Türkiyə mediası azərbaycanlı yanğınsöndürənlərin fədakarlığından yazır - VİDEO
Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan göndərilən yanğınsöndürənlər qardaş ölkədə böyük sevgi ilə qarşılanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının da diqqətindən kənarda qalmayıb.
“CNN Türk” telekanalı qəzetlərdə gündəlik çıxan xəbərləri incələyərkən azərbaycanlı yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib. Proqramda “Türkiye” qəzetinin “Azərbaycan heyəti yanğından yanğına qaçır” başlıqlı yazısına xüsusi diqqət çəkilib. Proqramın aparıcısı yanğınsöndürənlərimizin Ana Vətənlərindəki kimi çalışdıqlarını xüsusi qeyd edib.
Bu arada, “Türkiye” qəzetinin sözügedən yazısında Azərbaycanın hər çətin zamanlarda yanında olan Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı vurğulanır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarında dəstək üçün qardaş ölkəyə 93 yanğınsöndürən maşın, bir helikopter və 710 nəfərlik heyət göndərib. Tapşırıqdan tapşırığa qaçan heyətin 200 nəfərlik hissəsi Aydın vilayətinin Çine bölgəsində yanğın söndürmə işlərinə qatılıb.
“Sabah” qəzeti də yanğınsöndürənlərimizin xidmətinə biganə qalmayıb. Qəzet yazır ki, “azərbaycanlı yanğınsöndürənlər eyni dili danışdıqları Türkiyədə yerli xalqla dialoq qurmaqda da heç bir çətinlik çəkmirlər”.
“Takvim” qəzeti isə yazır ki, “Türkiyə Qarabağda qardaşlarını yalnız buraxmadı, Azərbaycan heyəti də Egedə yanğınların üzərinə atıldı. İki ölkənin qardaşlığını yenidən təsdiqlədi”. Yazıda daha sonra qeyd olunur ki, “azərbaycanlı qardaşların qazma-bellə dağlarda yanğınla mübarizəsi göz oxşayır”.
Qeyd edək ki, Türkiyədə sosial mediada sadə vətəndaşlar da göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar və yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər.