Xarici blogerlər Qarabağ və işğaldan azad olunmuş digər bölgələrimiz haqqında videopaylaşımlarını davam etdirirlər - FOTOLAR

A- A A+

Xəbər verdiyimiz kimi, bir qrup xarici bloger mayın sonunda “Show Me Azerbaijan” layihəsi çərçivəsində ölkəmizə səfər edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər zamanı işğalın ağır nəticələri, Qarabağda gördükləri barədə sosial mediada paylaşımlar edən blogerlərin bir neçəsi təəssüratları ilə bağlı xüsusi videolar hazırlayaraq özlərinin “YouTube” kanallarında paylaşmağa davam edirlər. Amerikalı videobloger Doug Barnard işğaldan azad olunmuş ərazilərimizə səyahəti ilə yanaşı, son bir həftə ərzində Azərbaycan mədəniyyətini, tarixini və təbiətini əks etdirən daha bir neçə video yayıb.

Əlcəzairli videobloger Kuas Xubey ərəb dilində olan və bir neçə gün öncə yayımladığı videoçarxda özünün çəkdiyi dron görüntülərindən də istifadə edərək, işğaldan azad olunmuş Ağdam şəhərində və Füzulinin Qarğabazar kəndində gördüyü misilsiz dağıntıları və barbarlıqları izləyicilərinə təqdim edib. Səfərdə iştirak edən məcburi köçkün Fəxrəddin Hacıyevin 28 il sonra ilk dəfə doğma şəhəri Ağdama qayıdışı və dağıdılmış evini Xubeyin idarə etdiyi dronla tapması ilə bağlı video izləyicilərin böyük marağına səbəb olub. Xubey daha əvvəl belə vəziyyətlə rastlaşmadığını qeyd edib.

Xatırladaq ki, “Show Me Azerbaijan” layihəsi İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib və layihədə 8 ölkədən 13 sosial media fenomeni iştirak edib. Layihənin təşkil edilməsində əsas məqsədlərdən biri beynəlxalq ictimaiyyəti azad edilmiş ərazilərimizdəki mövcud vəziyyət, işğalın ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və vandallıqlar ilə yaxından tanış etmək olub. Təkcə “YouTube” platforması üzərindən yarım milyona yaxın insan videobloqları izləyib və bu say hər gün artmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: