“Infogate” agentliyi: Bu il Azərbaycan xalqı 28 Mayı öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir

A- A A+

Çilinin “Infogate” xəbər agentliyinin saytında Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun “Azərbaycan günü: Müsəlman Şərqində parlament tipli ilk demokratik dövlət” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyəti elan edilməsindən bəhs olunur.

Səfir qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqil və demokratik dövlət quruculuğunda, ilk parlamentin və hökumətin, hakimiyyət təsisatlarının yaradılmasında, ölkənin sərhədlərinin müəyyən edilməsində, ərazi bütövlüyünə və milli təhlükəsizliyə zəmanət verən yüksək döyüş hazırlığına malik hərbi hissələrin formalaşdırılmasında böyük uğurlar qazanıb.

R.Aslanov diqqətə çatdırır ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün mövcudluğunun ilk günlərindən ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar təqdim edərək etnik, dini və irqi bərabərsizliyi aradan qaldırıb. Şərqdə ilk dəfə olaraq və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib.

Qeyd olunur ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin tarixində dönüş anı oldu ki, bu qayıdış müstəqil dövlətin qurulmasına, iqtisadiyyatın bərpasına, demokratik tərəqqiyə zəmanət verirdi.

R.Aslanov vurğulayıb ki, zəngin dövlətçilik irsinə malik olan Azərbaycan xalqı özünün şanlı keçmişi ilə fəxr edir və ölkənin suverenliyi və ərazi bütövlüyü naminə hər cür fədakarlığa hazırdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bu qətiyyəti, sarsılmazlığı, tarixi irsə və mədəniyyətə bağlılığı bariz şəkildə nümayiş etdirir.

Azərbaycan diplomatının Çilinin xəbər agentliyinin saytında nəşr olunan məqaləsində qeyd olunur ki, Respublika Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu il Azərbaycan xalqı 28 Mayı işğal altında olan ərazilərini azad edərək, öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: