Xəzərin statusu haqqında Konvensiya Azərbaycanın beynəlxalq tranzit ölkəsi kimi rolunu daha da gücləndirəcək

A- A A+
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrin məntiqi nəticəsidir. NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunu təsbit edən Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, onun dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, elmi tədqiqatlar, hərbi əməkdaşlıq, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi məsələləri yer alır. Onun sözlərinə görə, Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist Zirvə toplantısının gedişini izləyirdi. Əlbəttə bu, həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kubmetr qaz ehtiyatları var. “Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər. Bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə imkan verəcək. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın Transxəzər Kəmərinə ciddi maneə törədirdi”,- deyə R.Qonaqov bildirib. O qeyd edib ki, sənədə əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Sammit çərçivəsində, həmçinin mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalanıb. Azərbaycanın bu sənədin hazırlanması prosesindəki fəal rolundan bəhs edən BMAM-ın sədri deyib: “Dövlətimizin başçısının Zirvə toplantısında qeyd etdiyi kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Əminəm ki, Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirəcək, iqtisadi qüdrətini daha da artıracaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: