Azərbaycanın Şuşa şəhəri. Burada təbiət özü-özlüyündə çox şey deyir, milli irs və abidələr min illər əvvəlki tarixə şahidlik edir. Şəhər Azərbaycanın qərbində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə salınıb. Şuşa Qırxqız, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatə olunub. Bu mövqeyi onu təkcə Qarabağda deyil, bütün Qafqazda ən gözəl məkana çevirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Əlcəzairin “əl-Hərir” xəbər portalında dərc edilən “Qafqazın ən gözəl məkanı olan Şuşa gözəl ruhunu geri qaytarır” sərlövhəli məqalədə yer alıb.
Misirli jurnalist Husam Əbdüləlimin müəllifi olduğu məqalədə Qarabağın döyünən ürəyi Şuşa şəhərinin təbiəti və abidələri, eləcə də burada aparılan bərpa-tikinti işləri haqqında məlumat verilir. Qeyd edilir ki, xalqımızın xüsusi məhəbbət və sevgi bəslədiyi bu şəhər 30 il idi tərk edilmiş vəziyyətdə idi. Azərbaycanın işğal edilmiş əraziləri kimi, Şuşa da ötən ilin sonlarında işğaldan azad edilib. Uzun müddət işğal altında qalsa da, Şuşa öz gözəlliyini, əsrarəngiz təbiətini qoruyub saxlayıb. Şuşadan fərqli olaraq, geri qaytarılmış digər rayonlarda daş üstə daş qalmayıb. Həmin rayonlarda minlərlə ev dağıdılıb, onların yalnız izləri və ya dağıntıları qalıb. Halbuki, vaxtilə bu bölgədə bir milyona yaxın insan yaşayıb. Onlar 1990-cı illərin əvvəllərində doğma yurd-yuvalarından didərgin salınıblar.
Yazıda bildirilir ki, 17 məhəllədən ibarət olmuş Şuşanın hazırkı mənzərəsi çox fərqlidir. İndi Azərbaycan hökuməti şəhəri inkişaf etdirmək, onun əvvəlki ruhunu qaytarmaq üçün strateji planın icrasına başlayıb. Plana əsasən, Şuşa dünyada ən böyük turizm və kurort şəhərinə, eləcə də daxili və xarici turizm üçün müalicəvi istirahət mərkəzinə çevriləcək. Şəhərdə inkişaf və yenidənqurma prosesinə artıq start verilib. Oradakı qədim tarixi tikililər, eləcə də 3 qədim məscid və 1 kilsənin təmiri aparılır..
Müəllif yenidənqurma işlərinin Azərbaycanın azad olunmuş digər rayonlarında da sürətlə davam etdiyini qeyd edir, Şuşa şəhərindən 80 kilometr məsafədə yerləşən Füzuli Beynəlxalq Hava Limanının, eləcə də avtomobil yollarının, digər infrastruktur layihələrinin həyata keçirilməsinin regionda iqtisadi inkişafa töhfə verəcəyini bildirir.