Muxtar respublikada dövlət miqrasiya siyasəti uğurla həyata keçirilir

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlib, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin muxtar respublikamıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmə niyyətini daha da artırıbdır. Sürətli sosial-iqtisadi tərəqqi, yeni iş yerlərinin, sosial obeyktlərin açılışı, investisiya imkanlarının genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin mütləq surətdə qorunması, eyni zamanda əlverişli coğrafi-strateji mövqedə və mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi muxtar respublikada miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib.

Bu baxımdan muxtar respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq, miqrasiya proseslərini qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək, həmçinin milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsi üçün 31 may 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidməti öz fəaliyyətinə uyğun olaraq miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi,  miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsində işlərin effektivliyinin daha da artırılması istiqamətində vəzifələrini müvəffəqiyyətlə davam etdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı zamanı bu mövzunun aktuallığını və əhəmiyyətini bir daha vurğulayaraq deyib: “Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir”.

Ötən dövr ərzində mühüm əhəmiyyətə malik Dövlət Proqramlarının vaxtında, dəqiq və uğurlu icrası Dövlət Miqrasiya Xidmətinin də fəaliyyətində diqqətdə saxlanılan prioritet vəzifələrdən biri olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər  həyata keçirilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nda nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün Naxçıvan Muxtar Respublikasında əlverişli mühitin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində də Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı sadələşdirilib, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılaraq şəxsən müraciətləri ilə yanaşı, elektron qaydada da müraciətləri təmin edilib. Həmin Proqramın icrasına uyğun olaraq.

Qeyd etmək lazımdır ki, bu gün muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri də əcnəbilərin qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Əminliklə deyə bilərik ki, bu gün muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarət operativ və keyfiyyətli şəkildə həyata keçirilir. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən maarifləndirilməsi istiqamətində də zəruri addımlar atılıb. Belə ki, sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunur. Həmçinin miqrasiya bölmələrinin əməkdaşları tərəfindən muxtar respublikaya səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə operativ qaydada şifahi olaraq hüquq və azadlıqları, vəzifələri ilə bağlı mühüm məlumatlar verilir, miqrasiya qanunvericiliyi ilə bağlı yarana biləcək istənilən çətinlik qarşısında müraciəetmə qaydaları ətraflı izah olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına bu gün muxtar respublikada miqrasiya sahəsində baş verə biləcək qanun pozuntuları minimum həddə çatıb.

30 ilə yaxın blokada şəraitində yaşamasına baxmayaraq, həyata keçirilən çoxşaxəli dövlət siyasəti nəticəsində hərtərəfli və dinamik inkişafa nail olunmuş və bu proses indi də davam etməkdədir. Muxtar respublikada siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən mühüm işlər, burada yaşamaq, işləmək, təhsil almaq, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayını ildən-ilə artırmaqdadır. Qeyd etmək lazımdır ki, aparılan uğurlu və məqsədyönlü siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib. Reallaşdırılan tədbirlərin məntiqi nəticəsi olaraq, Azərbaycan vətəndaşlığına qəbul və vətəndaşlığı bərpa edilənlərin sayı ildən ilə artmaqdadır.

Ötən dövrlər ərzində Xidmətin maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Belə ki, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilib və ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınmaları üçün lazımi şərait yaradılıb. Mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında “Elektron hökumət portalı” üzərindən elektron sənəd dövriyyəsinin aparılması ilə də ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib. Müasir dövrün çağırış və tələblərinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində mövcud xidmətlərin yeni formada, müasir tərzdə göstərilməsi, təmassız, onlayn rejimdə tətbiqinin genişləndirilməsi məqsədilə konkret sahələr üzrə 9 xidmət növünü əhatə edən “Elektron hökumət” formalaşdırılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda ölkə vətəndaşlarının istifadəsinə verilən həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.

Bu gün miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan elektron xidmətlərdən biri də Xidmətin rəsmi internet səhifəsidir. Üç dildə fəaliyyət göstərən, eyni zamanda ötən dövr ərzində funksionallıq və dizayn baxımından tamamilə yenilənərək müasir standartlara cavab verən Xidmətin rəsmi internet səhifəsində miqrasiya məsələləri ilə bağlı yaranan bütün suallara tam və obyektiv cavab tapmaq mümkündür. Elektron xidmətlərin göstərilməsi zamanı vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış “202 – Miqrasiya Məlumat Mərkəzi”nin rolunu da xüsusi qeyd etmək lazımdır. Məlumat Mərkəzinin fəaliyyəti miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət Miqrasiya Xidməti cari ildən etibarən həm elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, həm də insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq, onların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, habelə Xidmətə müraciətetmə imkanlarını genişləndirmək məqsədilə həm “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “İnstagram” (nmr_miqrasiya_xidmeti) səhifələrini ictimaiyyətin istifadəsinə verib. Bununla da sosial şəbəkə istifadəçiləri əlavə vaxt itkisinə yol vermədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə əlaqədar operativ olaraq müraciətlər göndərə, həmçinin Xidmətin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, hüquqi maarifləndirmə mövzularında məlumatlarla da daha yaxından tanış ola bilirlər.

Reallıqdır ki, bu gün əcnəbilərin muxtar respublikada rahat və təhlükəsiz hərəkət etmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər”. Fəaliyyət istiqamətlərində Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutan Dövlət Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsinə, eləcə də muxtar respublikamızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlar əldə etmələrinə daim xüsusi diqqət göstərir. Belə ki, muxtar respublikada müvəqqəti olan və yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir, onların tarixi abidələrə, muzeylərə və turizm obyektlərinə ekskursiyaları təşkil olunur. Təşkil olunan əksər tədbirlərdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunur ki, bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir. Reallaşdırılan tədbirlər bu gün miqrasiya sahəsində baş verə biləcək qanun pozuntularının xeyli azalması ilə nəticələnib.

 

Qeyd etmək lazımdır ki, bu gün muxtar respublikamızda insan hüquq və azadlıqlarının qorunması və təminatına xüsusi diqqətlə, həssaslıqla yanaşılır və bu istiqamətdə görülən işlər beynəlxalq standartlar səviyyəsinə çatdırılıb. Lakin bütün hallarda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri diqqətdə saxlanılan prioritet məsələdir. Dövlət Miqrasiya Xidməti ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində muxtar respublikanın təhlükəsizliyini təmin etmək üçün qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin qarşısının alınması istiqamətində ciddi addımlar atır, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxır, habelə zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində tədbirlər görür.

Dövlət Miqrasiya Xidməti həm də insan hüquq və azadlıqlarının, toxunulmazlıqlarının qarantıdır. Adından da göründüyü kimi muxtar respublikaya gələnlərin və buradan gedənlərin hüquqi tələblər və mənəvi dəyərlər çərçivəsində hüquqlarını qorumaq miqrasiya xidmətinin mahiyyətini təşkil edir. Muxtar respublikanın paytaxt şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti burada insan amilinə verilən yüksək dəyərlə yanaşı, həm də miqrantlara göstərilən qayğının növbəti təzahürüdür. Mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə hər cür lazımi şərait yaradılıb.  

Muxtar respublikamızda müasir tələblərə cavab verən miqrasiya xidmətinin yaradılması işi muxtar respublika rəhbərliyi tərəfindən bu gün də dəstəklənir, miqrasiya sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Qürur hissi ilə deyə bilərik ki, yaradılmasının 11 ili tamam olan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti muxtar respublikamızın inkişafı və tərəqqisi naminə Ali Məclis Sədrinin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlərə öz töhfəsini vermək üçün qarşıya qoyulan bütün vəzifələri uğurla icra edir. Hər zaman xalqa,  dövlətə və dövlətçilik ənənələrinə sadiq olan Xidmətin kollektivi bundan sonra da verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün bütün səy və bacarığını əsirgəməyəcəkdir.

                            

Dövlət Miqrasiya Xidmətinin

mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: