Ermənistanda siyasi böhranın seçkilərdən sonra da davam edəcəyi gözlənilir

A- A A+

Paşinyanla rəqiblərinin seçkiöncəsi qarşıdurması isə davam edir

Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam antoqonist xarakter almaqdadır. Tərəflərin biri-birlərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır.

Müxalifət mat vəziyyətindədir

44 gün davam edən Qarabağ müharibəsinin nəticələrini əsas götürən müxalifət etiraz aksiyaları təşkil edərək Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşmağa vadar edəcəyini düşünsə də, hadisələrin sonrakı gedişi bu qüvvələrin yanıldığını göstərdi. Müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası uğrunda hərəkat” çoxsaylı etiraz aksiyaları təşkil etsə də, cəmiyyətdən lazımi dəstək ala bilmədi. Xüsusən də müharibədə Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı qismində Nikol Paşinyanı təqdim edərək, cəmiyyəti baş nazirə qarşı qaldırmağa çalışsa da, buna nail olmadı.

Hakimiyyətdən narazı olan erməni cəmiyyətində müxalifətə də heç bir inamın olmadığı, bu düşərgəyə etimad göstərilmədiyi üzə çıxdı. Bundan istifadə edən Nikol Paşinyan cəmiyyətin hələ də onu dəstəklədiyini siyasi opponentlərinə nümayiş etdirmək məqsədilə ötən ilin dekabrında növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu məqsədlə parlamentdəki və parlamentdənkənar siyasi qüvvələri məsləhətləşmələrə dəvət etdi. Lakin “Vətənin xilası uğrunda hərəkat” növbədənkənar parlament seçkilərinin keçirilməsini Nikol Paşinyanın qatılmayacağı halda mümkün saydığını bildirdi.

Hadisələrin sonrakı gedişi yenə müxaliflərin yanıldığını göstərdi. Paşinyanın əsas rəqibləri olan keçmiş hərbi xunta rəhbərlərinin siyasi meyit olması üzə çıxdıqdan sonra ölkə generalitetinin hərbi çevriliş cəhdi də uğursuz oldu. Bundan sonra Paşinyan hərbi çevrilişə qarşı olan əksər aparıcı dövlətlərin dəstəyindən də istifadə edib ölkənin hərbi elitasında dəyişiklik etdi. Artıq ölkənin həm müdafiə naziri, həm də Baş Qərargah rəisi Paşinyana yaxın kadrlardır.

23 partiyalı və 4 bloklu seçkilər

Ermənistan gələn ayın 20-də baş tutacaq parlament seçkilərinə hazırlaşır. Artıq Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək 23 partiya və 4 bloku qeydiyyata alıb. Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir: “İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün partiyaların və blokların seçkiqabağı siyahılarının qeydiyyatı üçün sənəd qəbulu başa çatıb. 23 partiya və 4 blok qeydiyyata alınıb”.

Qeyd edək ki, iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ancaq partiya siyahıları, yəni proporsional seçki sistemi üzrə keçiriləcək, reytinq siyahıları artıq olmayacaq. O da xüsusi vurğulanmalıdır ki, budəfəki seçki böhran içində olan Ermənistanda növbəti dəfə siyasi qarşıdurmaya aydınlıq gətirilməlidir. Bu mənada iyun seçkiləri ilk olaraq keçmiş hərbi xunta ilə Nikol Paşinyan arasında həlledici mübarizə də hesab edilə bilər.

Sözügedən xuntanın təmsilçisi olan Robert Koçaryan seçkilərə “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları ilə bir blokda gedir. Sabiq prezident Serj Sarkisyan isə seçkiyə bu yaxınlarda onun ailə üzvlərinə qarşı cinayət işini aparan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetisyan ilə qatılır.

Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresi Partiyasının rəhbəri Levon Ter-Petrosyan da erkən parlament seçkilərində iştirak edəcək. Levon Ter-Petrosyan həm Paşinyana, həm də Robert Koçaryan və Serj Sarkisyana qarşı mübarizə aparır. Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb ola bilər: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”. Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.

Paşinyanın rəqibləri arasında ixtilaflar hökm sürür

Bu günlərdə isə Robert Koçaryan Levon Ter-Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var qüvvə ilə birlikdə mübarizə aparmağı təklif edib: “Mən birinci və üçüncü prezidentlərə bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli, uğura nail olacağıq və bu, ümumi uğur olacaq”. Koçaryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil: “Əgər sabiq prezidentlər bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar, bunu alqışlayacağıq”. Lakin artıq Ter-Petrosyan bu təklifi rədd edib.

Bütün bunlar Paşinyanın rəqibləri arasında ixtilafların hökm sürdüyünü göstərir ki, bu da indiki baş nazirin qələbə şansını artırır.

Bununla belə, 2018-ci il dekabr seçkilərindən fərqli olaraq Paşinyan üçün bu dəfə seçki çətin keçəcək. Buna baxmayaraq, o, son anda seçki nəticələrinə təsir edə biləcək kiçik də olsa nailiyyət əldə edə bilib. Belə ki, Ermənistanda bütün seçkilərdə yayğın olan və keçmiş qüvvələri illərdir hakimiyyətdə saxlamış səslərin satın alınmasının qarşısını almaq üçün bu ilin aprel ayında parlament Cinayət Məcəlləsinə səsverməyə məcburetmə və səslərin satın alınmasını cəzalandırmağı nəzərdə tutan əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib. Həmçinin Seçki Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni seçki əvvəlki kimi partiya ilə bərabər, partiya siyahısı üzrə namizədlərə səsvermə əsasında keçirilməyəcək, iyunun 20-də seçki tam proporsional qaydada keçiriləcək və seçicilər yalnız partiyalara səs verəcəklər ki, bu da Paşinyan üçün olduqca sərfəli hesab edilir.

Postseçki dövründə dərin siyasi böhran proqnozu

Ermənistandakı hazırkı siyasi vəziyyət və baş verən proseslər də Paşinyanın qalib gələcəyi ehtimalının daha yüksək olduğunu diktə edir. Təbii ki, bununla yanaşı, Paşinyanın komandası qələbə üçün əlindən gələn qanuni və qanunsuz addımları da atacaq. 20 iyun parlament seçkilərinin nəticələri qədər həmin seçkidən sonra ölkədə baş verəcək siyasi hadisələr də maraqlıdır. Paşinyan qalib gələrsə, onun öncə prezident Armen Sarkisyanla münasibətlərə aydınlıq gətirməyə çalışacağı gözlənilir. Çünki müharibədən sonrakı dövrdə, xüsusilə baş nazirin ordu rəhbərliyi ilə olan qarşıdurması zamanı prezident Paşinyanı birbaşa dəstəkləmədi. Ona görə də Paşinyan ölkədə mütləq hakimiyyətini bərqərar etmək istəyirsə, həlledici məqamlarda onun yanında deyil, qarşısında duran prezidentdən xilas olmalıdır.

Bunun üçün də böyük ehtimal ki, prezidentin növbədənkənar seçilməsi variantı gündəmə gələ bilər. Məlum olduğu kimi, Ermənistanın hazırkı qanunvericilik sisteminə görə, prezidenti xalq deyil, deputatlar seçir. Bu baxımdan parlamentdə mütləq çoxluğa malik olacaq partiyası vasitəsi ilə istəyini reallaşdırmaq Paşinyan üçün heç də çətin olmayacaq. Eləcə də Paşinyanın qatı və qəddar düşməni olan keçmiş hərbi xuntaya qarşı da sərt addımlar atması gözlənilir. Bu isə postseçki dövründə də Ermənistanın böhrandan xilas ola bilməyəcəyini göstərir.

 

 Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: