Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı bu ölkənin daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoyun 16 aprel 2021-ci il tarixli bəyanatı ilə əlaqədar səfirlik bu kateqoriyaya aid vətəndaşlarımıza müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfirlik Azərbaycan vətəndaşlarını cari ilin iyunun 15-dək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədilə faktiki yerləşmə yerlərində, region və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməyə çağırıb.
“Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaqdır. Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir”, - deyə müraciətdə bildirilir.