran Petrosyan adlı “Instagram” istifadəçisi isə Ermənistanın bədbəxtlər ölkəsi olduğunu, rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu yazaraq iki il öncə Cıdır düzündən bir fotosunu paylaşıb: “Paşinyan nə qədər yalan desə də, həqiqət budur: müharibədə biz uduzduq. İlham Əliyev Şuşada qalib ölkənin rəhbəri kimi qürurla danışır, festival keçirdir. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Koçaryana, Sarkisyana, Paşinyana görə utanırıq”.
Nikol Paşinyanın “Facebook”da paylaşımına Aşot Mixitaryanın rəyi çoxlu bəyənmə toplayıb: “Baş nazir, işiniz-gücünüz sosial şəbəkələrdə paylaşımlar etməkdir. İlham Əliyev səni alçaldaraq Şuşada festival keçirdib, atəşfəşanlıq edir, sən isə boş vədlərlə xalqı aldadırsan. Vaxtında sizə çox dedik bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Nəticə isə budur: Qarabağ əldən gedib, növbə Sünikindir” (Zəngəzur-red.).
Edqar Qasparyan adlı istifadəçinin “Twitter”də paylaşımı da 100-dən çox “retweet” edilib. O, Xankəndidə pəncərədən çəkdiyi Şuşadakı atəşfəşanlığın videosunu paylaşaraq yazıb: “Yalanlarla dolu Ermənistan rəhbərliyi. Azərbaycanlılar Şuşada bayram edir. Sabah Xankəndidə olmayacaqlarının zəmanətini kim verə bilər? Dostum Henrix, Yerevanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır”.
Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbənin və “Xarıbülbül” musiqi festivalının ermənilər üçün nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti