NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Bu gün həmin qəhrəmanlıq tarixindən 5 il ötür.
Vurğulanıb ki, əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Bu zaman 251 şəhid verən qardaş Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyib. Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.
Baş konsulu Məhmət Emin Kiraz onu da bildirib ki, hər dəfə olduğu kimi 15 iyul gecəsi də qardaş Azərbaycan Respublikası Türkiyə Respublikasına öz dəstəyini göstərib. Konsul hər zaman göstərilən dəstəyə görə minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları 2016-cı il 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını alınması zamanı çəkilən fotolardan ibarət sərgi ilə tanış olublar.
Ərhan Novruzov