Günnütdən Qarabağa! - FOTOLAR

A- A A+

Bəzən zaman elə sürətlə irəliləyir ki, biz zamanın necə ötdüyünün fərqinə belə varmırıq. Amma həyatımızda  elə tarixlər, elə anlar var ki, onları qürurla xatırlayırıq. 2018 –ci ilin may ayı. Tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan əsgərinin zəfər günü.

Həyatımda ikinci dəfə bir jurnalist olaraq  hərbi geyimi qürurla geyinmək şərəfinə nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli  bir səfər gözləyirdi. Bu səfərin məqsədi “Günnüt zəfəri”ni qazanmış  qəhrəman Azərbaycan əsgəri ilə görüşmək, böyük qələbənin əldə olunmasında əldə edilmiş strateji yüksəkliklərdən çəkilişlərin aparılması idi. Bilirəm, bu yola çıxmaq hər bir Azərbaycan vətəndaşının arzusu və hər bir jurnalistin illərlə həyəcanla düşündüyü hisslər idi. Yola həmkarım, tanınmış jurnalist Ruhiyyə Rəsulova ilə birlikdə çıxdım. Təbii ki, bizim üçün böyük xosşbəxtlik idi...

Bizi 26 il sonra Azərbaycan əsgərinin ilk dəfə ayaq basdığı bu torpaqlara aparan yol sözsüz ki, həyəcanlandırmaya bilməzdi. Uzun, çətin dağlıq şəraitində hərbi avtomobillərdə  irəlilədikcə igid oğullarımızın bu çətin relyefə malik ərazidə necə mərdliklə və əzmlə xidmət apardığını, bu yurd yerimizi öz nəzarətlərinə keçirdiyinin heç də asan başa gəlmədiyinin şahidi olurduq. Bəzən hərbi avtomobillərin belə irəliləyə bilmədiyi bu yerlərdə ürəyi vətən eşqi ilə yanan qəhrəmanlarımız xidmət edirdi. Burada hər zabitin, hər əsgərin gözündə parıldayan zəfər alovunu görməmək mümkün deyildi. Hər gün addım-addım,  pillə-pillə irəliləyən  qəhrəman  igidlərimiz  bir gecədə düşməni taktiki cəhətdən üstələyib mövqelərini daha da irəliyə çəkərək strateji cəhətdən yüksək mövqelərdə möhkəmlənmişdir. “Qızılqaya” və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilmiş, Dərələyəz mahalının Arpa  kəndində  və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülmüşdü. Ümumilikdə isə 11 min hektara yaxın ərazi nəzarət altına keçmişdi. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı ordumuzun əlində idi.

Bütün bunlar hər bir  azərbaycanlı kimi bu yüksəkliklərə qalxanda bizi də qürurlandırırdı.  Axı bu vətənin hər daşında, hər qayasında ulu babalarımızın ayaq izi, vaxtilə  burada yaşamış günnütlülərin məzarları var. Bu gün biz haqlı olaraq fəxr edə bilərik ki, ordumuzun  qorxmaz, igid, cəsur əsgərləri heç zaman düşmənin dövlət sərhədini  pozub  torpaqlarımızı nəzarətdə  saxlamasına imkan vermir. Bax budur Azərbaycan əsgərinin gücü.

Tale elə nəsib etdi ki, mən düz bir il sonra yenidən “Günnüt” döyüş bölgəsində xidmət aparan şəxsi heyətlə görüşə bildim.  Amma bu dəfə  başqa bir mənzərə bizi qarşıladı. İndi bir il ərzində çəkilmiş  rahat yollar bizi əsgərlərin xidmət etdiyi dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən  Qızılqaya yüksəkliyinə gətirirdi. 

Xatırladım ki, bu əməliyyat çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Cənab Vasif Talıbovun ordumuzun nəzarətinə keçən Günnüt kəndinə gələrək burada xidmət keçən əsgər və zabitlərlə görüşü, bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkür etməsi və bu əməliyyatda xidməti ilə seçilən əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırması şəxsi heyəti daha da ruhlandırmışdı.

 Az bir müddətdə Ali Məclis Sədrinin bilavasitə tapşırığı ilə postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunub. Eyni zamanda əraziyə yeni yollar çəkilib, postlar arasında rahat əlaqə təmin edilib. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılıb.

Qısa zaman ərzində işğaldan azad edilmiş yeni mövqelərdə inşa olunan əsgəri-məişət kompleksləri, ön xətdə xidmətin rahat və etibarlı təşkili üçün yaradılan şərait bir daha ordumuzun qüdrətini nümayiş etdirirdi. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatını peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstəribdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

Hələ bu ərazilər işğaldan azad olunan zaman hərbi mütəxəssislər bildirirdilər  ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi bu əməliyyat nəticəsində əldə edilən həmin yüksəkliklər, gələcəkdə nəinki Naxçıvan istiqamətində, hətta Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün genişmiqyaslı hərbi əməliyyatların gedişatını təyin edə bilər. Və elə deyilən kimi də oldu.

Cənab prezidentin Naxçıvana son səfəri zamanı da qeyd etdiyi kimi:  “Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

Bu gün artıq günnütlülər ata-baba yurdlarında rahat şəkildə ordumuza arxalanaraq öz təsərrüfatlarını genişləndirirlər. Bu yurdun əsl sahibləri indi burada həm  heyvandarlıq, həm də  arıçılıqla məşğul olurlar.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Bəli, illər öncə Günnüt zəfərində iştirak edən igid oğullarımız 44 günlük Vətən savaşımızda da, Qarabağımızın azadlığa qovuşmasında da xüsusi şücaət göstərdilər.

İstər Günnüt, istərsə də Qarabağ zəfəri  zamanı vətənin qəhrəman və igid oğulları düşməni  bir daha vəlvələyə saldı. Düşmən işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığını, tezliklə bu yurd yerlərini əsl sahiblərinə qaytarmalı olduqlarını  bir daha əyani şəkildə gördülər. Bəli, o gün gəldi çatdı.  Günnüt zəfəri ilə qələbəni ruhunda hiss edən şanlı  Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızda da üçrəngli bayrağımızı  dalğalandırdı. Bu gün qalib Azərbaycan əsgəri  Günnüt dağlarından Şuşaya, Cıdır düzünə   “Mübariz” və “Polad addımlarla irəlilədi. Qarabağda zəfər savaşında döyüşən, qələbə paradında iştirak edən  igid  Azərbaycan  əsgərim, səninlə qürur duyuruq!

                                                                           Ramal Məmişov

          Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: