Birlik və həmrəyliyin zəfəri və zirvəsi - FOTOLAR

2060

Azərbaycan və Türkiyə münasibətlərinin çoxəsrlik təcrübəsində möhkəm qarşılıqlı etimad, aydın mövqe və amal birliyi həmişə hər şeydən üstün olmuşdur.

Türkiyə Cümhuriyyətinin böyük qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” sözləri ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz birliyi və həmrəyliyi aydın şəkildə ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu da Türkiyə və Azərbaycan arasındakı tarixi bağlılığı, bugünkü tale ortaqlığını, gələcəkdə də birlikdə olmaq zərurətini atalar sözü səviyyəsində mənalandırır.

Artıq Azərbaycanda olduğu kimi, Türkiyədə də ölkələrimiz arasında birlik və bərabərlik anlayışı ideologiya yox, ideal kimi qəbul edilir.

Ümumiyyətlə, dünya ölkələri, xüsusən də türk dünyası üçün örnək olan bu sarsılmaz birlik İkinci Qarabağ-Vətən müharibəsində daha da qabarıq şəkildə ifadə olunmuş və möhkəmlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Türkiyə Cümhuriyyəti ilə münasibətlər bərabərhüquqlu qardaşlıq və əməkdaşlıq səviyyəsinə çatmışdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkələrimiz arasında çoxcəhətli əlaqələrin daha da inkişaf etdirilməsi sahəsindəki qarşılıqlı addımları Azərbaycan-Türkiyə birliyinin inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Hazırda Azərbaycan-Türkiyə əlaqələri XXI əsrin ən mükəmməl Birlik və Həmrəylik modelinə çevrilmişdir.

Fikrimcə, 15 iyun 2021-ci ildə Milli Qurtuluş Günü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” görkəmli dövlət xadimləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin möhkəm dövlətçilik və cəmiyyət həyatının bütün sahələri üzrə Birlik ideallarının işığında parlaq şəkildə ifadə edilmiş ən mötəbər dövlət sənədidir. Bu, özünün strateji xarakterinə, siyasi-hərbi və iqtisadi əhəmiyyətinə görə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında son 30 ildə imzalanmış dövlətlərarası sənədlərin hamısının birlikdə yekunu və ümumiləşdirilmiş ifadəsi olmaqdan başqa, həm də bundan sonrakı bütün dövrlər üçün xalqlarımızın ortaq taleyini və birgə fəaliyyətini müəyyən edən xüsusi bir doktrinadır.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”  Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyətinin Birlik, Həmrəylik və Əməkdaşlıq manifestidir.

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında ayrı-ayrı zəruri və əhəmiyyətli sahələrdə deyil, bütün istiqamətlər üzrə həmrəylik və əməkdaşlığın, ortaq birgə fəaliyyətin strategiyası və taktikasıdır.

Şuşa Bəyannaməsinin preambula hissəsindəki “ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək” sözləri və eyni zamanda “müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək” müddəaları müstəqillik münasibətləri haqqında müqavilənin miqyasını, əhatə dairəsini nümayiş etdirir.

Azərbaycanın və Türkiyənin strateji reallıqlarını və hədəflərini ifadə edən Şuşa Bəyannaməsi siyasi dillə ifadə olunan Birlik və Əməkdaşlıq marşıdır.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün ortaq təhlükəsizlik haqqında birgə fəaliyyət proqramıdır.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannamə”sində öz əksini tapmış aşağıdakı müddəalar Azərbaycan və Türkiyə dövlətlərinin ortaq taleyinin və maraqlarının hərbi cəhətdən birlikdə müdafiə olunmasının qarantı kimi səslənir: “Tərəflərdən hər hansı birinin fikrincə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və təcavüz edildiyi təqdirdə Tərəflər bir-birlərinə... BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər... Birgə tədbirlərin görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində mətbuat konfransındakı bəyanatında müdafiə və hərbi sahədə Türkiyə Cümhuriyyəti ilə birgə fəaliyyətin təmin edilməsini müttəfiqlik münasibətləri haqqında müqavilənin xüsusi əhəmiyyətə malik olan əsas müddəalarından biri kimi qiymətləndirmişdir. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, işbirliyi məsələsidir. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu bəyannamədə öz əksini tapıb. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da belə olacaqdır.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Qarabağ-Vətən müharibəsindəki qələbəmizdən sonra yaratdığı yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar yer almış müddəadır. Bu, müqavilənin həm region, həm də beynəlxalq birlik üçün mühüm əhəmiyyətə malik olmasının əsas göstəricilərindən biridir.

Şuşa Bəyannaməsi bolşeviklərin hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl - 28 oktyabr 1920-ci il tarixdə zorla və ədalətsiz şəkildə Azərbaycandan qopararaq daşnak Ermənistanının ərazisinə qatdığı Zəngəzur bölgəsinin kommunikasiya baxımından regionda yaratdığı problemlərin müasir dövrdə aradan qaldırılmasına hüquqi baxımdan təkan verir. Bu bəyannamə Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Türkiyə dövlətlərinin birgə siyasi iradəsini meydana qoyur. Şuşa Bəyannaməsindəki aşağıdakı müddəalar Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırmaqla bərabər, onun reallaşacağına da nikbin baxmağa əsas yaradır: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının Qərb regionları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasına və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə töhfə verəcəyini qeyd edirlər”.

Bu isə öz növbəsində illərdən bəri haqqında söhbət gedən Naxçıvan-Qars dəmir yolunun çəkilişinin də real olaraq gündəmə gətirilməsi və Zəngəzur dəhlizinin Bakı-Tbilisi Qars dəmir yolu ilə birləşdirilməsi deməkdir. Beləliklə, Şuşa Bəyannaməsinin işığında dünya ölkələrinin böyük maraq göstərdiyi Zəngəzur dəhlizinin yeni beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsi həll ediləcəkdir.

Bütün bunlara əsasən daşıdığı siyasi əhəmiyyətinə, beynəlxalq miqyasına, tərkibindəki hərbi və iqtisadi müttəfiqlik haqqında olan mühüm müddəalarına və nəhayət, uzunmüddətli, daha doğrusu, müddətsiz, əbədi xarakterə malik olmasına görə “Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” haqlı olaraq bundan yüz il əvvəl, 13 oktyabr 1921-ci il tarixdə Türkiyənin Qars şəhərində imzalanmış Qars müqaviləsi ilə müqayisə edilir.

Əlbəttə, Qars müqaviləsi Rusiyanın iştirakı ilə bir neçə dövlət - Azərbaycan, Ermənistan və Gürcüstanla Türkiyə arasında bağlanmış müqavilə olduğu, beynəlmiləl xarakter daşıdığı üçün “Dostluq Müqaviləsi” adlandırılmışdır. Qars müqaviləsi ilə imzalandığı tarixi dövrdə çox mühüm olan Cənubi Qafqaz respublikaları arasında ərazi və sərhəd mübahisələrinə son qoyulmuş, Türkiyə ilə münasibətlər tənzimlənmiş, qarşılıqlı etimad və əməkdaşlıq üçün real təminat əldə olunmuşdur.

Bununla belə, “Dostluq Müqaviləsi” adlandırılmasına və geniş mənada Cənubi Qafqaz respublikalarına dair mühüm müddəaları əhatə etməsinə baxmayaraq, Qars müqaviləsinin mətnində bir sıra məsələlərdə Azərbaycan-Türkiyə münasibətlərində müttəfiqlik məsələləri də öz əksini tapmışdır. Belə ki, Qars müqaviləsinin 5-ci maddəsindəki Naxçıvana Azərbaycan tərkibində muxtar ərazi statusu verilməsinin təsbit edilməsinə və muxtar respublikaya xarici təhdidlərin olduğu təqdirdə Türkiyənin “təminatçılıq” missiyasını yerinə yetirməyə səlahiyyətli olmasına dair müddəalar bu tarixi sənəddə sadəcə dostluq münasibətlərinin yox, müttəfiqlik vəzifələrinin də nəzərə alındığını göstərir.

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən 22-24 mart 1992-ci il tarixdə Türkiyə Cümhuriyyətinə etdiyi tarixi səfər zamanı qardaş ölkənin dövlət rəsmiləri ilə görüşləri çərçivəsində türk mediası vasitəsilə məşhur Qars müqaviləsinin Naxçıvan haqqındakı maddələrini dünya ictimaiyyətinə çatdırmaqla təcavüzkar Ermənistanı beynəlxalq hüquq normalarına əməl edərək dövlət sərhədlərimizin toxunulmazlığına riayət etməyə çağırmışdır. Qars müqaviləsinin zaman-zaman gündəmə gətirilməsi Qafqazda münaqişələrin həllində bu beynəlxalq sənədin keçmişdə olduğu kimi indi də, bundan sonra da həlledici hüquqi statusa malik olduğunu diqqət mərkəzinə çəkir.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin Azərbaycanla Türkiyənin birliyinə və əməkdaşlığına geniş strateji imkanlar açması nəticə etibarilə dünyada və Qafqazda, o cümlədən türk dünyası coğrafiyasında sülhün, qarşılıqlı etimadın və birgə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Bəyannamədə Azərbaycan və Türkiyənin birlikdə məsul vəzifə kimi üzərinə götürdüyü regional səviyyədə sülhün və sabitliyin təmin edilməsindən başqa, “Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyət üzrə regional və beynəlxalq müstəvidə səyləri birləşdirmək” missiyasının da xüsusi bir sətirdə qeyd olunması müttəfiqlik müqaviləsinin əhatə dairəsini, masştabını təsəvvür etməyə imkan verir.

Bu mənada Azərbaycanla Türkiyə arasında bağlanmasına baxmayaraq, Şuşa Bəyannaməsi regional yox, mühüm siyasi-tarixi əhəmiyyətə malik olan beynəlxalq müqavilə xarakteri daşıyır.

Bundan başqa, adından da göründüyü kimi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütövlükdə iki qardaş ölkənin müttəfiqliyi məsələlərinin bütün istiqamətlərini özündə cəmləşdirir. Şuşa Bəyannaməsi qardaş ölkələrin beynəlxalq təşkilatlarda ortaq mövqe nümayiş etdirməsindən siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrinə qədərki bütün istiqamətlər üzrə birgə fəaliyyətinə hüquqi təminat verir.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” miqyasına və mahiyyətinə görə müqavilələr külliyyatıdır. Bu mənada Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlər üzrə ən yüksək zirvə səviyyəsinə çatdığını nümayiş etdirir.

Qars müqaviləsi XX əsrin əvvəllərində Türkiyənin Azərbaycan Sovet Respublikasına hərbi-siyasi dəstəyinin ifadəsi idi.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında tam və hərtərəfli müttəfiqlik müqaviləsidir.

Şuşa Bəyannaməsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uzaqgörənliyinin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” təliminin siyasi-diplomatik cəhətdən əsaslandırılmış və yeni dövrün meydana çıxardığı zəruri əlavələrlə zənginləşdirilmiş və daha böyük gələcəyə ünvanlanmış reallıqlarını əks etdirən dövlətlərarası müqavilədir.

Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaq əsəridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında Şuşa Bəyannaməsi haqqındakı mülahizələri müttəfiqlik münasibətləri haqqında müqavilənin mahiyyətini və tarixi əhəmiyyətini dolğun şəkildə ifadə edir: “Bu gün imzalanmış birgə bəyannamə... əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir... Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır... Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk... Müttəfiqlik haqqında imzalanan birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük səmimiyyət və inamla deyilmiş sözləri də bütün mənaları ilə birlikdə, həm də birlik və əməkdaşlığa dərin inam ifadə etməsi ilə səciyyələnir: “Bu gün, əziz qardaşımın dediyi kimi, xüsusilə “Bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addım atdıq... Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza davam edəcəyik.

Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkənin deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Azərbaycan Respublikasının Milli Məclisində çıxışında da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinə və birgə bəyannaməyə yüksək qiymət vermişdir: “Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kəs narahat olmasın. Çünki bu, fəlakətin deyil, insanlığın, zülmün deyil, ədalətin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir”.

Bütün bunlara görə Şuşa Bəyannaməsinin 15 iyun 2021-ci il tarixdə, Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Milli Qurtuluş Günündə imzalanması heç də təsadüfi olmayıb, bu mötəbər sənədin də öz mahiyyətinə görə milli qurtuluşun daha da möhkəmləndirilməsinə xidmət edən, Türkiyə ilə münasibətlərin gələcək inkişafına təminat verən siyasi-diplomatik akt olduğunu nümayiş etdirir.

Müttəfiqlik münasibətləri haqqında bəyannamənin erməni işğalından azad edilmiş Şuşa şəhərində imzalanması Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizə və xalqımıza qazandırdığı növbəti tarixi Zəfərdir.

Ümumiyyətlə, 15 iyun 2021-ci il tarixdə, Milli Qurtuluş günü Şuşa şəhərində həyata keçirilən ictimai-siyasi və mədəni tədbirlər müstəqillik dövrü Azərbaycan tarixinin böyük və mühüm, təkrarsız hadisələridir. Məhz Milli Qurtuluş Günündə Şuşa şəhərində Türkiyə Cümhuriyyətinin Baş Konsulluğunun açılmasına dair rəsmi məlumatın səslənməsi bir neçə cəhətdən mühüm əhəmiyyətə malikdir. Əvvəla, Şuşada Türkiyənin diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi Qarabağda sülhün və əməkdaşlığın inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə qardaş ölkənin növbəti bir dəstəyinin ifadəsidir.

İkincisi, Şuşadakı Türkiyə Baş Konsulluğu Qarabağın yenidən qurulmasında yaxından və geniş şəkildə iştirak edən Anadolu şirkətlərinin, türk iş adamlarının fəaliyyətlərinin daha rahat, asan və səmərəli şəkildə öz işlərini qurmalarına, yaxın gələcəkdə isə turistlərin gəlib-getməsinin asanlıqla təşkilinə şərait yaradacaqdır.

Üçüncüsü və ən mühümü isə, Şuşadakı Türkiyə diplomatik korpusu Qarabağdakı türk sülhməramlıları ilə bərabər, yaxud paralel çalışaraq regionda Azərbaycanın hüquqlarının və maraqlarının qorunmasına və möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Şuşa Bəyannaməsinin imzalandığı gündə - 15 iyunda Cıdır düzündə təşkil edilmiş möhtəşəm kompozisiya ilk növbədə Milli Qurtuluşun və Qarabağın qurtuluşunun, həm də Böyük Qayıdışın böyük təntənəsi idi. Bu, - “Musiqi irsi və Qarabağ atları” kompozisiyası Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfərin şərəfinə həsr olunmuş böyük qala konsert kimi də xüsusi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsindən sonra Cıdır düzündə nümayiş etdirilən Çovqan oyunu və yallı rəqsi Azərbaycan-Türkiyə qardaşlığının şərəfinə təşkil edilmiş möhtəşəm konsert kimi də cəlbedici və əhəmiyyətlidir. Bir sözlə, xüsusi məsuliyyətlə, yüksək səviyyədə hazırlanmış Cıdır düzü Qala Konserti Azərbaycan Respublikasının yeni tarixi epoxadakı böyük mədəniyyət hadisəsi idi.

“Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin qəbul edilməsi və yaşanan şanlı tarixi günlər Azərbaycan - Türkiyə münasibətlərinin, Qardaşlıq, Birlik və Həmrəyliyimizin böyük təntənəsi, mühüm Zəfəri və Zirvəsidir.

Azərbaycan və Türkiyə birlikdə Zəfərlərdən Zəfərlərə doğru aparan tarixi yolu müasir dövrdə şərəflə, məsuliyyətlə və uğurla davam etdirməkdədir.

Azərbaycan və Türkiyə Birliyi və Əməkdaşlığı dünyaya və regiona, ölkələrimizə yalnız sülh, əmin-amanlıq, həmrəylik, yeniləşmə və inkişaf vəd edir. “Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən çıxan möhtəşəm nəticə bundan ibarətdir.

Bir sözlə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” beynəlxalq və regional müstəvidə yeni reallıqları meydana qoyur. Bu yeni tarixi mərhələnin reallıqları daha sabit həyata və dinamik inkişafa tam təminat verir.

 

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: