Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən Vətənə qayıdıb - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə qayıdıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Qeyd edək ki, onlar Türkiyə- Gürcüstan- Azərbaycan dövlət sərhədi yolu ilə ölkəyə qayıdıblar.
Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.