“The USA Tribune”: Almaniyada yeni lobbizm reyestri Albert Veylerin lobbiçilik səylərini pozacaq

A- A A+

Amerikada çıxan “The USA Tribune” qəzetində siyasi şərhçi Robert Qorovitsin “Almaniyada yeni lobbizm reyestri Albert Veylerin lobbiçilik səylərini pozacaq” sərlövhəli məqaləsi dərc olunub. Materialda Ermənistanın milli maraqlarına xidmət edən Almaniyadan olan pulla ələ alınmış qanunvericilərdən və alman hakimiyyət orqanlarının ölkənin siyasi sistemində korrupsiyaya nəzarət sisteminin zəif olmasından söhbət açılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalə müəllifi Almaniyanın Avropada qanunun aliliyinə və alman cəmiyyətinin çoxillik qanunyaratma və qanuna əməl etmə ənənələrinə hörmətə əsaslanan böyük iqtisadiyyata malik güclü demokratik dövlət olduğunu yazır. İkinci Dünya müharibəsi başa çatdıqdan, nasist Almaniyası mövcudluğuna son qoyulandan sonra Almaniyanın yeni hökuməti qlobal izolyasiyadan çıxmağa, özünün məhv olmuş iqtisadiyyatını və dağıdılmış infrastrukturunu bərpa etməyə çalışırdı. Bu məqsədə nail olmaq üçün ən doğru yol qayda-qanunun möhkəm təməli və beynəlxalq hüquq və normalara riayət etmək idi. Yalnız bir-birini əvəz edən Almaniya hökumətlərinin fədakarlığı və sədaqəti sayəsində almanlar sabit dövlət, güclü ordu, təhsilli cəmiyyət qurmağı bacardılar ki, bu da yekunda 1989-cu ildə Berlin divarının sökülməsindən sonra Qərbi Almaniyanı özünə çəkdi və ona hüququnu qaytardı.

R.Qorovits qeyd edir ki, Sovet İttifaqının süqutundan sonra Almaniya üç müstəqil dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanı tanıyan ilk qərb ölkələrindən biri oldu. BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və digər beynəlxalq hüquq normalarının müddəalarına ciddi şəkildə riayət edən Almaniya ölkənin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə dair özünün dəyişməz siyasətinə ardıcıl surətdə əməl edib. Beləliklə, rəsmi Berlin Gürcüstan və Azərbaycan ərazisində heç bir separatçı qurumu tanımadığını və tanımayacağını, həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edib. Lakin separatçılar və onların himayədarları lobbiçilik və korrupsiya vasitəsilə Almaniyanın hər hansı qanunvericilərinə yanaşmağa cəhd göstəriblər ki, həmin qanunvericilər Qafqazın suveren ölkələrinin ərazilərində oyuncaq rejimlərə hansısa legitimlik verə bilsinlər.

Beləliklə, Almaniya parlamentinin uzun illər Ermənistanın milli maraqlarının lobbiləşdirilməsi ilə məşğul olan deputatları siyasi etika və beynəlxalq normaların pozulmasına görə ən yüksək cəzasızlıqdan istifadə ediblər. Lakin burada təkcə ələ alınmış qanunvericiləri deyil, Almaniyanın siyasi sistemini və qanunlarını da təqsirləndirmək lazımdır. Almaniya hökumətinin dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin möhkəmlənməsinin dəstəklənməsini açıq şəkildə bəyan etməsinə baxmayaraq, Almaniyanın siyasi sistemi bütün bu illər ərzində ölkə daxilində Ermənistanın milli maraqlarının lobbiçiliyinə qanuni şəkildə nəzarət edə bilməyib. Alman siyasətçilər öz “sahibləri”nin seçimində demək olar ki, tamamilə sərbəst olublar və seçicilərinin deyil, onları “məvacib”lə və ya gəlirli işgüzar sövdələşmələrlə təmin edən başqa ölkələrin marağına uyğun şəkildə hərəkət ediblər.

Məlumdur ki, Bundestaqın pulla ələ alınan belə üzvlərindən biri Albert Veylerdir. Ermənilərin Almaniyada tanınmış siyasi lobbiçisi olan Veyler həm də artıq 6 ildir ki, getdikcə daha çox alman siyasətçisini Ermənistanın maraqlarının müdafiəsinə cəlb etməyə çalışan Alman-erməni forumunun təsisçisi və sədridir. Bundan əvvəl xəbər verilmişdi ki, onun ofisində çalışan Alla Serobyan da forumun idarə heyətinin üzvüdür. Veyler Türingiya federal əyalətindən seçilib. 2018-2019-cu illərdə Almaniyada, xüsusən də Türingiyada mütəşəkkil erməni mafiyasının mövcudluğu və onun forumla əlaqələri barədə məlumatlar yayılıb. Mafiyaya daxil olan erməni əsilli peşəkar boksçular Artur Abraham və Karo Murat forumun üzvləridir. Veyler 2013-cü ildən Bundestaqın deputatı olub. O, deputat olanadək yerli səviyyədə siyasətlə məşğul idi. Ehtimal etmək olar ki, onun federal siyasətdə ortaya çıxması erməni mafiyası tərəfindən təşviq edilib. 2014-cü ildə Azərbaycanın işğal edilmiş torpaqlarına ilk dəfə qeyri-qanuni səfər edəndən sonra Alman-erməni forumunu təsis edib. Bundestaqa yenidən seçiləndən sonra Veyler həm də “Almaniya-Cənubi Qafqaz” forumu sədrinin müavini olub, Almaniya kanslerinin Azərbaycana səfəri zamanı nümayəndə heyətinə daxil olaraq, süni surətdə siyasi qalmaqal yaratmağa cəhd edib.

Müəllif qeyd edir ki, digər ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda və Böyük Britaniyada mövcud olan sərt qanunlardan fərqli olaraq, Almaniyada heç vaxt lobbiçilərin etibarlı reyestri olmayıb.

Lakin bu ilin əvvəlində, Almaniya hökuməti tərəfindən 2021-ci il ərzində lobbi reyestrinin yaradılması barədə elanından sonra hər şey dəyişdi. Bu, ümumi əlçatan məlumat bazası olmalıdır ki, burada maraqlanan qrupların peşəkar təmsilçiləri qeydiyyatdan keçməlidirlər. Onlar Almaniyanın siyasi xadimləri və qanunvericiləri ilə əlaqə saxlamaq fürsəti almazdan əvvəl bunu etməlidirlər. Reyestr Bundestaqda olacaq, lobbiçilərdən öz adlarını göstərmələrini, lobbiçilik fəaliyyətləri qarşılığında onlara pul ödəyəcək müştəri və agentləri barədə ətraflı məlumat təqdim etmələrini tələb edəcək. Lobbiçilər, həmçinin bu işə cəlb olunan insanların sayı və xərclər barədə də məlumat təqdim etməyə məcbur olacaqlar.

Sonda R.Qorovits məqaləsində yazır ki, yuxarıda deyilənlər nəzərə alınarsa, bu, Albert Veyler kimi alman qanunvericiləri üçün üzücü xəbərdir. Çünki o, rüşvətlə ələ alınan digər deputatlara Ermənistanın maraqları çərçivəsində qeyri-qanuni hərəkətlər etmək kimi gəlirli təkliflərlə zəng etməmişdən əvvəl yaxşıca fikirləşməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: