Gürcüstanın “Adjara P.S.” qəzetində 28 May -Respublika Gününə həsr olunmuş məqalə dərc edilib

A- A A+

Gürcüstanın “Adjara P.S.” qəzetinin xüsusi buraxılışında 28 May – Respublika Gününə həsr olunmuş məqalə dərc edilib (https://adjaraps.com/?p=6101).

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğun təşəbbüsü ilə işıq üzü görən məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bildirilir.

Gürcü dilində işıq üzü görən məqalədə yeni qurulan AXC-nin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdiyi diqqətə çatdırılır.

Bildirilir ki, həmin dövrdə Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməklə xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi.

Diqqətə çatdırılır ki, AXC-nin ilk qərarlarından biri olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi şəraitində Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı ekspansiyasına yol açdı. 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://adjaraps.com/?p=6101

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: