Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasının ilk demokratik dövlətidir

A- A A+

Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

İlham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il keçir. Xalq Cümhuriyyətinin ərsəyə gəlməsi bir əsr əvvəl dövlətçiliyini itirmiş xalqımızın tarixində mühüm bir hadisə idi. Azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib olmuş, qədim dövlətçilik ənənələrini bərpa edərək, sivil dövlət təsisatlarının formalaşdırılmasına, hakimiyyətin hər üç qolunun-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə ola­raq dünyəvi, parlamentli müstəqil demokratik respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranma­sı xalqımızın o dövrdə və o illər ərəfəsində –XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qa­baqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bütün bunların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdı.

1918-ci ilin yanvarında Rusiya­da çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş bolşevik-sovet hökuməti Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respub­likanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.

Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28- də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respub­lika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.

Tarixi bəyannamədə deyilirdi: “Cənubi Qafqazın cənub və şərq hissələrində yerləşən Azərbaycan tam hüquqlu müstəqil dövlət olmaqla ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşu­luq əlaqələri yaradacaq, ölkə daxilindəki bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar verəcək, onların inkişafına şərait yaradacaqdır”.

İstiqlaliyyət Bəyannaməsinin verildiyi elə həmin gündə Milli Şuranın tapşırığı ilə F.Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət ka­bineti təşkil edildi. Azərbaycan Milli hökumətinin ilk böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin IV maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.

Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-da (1918) Tiflisdən Gəncəyə köçdü və sent­yabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri erməni qaniçən S.Şaumyan başda ol­maqla bolşevik-daşnak qüvvələrin ixtiyarında idi. İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qu­rulan Müvəqqəti hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirdi. İyu­nun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu yaradılmağa başlandı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. Gene­ral Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.

Bakı Xalq Komissarları So­vetinin liderləri bu dövrdə Gəncə üzərinə qoşun yeridib onu tutmaq istədilər. İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş döyüşdə Bakı XKS-nin qoşunları darmadağın edildi. Bu məğlubiyyət Bakı XKS-nin süqu­tunu sürətləndirdi. Bolşeviklərlə düşmən mövqedə dayanan eser-menşeviklər daşnaklarla ittifaqa girərək avqustun 1-də “Mərkəzi Xəzər hökuməti” adlandırılan mürtəce bir hakimiyyət orqanı ya­ratdılar. “Mərkəzi Xəzər hökuməti” də anti-Azərbaycan siyasəti yeridirdi. İngilislərin Bakıya çağı­rılması da bu hökuməti xilas edə bilmədi.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti tam heyətdə Bakıya köçdü. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti əsl paytaxtda qərarlaşdı. 1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Bu qanuna görə, Parlament 120 nəfərdən ibarət olmalı idi ki, bunun 80-i müsəlman türklər, 21 yer ermənilər, 10 yer ruslar, 5 yer həmkarlar ittifaqı komitəsi, milli az­lıqların isə hərəsinə 1 yer ayrılmış­dı. Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ vermişdi.

Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşünas və tanın­mış siyasi xadim, Rusiya türk-müsəlmanılarının lideri Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. İlk Azərbaycan Parlamenti öz dövrünün demokratik əsaslarda təşkil edilmiş ali qanunverici orqanı idi. Azərbaycanda yaşayan bütün millət və azsaylı xalqlar bu parlamentdə təmsil edilmişdi. Parlamentdə 11 partiya, frak­siya və qrup təmsil edilmişdi. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 156-a yaxın iclası keçirilmiş, 270- dən çox məsələ müzakirə edilmişdi.

Azərbaycan Parlamenti fəaliyyəti dövründə həyata keçir­diyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarlar ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. 1918-ci il dekabrın 26-da F.Xoyski 14 nəfərdən ibarət yeni koalisyon hökumətin tərkibini parlamentə təqdim etdi. “Slavyan-Rus Cəmiyyəti”nə 3, ermənilərə isə 2 nazir vəzifəsi təklif olundu. So­nuncular nazir vəzifəsindən imtina etdi. Dekabrın 28-də general Tom­son bəyanat verərək bu hökuməti müdafiə etdi.

İngilislər özlərinin nəzarəti al­tında olan sahələri milli hökumətin ixtiyarına verdi. 1919-cu ilin aprelində Bakıda ingilis gene­ral-qubernatorluğu ləğv edildi. Onlar avqustun axırlarınadək Azərbaycan ərazisini bütünlüklə tərk etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin IV və V hökumət kabinetinə (14 mart 1919-1 aprel 1920) “Müsavat partiya­sının liderlərindən biri Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyət göstərmişdir Azərbaycanın ümumi ərazisi 113,9 min kvadratkilometrə çatırdı ki, bu­rada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. Mübahisəsiz ərazisinin sahəsi 97,3 min kvadratkilometr, qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan ərazisi isə 16,6 min kvadratkilometr idi.

“Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilərin təcavüz hədəfində Azərbaycanın qədim torpaqları olan Zəngəzur, Qara­bağ və Naxçıvan torpaqları idi. Cümhuriyyət hökuməti Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda-qanun yarat­maq üçün 1919-cu il yanvarın 15-də Qarabağ general quberna­torluğu yaratdı. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları general qubernatorluğun tərkibinə daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. X. Sultanovun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çı­xarıldı. Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu.

Ermənistan Respublikası yara­nan kimi ermənilər onlara yaxınlıq­da yerləşən Naxçıvan torpaqlarına təcavüzə başladılar. Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxla­nılması üçün inadla mübarizə apa­rırdı. Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü dövlət idarələrinə və nizami hərbi qüvvələrə malik deyildi. Müsəlman əhali erməni daşnaklarının hücumlarına lazımi cavab verirdilər.

Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz–Türk Respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur–Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və b. bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kv. km, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Nazirlər Şurasının sədri Əmir bəy Nərimanbəyov, respublikanın pay­taxtı Naxçıvan şəhəri idi.

Araz-Türk Respublikası Nax­çıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı və Azərbaycanla birləşmək üçün yollar axtarırdı. Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkanı daxilində kömək edir, danışıqlar aparırdı. Naxçıvana siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüşdür.

1919-cu ilin dövlət büdcəsində Bakı–Culfa dəmir yolunun çəkilməsi üçün vəsait ayrılmış, dəfələrlə pul vəsaiti göndərilmiş, hərbiçiləri təlim üçün ayırmış, Qarabağ general qubernatorluğu tərkibində Naxçıvan məsələləri üçün müvəkkil təyin edilmiş­dir. Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikanlarla danışıqlar aparmış, kəskin etiraz­larını bildirmişlər. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu il fevralın 28-də Araz-Türk Respublikasının yerində Naxçıvan general qubernatorluğu yaratdı. Əvvəlcə Bəhram xan Naxçıvanski, sonra isə Əliyar bəy Haşımbəyov və Səməd bəy Cəmillinski gene­ral-qubernator təyin edildilər.

Azərbaycan hökuməti Nax­çıvan əhalisinin iradəsini ifadə edərək qəti surətdə bildirdi ki, Naxçıvan Azərbaycanın ayrıl­maz hissəsidir və bu ölkə milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Beləliklə, erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.

Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzləşsə də ölkənin sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri ilə bağlı çoxsaylı işlər həyata keçir­mişdi. Gömrük xidməti yaradılmış, azad ticarətə şərait yaranmış, neft sənayesini dirçəltmək üçün əks-milliləşdirmə tədbirlərinə əl atılmış, xarici şirkətlərlə sazişlər bağlanmış, maliyyə siyasəti həyata keçirilmişdi. AXC hökuməti “Bakı bonu” adlandırılan milli pul vahidini dövriyyəyə buraxmış, sosial siyasətlə bağlı proqram ha­zırlayıb tətbiq etmiş və digər zəruri tədbirləri gerçəkləşdirmişdi.

Eyni ilə bu dəyişikliklər mədəni-quruculuq sahəsində də uğurla yerinə yetirildi. Təhsil müəssisələri milliləşdirildi, Azərbaycan dili məktəblərdə məcburi fənn kimi tətbiq edildi, bir sıra yer adları dəyişdirildi, “Rusiya tarixi” əvəzinə “Türk xalqlarının tarixi” fənni tədris edilməyə baş­landı, Qori Müəllimlər Seminariya­sının Azərbaycan şöbəsi Qazaxa köçürüldü. Bakı Dövlət Universiteti yaradıldı, ali təhsilli milli kadrla­rın hazırlanmasına başlanıldı, 100 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq üçün göndərildi. Milli kitabxana açıldı, Azərbaycan Teleqraf Agentliyi, Azərbaycan radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı və s.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında daya­nan ən vacib vəzifə Azərbaycan dövlət müstəqilliyinin tanıdılması idi. Bunun üçün Birinci Dün­ya müharibəsinin nəticələrinin müzakirə edildiyi Paris konfran­sına sülh nümayəndə heyətinin göndərilməsi idi. Paris Sülh Konf­ransı 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələrlə davam edib. Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın taleyini əsasən “böyük dördlük” – ABŞ Prezidenti V.Vilson, Britaniyanını Baş naziri L.Corc, Fransanın Baş naziri J.Klemanso və İtaliyanın Baş nazi­ri V.Orlando həll edirdi.

Sülh nümayəndə heyətinə sədr Ə.Topçubaşov, üzvlər isə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxü­lislamov, Miryaqub Mirmehdiyev və Ceyhun bəy Hacıbəyov daxil idi. Ə.Ağayev gedə bilmədiyindən onu Abbas bəy Atamalıbəyov əvəz etmişdi. Nümayəndə heyəti çox gec-may ayının əvvəlində Parisə gəlib çıxa bilmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi.

Azərbaycan nümayəndə heyəti 1919-cu il may ayının 28-də ABŞ Prezidenti Vurdo Vilson tərəfindən qəbul edildi. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu münasibətlə yanvar ayının 14-ü Azərbaycanda qeyri-iş günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.

Lakin 23 aydan sonra erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan Parlamenti aprel ayı­nın 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etməyə məcbur edildi.

Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaran­ması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bü­tün Müsəlman Türk Dünyası üçün çox əlamətdar hadisə idi. Çünki Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi. Azərbaycan xalqının milli azad­lıq hərəkatı nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın tarixində və taleyində mühüm hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz hökuməti, parla­menti, milli ordusu və pul vahidi olan demokratik respublikaya, beynəlxalq münasibətlərin işti­rakçısına və beynəlxalq hüququn subyektinə çevrildi. Azərbaycan xalqının milli azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demok­ratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli ar­zusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin və xalqımızın tarixində və taleyində oynadığı tarixi roldan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, ordu­su və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxi­li və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bil­dirdi. Bəyannamədə elan edilmiş prinsiplər Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşa­maq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.

Təəssüf ki, aprel işğalı nəticəsində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə im­kan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış oldu­ğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü.

70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşasa da müstəqil olmaq arzularından imtina etmədi, müstəqil olmasa da inkişafa nail oldu. Xüsusilə 1970–1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi al­tında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ide­yasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görərək bu istiqamətdə müdrikliklə, bö­yük ustalıqla iş aparırdı. Onun müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində apardığı iş xalqımızın uzun illər qəlbində yaşatdığı azadlıq ideyalarını daha da gücləndirdi.

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin Naxçıvanda yaşadığı illər, Nax­çıvan Muxtar Respublikası Ali Sovetində ulu öndərin sədrliyi və təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olundu. Həmin qərarlara əsasən, müstəqilliyimizin əsas atribut­larından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında qaldırıldı. Sovet imperiyasının mövcudluğu dövründə bu cür qərarların qəbul edilməsi olduqca müdrik, cəsarətli və uzaqgörən bir addım idi.

Nəhayət, 70 ildən son­ra– 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqləndi. Lakin bu dövrdə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin möhkəmləndirilməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladı­lar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı.

Xalqımızın bəxti onda gətirdi ki, ötən əsrin sonlarında nail ol­duğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtdı, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirdi. 1993-cü ildə 1920-ci ildəki tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız ümummilli lider Heydər Əliyevi Azərbaycanın siyasi hakimiyyətinə dəvət etdi.

Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycanı xilas etdi, onu müasir, müstəqil və güclü dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin əsl qiymətini vermiş, ölkəmizin dövlətçilik tarixində onun rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ümummilli lider Naxçıvan Mux­tar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvan­da qeyd olunmuşdur.

Ulu öndər Heydər Əliyevin si­yasi hakimiyyətinin ikinci dövründə Xalq Cümhuriyyətinin əsl tari­xinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, şərəfli tarixi­nin yazılması, bu tarixin bütün yönləri ilə müasir nəsillərə çatdı­rılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi kimi məsələlər həyata keçirilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətini yaratmış, onun memarı, qurucusu və xilaskarı olmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasın­da varislik əlaqəsini təmin etmiş­dir. Heydər Əliyev siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl surətdə həyata keçirilir.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti bu gün də müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 85, 90 və 100 illik yubileyləri münasibətilə xalqa etdiyi müraciətlərdə, keçirdiyi rəsmi qəbullarda cümhuriyyət tarixinə yüksək qiymət vermiş, bu tarixin heç vaxt unudulmayacağı­nı, müstəqillik ideyalarının əbədi yaşayacağını dəfələrlə bildirmişdir.

Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin əyani ifadəsidir. Dövlət başçısı İlham Əliyev AXC-nin 100 illik yubileyi zamanı demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünya­ya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sa­diq olmasının bariz nümunəsidir”.

Xalqımız, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü ərazi bütövlüyümüzün bərpasından, tarixən milli varlığı­mıza, müstəqilliyin ilk günlərindən isə dövlət suverenliyimizə qənim kəsilmiş xəyanətkar erməni top­lumu üzərində tarixi Qələbədən doğan təntənə ilə qarşılayır. Ötən ilin payızında müqəddəs Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqın mono­lit birliyi şəraitində Qarabağın Ermənistanın işğalından azad edilməsi, düşmən üzərində misli görünməmiş Zəfər qazanılması çağdaş nəsillərin AXC irsinə və ənənələrinə sadiqliyinin təsdiqi və dövlətçiliyimizin möhtəşəm nailiyyəti oldu.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

"Xalq qəzeti"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: