Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq

A- A A+

Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra yeni rəhbərlik əvvəlki səhvlərindən nəticə çıxararaq bölgədəki sülh və sabitliyə yeganə yolunun qonşularla yaxşı münasibətdən, qonşuların torpaqlarına göz dikməkdənsə, onlarla yaxşı təmas qurmaqdan keçdiyini anlayacaq. Çünki Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra həm Türkiyə, həm də Azərbaycan bölgədə sülhə və sabitliyə nail olmaq üçün iradə nümayiş etdirir. Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarında bu barədə bildiriblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumunun yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən ifadə edib.

Regiondakı yeni münasibətlərin daha çox Ermənistan üçün faydalı olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, bu ölkə yanlış siyasət nəticəsində bölgədəki beynəlxalq layihələrdə iştirak etməkdən məhrum olub. Əgər Ermənistan sülh və sabitliyin yaranması istiqamətində səy göstərsə, onunla münasibətlərin qurulması üçün addımlar atıla bilər.

Şuşa Bəyannaməsindən danışan nazir diqqətə çatdırıb ki, bu sənəd iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. “Sənədin Şuşada imzalanması xüsusi məna daşıyır. Türkiyənin Şuşada Baş konsulluğunun açılması ilə Azərbaycan və Türkiyə bayraqları bu qədim şəhərdə yanaşı dalğalanacaq”, - deyə Çavuşoğlu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: