“İslamabad Post” qəzetində Azərbaycan-Pakistan hərbi əməkdaşlığı barədə məqalə dərc olunub

A- A A+

Nüfuzlu “İslamabad Post” qəzetində Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq haqqında məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üzrə mütəxəssis olan Mehmud Al Həsən Xanın müəllifi olduğu məqalədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, səfər zamanı əsas müzakirə mövzusu olmuş hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair məsələlər diqqət mərkəzində olub.

Müəllif yazır ki, bu səfər iki qardaş ölkə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Qeyd olunub ki, sıx tarixi, mədəni və dini bağlığı olan Azərbaycan və Pakistan strateji tərəfdaş kimi müxtəlif istiqamətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq edir.

Məqalədə sürətlə dəyişən geosiyasi və geostrateji reallıqlar fonunda Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq üçün yeni perspektivlər yarandığı vurğulanıb. Bildirilib ki, bu məsələlər iki ölkənin rəsmiləri səviyyəsində davamlı müzakirə olunur. Müəllif ordu generalı Qamar Caved Bacvanın Azərbaycana uğurlu səfərini də bu kontekstdə təqdim edir.

Yazıda, həmçinin qeyd olunub ki, İkinci Qarabağ savaşından sonra Azərbaycana səfər edən Pakistan rəsmiləri işğaldan azad edilmiş ərazilərin bərpası məsələlərinə dair təcrübələrini bölüşüblər.

Bundan başqa, iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığından, Azərbaycanın Pakistan istehsalı olan hərbi təyinatlı məhsulların idxalına marağından, eləcə “İstiqlal” snayper tüfəngi də daxil olmaqla, çətin relyefdə döyüşlər üçün Azərbaycan istehsallı atıcı silahların Pakistan Silahlı Qüvvələrinin silahlandırılmasına daxil edilməsi imkanlarından söz açılıb.

Ekspert Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli dialoqa toxunaraq, bunun güclü əməkdaşlığın təməlini təşkil etdiyini yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: