İndoneziyanın nüfuzlu “gpriority.co.id” saytı azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması barədə məlumat yayıb - FOTOLAR

A- A A+

İndoneziyanın nüfuzlu “gpriority.co.id” saytı iyunun 4-də azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olması barədə məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyevin həlak olması barədə ətraflı məlumat verilir. Bildirilir ki, faciə yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mina partlayışı nəticəsində KİV işçilərinin həlak olması barədə birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini minalamaqla Azərbaycan vətəndaşlarına qarşı cinayətkar əməllərini davam etdirirlər. Bu, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, törədilməsi və ya aparılması), 116.0.6-cı (silahlı münaqişə dövründə beynəlxalq humanitar hüququn pozulması) və başqa maddələri üzrə cinayət işi qaldırıb.

Məqalədə vurğulanır ki, Ermənistanın bu cür davranışı regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa nail olmaq yolunda ciddi maneə kimi qalmaqda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: