XİN: İndoneziyada təkrar zəlzələdən xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsi araşdırılır
İndoneziyanın Lombok adasında avqustun 9-da təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, avqustun 6-da həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı.
“İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.
Turizm və ya digər məqsədlə hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyac duyan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər”, - deyə H.Hacıyev əlavə edib.