Malayziya qəzetində Azərbaycan və Türkiyə diplomatlarının Ermənistan səfiri ilə məqalə debatı maraqla izlənilir

A- A A+

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti artıq bir müddətdir ki, Azərbaycan və Türkiyə diplomatları ilə Ermənistanın Malayziyadakı səfiri Cunik Ağacanyan arasında davam edən silsilə məqalələr debatının növbəti buraxılışını dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sonuncu məqalə iyunun 2-də Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmov tərəfindən qələmə alınıb.

Qeyd edək ki, ilk dəfə aprelin 27-də “New Straits Times” qəzetində Azərbaycan diplomatının “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətindir” sərlövhəli məqaləsi dərc olunub. Yazıda müəllif Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin qonşu Ermənistanla sülh münasibətlərinin qurulması üçün cəsarətli və xeyirxah addımlarına baxmayaraq, bu ölkənin hərbi-siyasi rəhbərliyinin hələ də düşmənçilik məzmunlu “Böyük Ermənistan” ideologiyasının təsirindən qurtulmadığına, davakar münasibətini davam etdirməkdə maraqlı olduğuna, bu səpkidə törədilən bir sıra təxribatçı hərəkətlərə diqqət çəkib. Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yaratdığı imkanlar çərçivəsində Azərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyinə toxunub.

Azərbaycanlı diplomatın konstruktiv məzmunda ifadə etdiyi mətləblərə baxmayaraq, Ermənistanın iqamətgahı İndoneziyada yerləşməklə, Malayziyada akkreditə olmuş səfiri C.Ağacanyan sözügedən qəzetin 4 may tarixli buraxılışında Azərbaycan və Türkiyəni hədəfə alan, iki ölkəyə qarşı ifrat böhtan dolu məqalə ilə çıxış edib.

Bunun müqabilində Türkiyə Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Cem Baş Ermənistan səfirinin hiddət doğuran iftiralarına mayın 8-də “Ermənistan səfirinin illüziyaları” sərlövhəli məqalə ilə cavab verib. Türkiyəli diplomat öz yazısında Ermənistan səfirinin aqressiv milliyyətçiliyə kökləndiyini, onun mövcud ruhi vəziyyətinin ölkəsinin Azərbaycan ilə müharibədə rüsvayedici məğlubiyyətdən sonra daha da kəskinləşdiyinin ehtimal olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, müşavir C.Baş Ermənistanın 44 günlük müharibə zamanı azərbaycanlı mülki əhaliyə qarşı qəddar davrandığını konkret faktlarla göstərib, erməni siyasətçilərin uzun illərdən bəri Türkiyəyə qarşı əsassız iddialarla qarayaxma kampaniyası apardığını vurğulayıb, Birinci Dünya müharibəsi zamanı erməni silahlıları tərəfindən Türkiyədə qətlə yetirilən günahsız müsəlmanlardan bəhs edib.

Ermənistan səfiri Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını və böhtan dolu fikirlərini qəzetin 26 may tarixli buraxılışında dərc olunmuş məqaləsində davam etdirib.

İyunun 2-də “New Straits Times” qəzeti azərbaycanlı diplomatın “Sülh diplomatiyasına qarşı tarixdən sui-istifadə” başlıqlı məqaləsini dərc edib. Diplomatımız növbəti dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyinin təbliğat siyasətini və beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini ifşa edərək, səfir Ağacanyanın revanşist və nifrət dolu mövqeyini sərt tənqid edib. Erməni səfirin məqsədyönlü şəkildə Azərbaycan və Türkiyəni eyni anda hədəf seçərək xarici auditoriya qarşısında özünü “yalqız döyüşçü” kimi təqdim etməyə çalışdığını, lakin belə cəhdlərin artıq keçərsiz olduğunu bildirib. Ermənistanın uzun illər boyu beynəlxalq ictimaiyyətin birmənalı çağırışlarına məhəl qoymadığını və Azərbaycan torpaqlarını işğal altında saxladığını bildirən R.Rüstəmov bu illər ərzində qonşu ölkənin milli-mədəni irsimizə qarşı ən ağlasığmaz təxribat və vandallıqlar törətdiyini konkret faktlarla diqqətə çatdırıb.

Müəllif vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin göstərdiyi bütün xoşniyyət davranışa Ermənistan rəhbərliyi nəinki qarşılıq göstərməyib, hətta özündə kiçicik təşəkkür bəyanatı vermək cəsarəti tapmayıb.

Məqalənin sonunda Azərbaycan diplomatı vurğulayıb: “Ümumilikdə diplomatiyada, xüsusilə qonşuluq münasibətlərində etimad quruculuğu, ilk növbədə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və xalqların suveren hüquqlarına qarşılıqlı hörmətlə başlayır. Bu il mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində çıxışı zamanı bildirib ki, o, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkünlüyünə əmindir. Ən əsası, Azərbaycan Prezidenti açıq şəkildə vurğulayıb ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Lakin beynəlxalq ictimaiyyət bu günə qədər Azərbaycan Prezidentinin belə aydın və sülhyönümlü çağırışına Ermənistan hökuməti tərəfindən hər hansı aydın iradə ifadəsi eşitməyib”.

Qeyd edək ki, sözügedən məqalə debatı qəzetin oxucuları və Malayziyada geniş ictimai-siyasi dairələr tərəfindən böyük maraqla izlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: