Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub

A- A A+

Aprelin 30-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

Əvvəlcə Məşğulluq haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə məşğulluq sahəsində bu qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Bildirilib ki, məşğulluq sahəsində dövlətin müəyyən vəzifələri var. Həmin vəzifələrə məşğulluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanması, əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində şəxslərin öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması, işsizlikdən icbari sığortanın tətbiqi, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi və sairə daxildir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə, bu Qanuna, məşğulluq sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimlənir. İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə əlaqədar tədbirlər “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

Sonra deputatlar Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakter daşıyır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: