Şəhid Əkbər Məsimovun nəşi Ağdaşda torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun hərbçisi, şəhid Əkbər Yunis oğlu Məsimov anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər və gənclər iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər, bizim əsgər!” şüarları səsləndirilib.

Şəhidin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib. Əkbər Məsimovun nəşi hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb, yaylım atəşi açılıb.

Məsimov Əkbər Yunis oğlu 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. O, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə həyata keçirilən intensiv əməliyyat-istintaq hərəkətləri nəticəsində Əkbər Məsimovun nəşi tapılaraq ailəsinə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: