İtaliyanın nüfuzlu mətbuat orqanları Azərbaycanın gözəllikləri və turizm potensialından yazırlar

A- A A+

“Avro-2020” futbol üzrə Avropa çempionatı çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, mətbəxi, zəngin şərabçılıq ənənələri barədə İtaliyanın “La Repubblica”, “ANSA”, “GQ Italia”, “Stretto Web”, “Periodico Daily” və “Viaggi Europa” kimi çoxsaylı nüfuzlu mətbuat orqanlarında məqalələr dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “La Repubblica” qəzetində dərc olunmuş yazılarda ölkəmizin ev sahibliyi etdiyi oyunlar fonunda turistlər üçün maraqlı olan mövzulara toxunularaq Avropa və Asiyanın qovuşduğu, idmana yaxından bağlı, daima müasirləşən əsrarəngiz Bakı şəhərinin gözəlliklərindən bəhs edilib. Qəzetdə xüsusi olaraq ölkəmizin şərabçılıq ənənələri və bu sektorun inkişafı, bu sahədə turistlərin görməli olduqları məkanlar barədə məqalə işıq üzü görüb. Bununla yanaşı, qəzetin digər bir məqaləsi ölkəmizin maddi mədəniyyətinin ayrılmaz hissəsi olan ləziz Azərbaycan mətbəxinə həsr olunub və bir sıra mətbəx nümunələrimizdən (qutab, kabab, plov və sair) söz açılıb.

“CQ İtalia” tərəfindən dərc olunmuş məqalədə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək üçün Azərbaycana getməkdə maraqlı olan turistlərə Bakıda görməli olduqları məkanlar barədə bələdçilik edilib. Qeyd olunub ki, qədim ənənələrin müasirlik və dəbdəbə ilə sintezi olan gözəl Bakıda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər dövlət tarix-memarlıq qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Alov Qüllələri, Miniatür kitablar muzeyi kimi bir sıra gəzməli-görməli yerlər vardır.

“Stretto Web” informasiya portalı tərəfindən yazılmış məqalələrdə isə Bakının iqtisadi və texnoloji artımın sürətləndiyi, tezliklə əhəmiyyətli dərəcədə beynəlxalq aləmdə ön plana çıxacaq iddialı arxitektura layihələrini təqdim edən və Avropa izi olan bir kosmopolit şəhər olduğu bildirilib. Məqalədə oxuyuculara paytaxt Bakının qədim və müasir arxitekturası, əyləncə mərkəzləri barədə geniş məlumat verilib. Bununla yanaşı, məqalələrdə çempionata ev sahibliyi edən stadionlar arasında Azərbaycanın, eyni zamanda bütün qitənin ən müasir idman kompleksi olan, müasirliyin, avanqardın və mədəniyyətin təbliğinin simvolu sayılan Bakı Olimpiya Stadionunun xarakterik xüsusiyyətlərindən bəhs edilib.

“Periodico Daily” və “Viaggi Europa” xəbər portallarında da Şərqlə Qərbin kəsişməsi adlandırılan bənzərsiz Bakının möhtəşəm meydan və binaların, uca göydələnlərin, dəbdəbəli, o cümlədən məşhur “Made in Italy” brendlərinin satıldığı müasir butiklərin, çoxsaylı əyləncə məkanlarının mərkəzi olduğu diqqətə çatdırılıb. Habelə məqalələrdə müasir əzəmət və ənənənin cəlbedici birləşməsi kimi qiymətləndirilən Bakının gəzməli-görməli yerləri barədə də məlumat verilib.

İtaliyanın nüfuzlu “ANSA” agentliyi isə “Avro-2020” çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi fonunda Heydər Əliyev Mərkəzinin fotosunu bölüşüb.

Eləcə də, İtaliya Futbol Federasiyası “FIGC”in rəsmi səhifəsində yayılmış məqalədə isə Roma və Bakının Avropa Çempionatına ev sahibliyi etmək üçün seçilən şəhərlər arasında olduğu, onların fərqli olduqları qədər yaxın, unikal və xüsusi olduqları diqqətə çatdırılıb. Yazıda Bakının bu günə kimi çoxsaylı idman tədbirlərinə ev sahibliyi etdiyi, Şirvanşahlar sarayı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kimi qədim, Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm arxitektura nümunələrinə sahib olduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: