İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş zamanı bildirib.
Ötən ay YAP nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı AKP ilə əməkdaşlığa dair niyyət protokolunun imzalandığını xatırladan Tahir Budaqov sənədə əsasən qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətinin ölkəmizə səfəri də bu məqsədə xidmət edir. “Səfər zamanı AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi: Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirəcək. Konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq”, - deyə T.Budaqov əlavə edib.