Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi Ermənistana elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar

A- A A+

Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində söyləyib.

İkinci Qarabağ müharibəsinin şanlı tarix olduğunu bildirən dövlətimizin başçısı deyib: “Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar”.

Müharibə nəticəsində Ermənistan ordusunun məhv edildiyini qeyd edən Prezident İlham Əliyev bununla bağlı rəqəmləri bir daha diqqətə çatdırıb.
“Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”, - deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: