Misirin nüfuzlu qəzetləri Ermənistanın hərbi təxribatlarından yazıb

A- A A+

Misirin nüfuzlu “Əl Əhram” və “Əl Masr Əl Yom” qəzetlərində son günlər Ermənistanın törətdiyi hərbi təxribatlardan bəhs edən materiallar dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, dərc olunan materiallarda bildirilir ki, Azərbaycanın Müdafiə Nazirliyi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmasının təmin olunmadığını bəyan edib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi son günlər ərzində Ermənistanın üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qurması hallarını müşahidə edib və buna qarşı adekvat tədbirlər görülür.

Yazılarda qeyd olunub ki, Azərbaycan Müdafiə Nazirliyi bütün bunların Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verdiyini vurğulayıb, Rusiya sülhməramlı qüvvələrinin üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymasını tələb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: